→ SİYASƏT  /  Bütün xəbərlər  /

Azərbaycanın ABŞ-dakı səfiri Cons Hopkins Universitetində

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda Cons Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Tədqiqatlar Məktəbinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutunun dəvəti ilə həmin Məktəbdə çıxış etmişdir. 
Səfirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, institutun direktoru Frederik Starrın aparıcılıq etdiyi tədbirdə səfir, əsasən, müstəqilliyin bərpasından keçən 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, regionda və beynəlxalq aləmdə mövqelərinin güclənməsindən, regional miqyaslı layihələrin gerçəkləşməsində Azərbaycanın oynadığı həlledici roldan, bölgədəki hazırkı geosiyasi durumdan və Azərbaycan-ABŞ münasibətlərinin inkişaf dinamikasından bəhs etmişdir. Ermənistanın Azərbaycana qarşı təcavüzündən danışan diplomat Azərbaycan torpaqlarının işğalına son qoyulmasının və iki dövlət arasında davamlı sülhün tezliklə əldə olunmasının bütün bölgənin inkişafı üçün həyati önəm daşıdığını qeyd etmiş və bu yöndə Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın münaqişənin həllində daha fəal olacağına ümid bəslədiyini bildirmişdir. Münaqişənin mövcudluğuna baxmayaraq Azərbaycanda çoxlu sayda erməni mənşəli insanların yaşadığını bildirən səfir müxtəlif dinə və etnik kimliyə malik insanların ölkəmizdə dinc şəkildə birgə yaşadıqlarını, Azərbaycanın bu mənada bir çox dövlətlər üçün müsbət örnək olduğunu diqqətə çatdırmışdır. Çıxışdan sonra Elin Süleymanov iştirakçıların çoxsaylı suallarını cavablandırmışdır.
Tədbirdə universitetin müəllim və tələbələri, ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və digər dövlət qurumlarının əməkdaşları, Vaşinqtonda fəaliyyət göstərən bir sıra nüfuzlu beyin mərkəzlərinin tədqiqatçıları, xarici diplomatlar, iş adamları, müxtəlif QHT və KİV təmsilçiləri iştirak etmişlər.

3 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar