→ SİYASƏT  /  Bütün xəbərlər  /

Azərbaycan Amerika Dövlətləri Təşkilatı ilə əməkdaşlığa xüsusi diqqət yetirir

Ölkəmizin Vaşinqtondakı səfirliyindən verilən məlumata görə, Azərbaycanın ABŞ-dakı səfiri, Amerika Dövlətləri Təşkilatı (ADT) yanında Azərbaycanın daimi müşahidəçisi Elin Süleymanov bu təşkilatın baş katibi Xose Migel İnsulza ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə ADT arasındakı əməkdaşlığın və Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlərinin genişləndirilməsi əsas müzakirə mövzuları olmuşdur. Səfir ADT ilə əməkdaşlığa Azərbaycanın xüsusi diqqət yetirdiyini qeyd edərək, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin faydalı olacağına əminliyini vurğulamışdır. Baş katib X.M.İnsulza Azərbaycan ilə əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulamış, təşkilatın müxtəlif proqramlarına Azərbaycanın göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir.
Elin Süleymanov, həmçinin son illər Azərbaycanın Latın Amerikasında diplomatik təmsilçiliyinin daha da genişləndirildiyini, hazırda Argentina və Meksikada Azərbaycan səfirliklərinin fəaliyyət göstərdiyini və yaxın vaxtlarda Braziliyada səfirliyin açılacağını diqqətə çatdırmış, bunun Azərbaycan rəhbərliyinin region ölkələri ilə münasibətlərə verdiyi əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd etmişdir.

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

17 Fevral 2012, Cümə
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar