→   /  Bütün xəbərlər  /

Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir

Beynəlxalq təşkilatlarda Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı sənədlərin müzakirəyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Ona görə ki, dünya ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü haqda geniş məlumat əldə edəcəkdir.
Bu sözləri Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın işğal olunmuş ərazilərinə dair məsələnin BMT Baş Assambleyasında müzakirəyə çıxarılmasına münasibət bildirərkən demişdir.
S.Seyidov bildirmişdir ki, əsas məqamlardan biri budur ki, dünya ictimaiyyəti bu məlumatları əldə etdikdən sonra işğal faktına münasibət bildirməlidir. Bu məsələnin nüfuzlu beynəlxalq təşkilatlarda müzakirə edilməsi, bunun əsasında hansısa bir sənədin qəbul olunması özlüyündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində görülən işlər üçün çox mühüm əhəmiyyət kəsb edir.
Komitə sədri demişdir ki, artıq Ermənistan bundan təşvişə düşmüşdür. Çünki BMT müstəvisində müzakirəyə çıxarılacaq bu məsələ Ermənistanı işğalçı dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycanın diplomatik uğurudur. Ermənilər də çox yaxşı başa düşürlər ki, bu sənədin qəbulu işğalçı dövlətin mövqeyini daha da zəiflədəcəkdir. Bütün hallarda, bu sənəd vacibdir, əhəmiyyətlidir və nə qədər çox ölkə Azərbaycanın mövqeyini dəstəkləsə, bir o qədər yaxşıdır.
AzərTAc

 

5 Sentyabr 2010, Bazar
Back to homepage Print version Bookmark Subscribe to RSS
1 Yanvar