→ İDMAN  /  Bütün xəbərlər  /

Məğlubedilməz Teymur Rəcəbov

Qrossmeyster Teymur Rəcəbov Hollandiyanın Veyk-an-Zeye şəhərində finişə çatmış XXI kateqoriyalı ənənəvi turnirdə keçirdiyi 13 görüşdə bir dəfə də uduzmamış və yarışı məğlubiyyətsiz başa vuran yeganə iştirakçı olmuşdur.
On oyunda rəqibləri ilə heç-heçəyə razılaşıb, üç görüşdə David Navara (Çexiya), Sergey Karyakin (Rusiya) və həmyerlisi Vüqar Həşimova qalib gələn Azərbaycan şahmatçısı 13 mümkün xaldan 8 xal toplayaraq onunla eyni nəticə göstərmiş norveçli Maqnus Karlsen və italiyalı Fabiano Karuana ilə ikinci-dördüncü yerləri bölüşdürmüşdür. Bu üçlük birinci yeri tutan Levon Aronyandan 1 xal geri qalmış, turnir cədvəlinin beşinci-altıncı pillələrində qərar tutmuş ukraynalı Vasili İvançuk və ABŞ təmsilçisi Hikaru Nakamuranı isə yarım xal qabaqlamışdır.
Rəcəbovun superturnirdə müvəffəqiyyəti ona öz reytinqinə daha 11,4 xal əlavə edib bu göstəricisini 2773-dən 2784,4-ə çatdırmaq imkanı vermişdir.
Həşimov isə turnirdə 5 xal toplayaraq şahmat tacı uğrunda qarşıdakı matçda hazırkı dünya çempionu Vişvanatan Anandın (Hindistan) rəqibi olacaq israilli Boris Gelfand və keçmiş dünya çempionu bolqar Veselin Topalovla 10-12-ci yerləri bölüşdürmüşdür.

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

1 Fevral 2012, Çərşənbə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar