Kənd təsərrüfatının inkişafı ölkədə prioritet sahələrdən biridir. Ona görə də Azərbaycanda bu sahənin inkişaf etdirilməsi üçün bütün lazımi tədbirlər görülür. Bunun üçün ölkədə suvarma və meliorasiya işlərinin genişləndirilməsi də əsas məsələdir.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bu məsələyə xüsusi önəm verildiyini bildirmişdir: “Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüşdür. Yüz minlərlə hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış və ya yeni suvarılan sahələr dövriyyəyə buraxılmışdır. Dörd su anbarı tikilmişdir. Xüsusilə, onların arasında ən böyük Taxtaköprü və Şəmkirçay su anbarlarını qeyd etmək istəyirəm. Tovuzçay, Göytəpə su anbarları tikilmişdir. Bu da çox böyük vəsait tələb edən məsələlərdir, amma çox lazımdır. Çünki əfsuslar olsun ki, bizim su ehtiyatlarımız ölkəmizin hüdudlarından kənarda formalaşır. Ona görə biz sudan səmərəli istifadə etməliyik və ölkə daxilində elə imkanlar, elə infrastruktur, rezervuarlar yaratmalıyıq ki, həm ehtiyatımız olsun, həm də biz əkin sahələrini genişləndirə bilək”.
Bütün bölgələrdə olduğu kimi, Abşeronda da kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait mövcuddur. Abşeron iqtisadi rayonunda kənd təsərrüfatının əsasını şəhərətrafı təsərrüfat kompleksinə daxil olan südlük-ətlik maldarlıq, quşçuluq, qoyunçuluq, tərəvəzçilik, bostançılıq, üzümçülük, gülçülük və quru subtropik meyvəçilik təşkil edir. İqtisadi rayonda aqroiqlim şəraiti zeytun, zəfəran, püstə, badam, əncir, ağ şanı və qara şanı üzüm sortlarının, qarpız və digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verir.
Bu gün Abşeron ya-rımadasında əncir, zeytun və badamın becərilməsi ilə məşğul olan ixtisaslaşdırılmış bitkilər yetişdirilməsinə diqqət artırılır. Məlumdur ki, Abşeron yarımadası ölkəmizin əsas zeytunçuluq bazasıdır. Burada zeytunun və əncirin meyvələrindən emal olunmuş məmulatlar dünya bazarında və sərgilərdə yüksək qiymətləndirilir və mükafatlara layiq görülür. Kənd təsərrüfatının başqa sahələrinin də burada inkişaf etdirilməsinə geniş imkanlar var. Bunun üçün suvarma sistemlərinin yenidən qurulması mühüm əhəmiyyət kəsb edir.
Möhtərəm Prezidentimiz konfransda meliorasiya və suvarma sistemləri ilə bağlı görüləcək işlərdən bəhs edərkən demişdir: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir. Bu il təqribən 150-160 min hektar torpağa suyun verilməsi təmin edilməlidir. Bu, çox böyük rəqəmdir. Biz buna nail olmalıyıq. Buna nail olmaq üçün imkanlar var. Müvafiq göstərişlər verilibdir. Bu layihələrin icrası nəticəsində bizim ixrac potensialımız böyük dərəcədə artmalıdır. İndi yeni suvarılacaq torpaqlarda hansı məhsulların əkilməsi ilə bağlı işlər gedir. Elə etməliyik ki, ilk növbədə, öz daxili tələbatımızı ödəyək və eyni zamanda, güclü ixrac potensialı da yaratmalıyıq”.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin reallaşması burada kənd təsərrüfatının inkişafına da yeni perspektivlər yaratmışdır. İndi Abşeronun əkin üçün yararlı bütün torpaqlarının suvarma suyu ilə təmin edilməsi imkanları mövcuddur. Bunun üçün “Meliorasiya və Su Təsərrüfatı” ASC bizə hər cür imkanlar yaradıb. Calışacağıq ki, Abşeronda kənd təsərrüfatının suvarma suyu ilə tam təchiz olunmasını təmin edək.
Yusif ƏLƏSGƏROV,
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.