→ SİYASƏT  /  Bütün xəbərlər  /

Azərbaycan Avropa Şurası və onun ayrı-ayrı qurumları ilə əlaqələrin inkişafında maraqlıdır

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex fevralın 1-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşmüşlər. 
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı qonaqlara Azərbaycan parlamentinin fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, parlamentdə 11 siyasi partiyanın nümayəndələri təmsil olunur, onların hamısı üçün bərabər şərait yaradılmışdır.
M.Qurbanlı demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq təşkilatlar, eləcə də Avropa Şurası və onun ayrı-ayrı qurumları ilə sıx əməkdaşlıq əlaqələri yaratmışdır. Diqqətə çatdırılmışdır ki, rəsmi Bakı bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsində maraqlıdır.
AŞPA-nın həmməruzəçisi Pedro Aqramunt de Mora Azərbaycanda həyata keçirilən demokratik, hüquqi islahatları yüksək qiymətləndirmişdir.
Görüşdə, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

AzərTAc

2 Fevral 2012, Cümə axşamı
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar