→ SOSİUM  /  Bütün xəbərlər  /

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə əməkdaşlığı genişlənir

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının dövlət orqanlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən fəaliyyətlərlə bağlı apardığı monitorinqin nəticələri açıqlanmışdır.
Monitorinqin nəticələrinə əsasən, 2011-ci ildə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində səmərəli fəaliyyət göstərən 3 dövlət orqanından biri kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müəyyən edilmişdir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, ƏƏSMN dövlətimiz üçün strateji əhəmiyyət kəsb edən hədəflərə çatmaq, eyni zamanda, şəffaflığın artırılması istiqamətində görülən işlərdə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. 2011-ci ilin ortalarında nazirlik yanında ixtisaslaşmış vətəndaş cəmiyyətlərinin nümayəndələrinin təmsil olunduğu İctimai Şura yaradılmışdır.
İctimai Şurada təmsil olunan vətəndaş cəmiyyəti institutları ilə birgə sosial qanunvericiliyin təkmilləşdirilməsi, yeni qanun layihələrinin işlənib hazırlanması və digər istiqamətlərdə mühüm işlər görülmüşdür.
İctimai Şura fəal sosial müdafiə tədbiri olan özünədəstək - birdəfəlik ünvanlı yardım proqramına cəlb olunan ailələrin seçilməsi, ünvanlı yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi və s. işlərdə də fəal iştirak etmişdir.
İş yerlərində sağlam və təhlükəsiz şəraitin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüs və səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədi ilə təhlükəsiz və sağlam əmək şəraiti üzrə üçtərəfli Sosial Şura yaradılmışdır.
Nazirlikdə əlil və şəhid ailələri üçün mənzillərin bölgüsünü həyata keçirən müvafiq komissiyanın tərkibində Ombudsman Aparatının, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri və bir sıra müvafiq QHT-lərin sədrləri təmsil olunurlar.
Əhalinin sosial müdafiəsi mərkəzlərində ünvanlı yardım təyin edən komissiyaların iclaslarında da mütəmadi olaraq vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakına şərait yaradılır.
İxtisaslaşmış vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq yeni sosial layihələrin icrası işlərində da davam etdirilir. İxtisaslaşmış qeyri-hökumət təşkilatları olan "Ümidli gələcək" gənclər təşkilatı və uşaq hüquqları klinikasının nümayəndələri ilə müntəzəm görüşlər keçirilir. Görüşlərdə nazirliyin nəzdində yaradılacaq yetkinlik yaşına çatmayanlar üçün sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların fəaliyyət istiqamətləri, müvafiq sosial xidmət standartları və s. məsələlər müzakirə edilir.

AzərTAc

10 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar