Doğma yurda qayıdış

Azərbaycan Ordusunun ötən il aprelin əvvəllərində həyata keçirdiyi uğurlu hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən bərpası istiqamətində hazırda mühüm tədbirlər həyata keçirilir, ərazilər minalardan təmizlənir, texniki-tədqiqat işləri aparılır, köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi prosesi reallaşdırılır. Təbii ki, dövlətin təhlükəsizlik tədbirlərini gücləndirdiyi və bu məsələni daim diqqətdə saxladığı bir şəraitdə həmin  kənddə yaşamaq istəyən ailələrin sayı da  getdikcə artır.

Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı bu baxımdan mühüm önəm daşıyır. Adıçəkilən yaşayış məntəqəsinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində ilk mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun inşası nəzərdə tutulub. Bunun üçün Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat vəsait ayrılıb. Beləliklə, Cocuq Mərcanlının bərpası istiqamətində ilk addım atılıb. Bu isə məcburi köçkünlərin dövlətinə və rəhbərinə inam hissini, torpağa, yurda sevgisini daha da gücləndirib.

Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması həm də Ermənistana, onun havadarlarına bir xəbərdarlıqdır. Yəni, bu, o deməkdir ki, dövlətimiz təcavüzkar ölkənin işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq, ərazilərinin tapdaq altında qalması ilə razılaşmayacaq, torpaqlarının azad edilməsi üçün bütün vasitələrdən istifadə edəcək. Digər tərəfdən işğaldan azad edilən ərazilərimizdə infrastrukturun yeniləşdirilməsi, vətəndaşlarımız üçün evlərin tikilməsi, təhlükəsiz həyat şəraitinin təmin edilməsi onu göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xalq qarşısında götürülən  öhdəliklər məsuliyyətlə yerinə yetirilir, dövlətimiz işğal faktı ilə barışmır, əhalinin doğma yurd-yuvalarına qayıdışı üçün beynəlxalq hüquq normalarına söykənilərək  respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi missiyası əzmlə həyata keçirilir.

Azərbaycan Prezidenti bir müddət bundan əvvəl Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışı zamanı deyib: “Münaqişənin həlli çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq...”.

Burada bir məqamı da xatırlatmaq istərdik. Bu gün Cocuq Mərcanlı kəndində məskunlaşma tədbirlərinin dinc, təhlükəsiz şəraitdə reallaşdırılması ordumuz tərəfindən ötən ilin aprel ayında Lələtəpə yüksəkliyinin azad edilməsinin məntiqi nəticəsidir. Yeri gəlmişkən, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, “Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik və edəcəyik. Bu bizim əzəli torpağımızdır, tarixi torpağımızdır və biz işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir və tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq”.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1994-cü ildə ulu öndər Heydər Əliyevin Ali Baş Komandan kimi rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin mənfur qonşularımız həmin ərazini demək olar ki, daim atəş altında saxlayır və yaşayış üçün təhlükəli vəziyyət yaradırdılar. Ancaq qeyd etdiyimiz kimi, keçən ilin aprel ayında erməni təxribatının qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu aprel əməliyyatı zamanı Lələtəpə yüksəkliyi işğaldan azad olunduqdan sonra həmin ərazilərdə yaşayış üçün tam təhlükəsiz vəziyyət yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı Ermənistanda böyük rezonansa səbəb olub. Hazırda işğalçı ölkədə əhalinin Serj Sarkisyan rejiminə nifrəti güclənib, rəsmi Yerevanın uydurduğu yalanların, necə deyərlər, üstü açılıb. Bu isə Ermənistanda pessimist ovqatın yaranmasına gətirib çıxarıb.

Bu gün ermənilər Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirirlər. Onlar, eyni zamanda, həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini də dərk edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, biz erməni analarının gözüyaşlı qalmasını istəmirik. Ancaq Ermənistanın siyasi rəhbərliyi bunlardan nəticə çıxarmır. Azərbaycanlıların qanı üzərində hakimiyyətə gələn o cinayətkar rejim elə düşünür ki, himayədarları sona qədər onların arxalarında duracaq, bu cinayətkar rejimi dəstəkləyəcək. Ancaq vaxt gəlib çatıb və onları dəstəkləyənlər artıq geri çəkilirlər.

Aprel döyüşləri Azərbaycan tarixində qəhrəmanlıq səhifəsidir. Bu əməliyyatlar zamanı iki strateji yüksəklik ordumuz tərəfindən azad olunub. Talış kəndi ətrafındakı yüksəkliklərin işğaldan azad edilməsi ilə minlərlə hektar ərazi düşməndən təmizlənib. Yaxın zamanlarda o ərazilərin bərpasına da başlanacağı gözlənilir.

Aprel döyüşlərində bizim də şəhidlərimiz olub. Ancaq hazırda onların ruhları şaddır. Çünki qəhrəman oğullarımızın qanı bahasına alınan torpaqlara məcburi köçkünlər böyük ruh yüksəkliyi ilə, həvəslə qayıdırlar.

Xatırladaq ki, həmin dördgünlük müharibənin ermənilər üçün sarsıdıcı nəticələri rəsmi Bakının son illər faktiki dalana dirənən danışıqlar prosesindəki hərbi-siyasi üstünlüyü, psixoloji mövqeyinin təmin edilməsi, ATƏT-in Minsk qrupu həmsədrlərinin, habelə dünyanın əsas güc mərkəzlərinin münaqişə ilə bağlı səylərinin gücləndirilməsi baxımından mühüm önəm daşıyır. Azərbaycanın qısamüddətli hərbi əməliyyatlarda əldə etdiyi real üstünlük münaqişənin həllini süni şəkildə uzatmaq yolu tutan qüvvələrə ciddi və sərt mesaj idi. Başqa sözlə, bu, o demək idi ki, danışıqlar prosesi sonsuz şəkildə uzadıla bilməz. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq ən qısa müddətdə torpaqlarını işğaldan azad etmək, ərazi bütövlüyünü və suverenliyini reallaşdırmaq gücündədir. Ölkəmizin daha işğalçı dövlətin, necə deyərlər, nazı ilə oynamaq səbri tükənib. Azərbaycan hakimiyyəti xalqının və güclü, qüdrətli ordusunun köməyi ilə istənilən vaxt torpaqlarını işğaldan, yağı tapdağından xilas etmək iqtidarındadır.

Bəli, ordumuz aprel döyüşlərində qətiyyətli, əzmkar mövqe nümayiş etdirərək işğalçı Ermənistana öz qüdrətini göstərdi. Bu hərbi üstünlük isə, eyni zamanda, beynəlxalq aləmdə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirdi və münaqişənin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həlli üçün ciddi zəmin yaratdı.

Prezident İlham Əliyev yanvarın 30-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Cocuq Mərcanlı ilə bağlı layihənin icra edilməsinin çox böyük rəmzi məna daşıdığını bildirib: “Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir.

Bu kənd bir neçə ay işğal altında olub. Sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdir. İşğalçılar, düşmənlər o kənddən qovulmuşlar. Amma bir neçə ay ərzində onlar bu kəndi yerlə-yeksan ediblər. İndi əlbəttə ki, orada minalardan təmizləmə işləri aparılmalı, sonra isə infrastruktur layihələri icra olunmalıdır. Mən göstəriş vermişəm, beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini ora göndərsinlər və erməni vəhşiliyinin nədən ibarət olduğunu görsünlər”.

Beləliklə, Cocuq Mərcanlının bərpası istiqamətində artıq ilk addımlar atılır. Cənab İlham Əliyevin müvafiq sərəncamında vurğulandığı kimi, söhbət bu kənddə normal həyatı canlandırmağın yalnız ilk mərhələsindən gedir. Dövlət başçısı səlahiyyətli orqanlara sözügedən yaşayış məntəqəsinin masterplanının hazırlanması barədə göstəriş verib.  Gələcəkdə Cocuq Mərcanlıda tikilən yaşayış evlərinin, sosial obyektlərin sayı daha da artırılacaq, iş yerləri açılması diqqət mərkəzində saxlanılacaq.

Sonda onu da xatırladaq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı imzalayandan dərhal sonra bu kəndin 200-dək sakini doğma yurda qayıtmaq qərarını verib. Belə müraciətlər isə getdikcə artır. Bu, təkcə düşmən tapdağından xilas olan bir kəndə, od- ocağa qayıdış deyil, həm də Dağlıq Qarabağa və erməni təcavüzünə məruz qalan digər yurdlarımıza dönüşün başlanğıcıdır. Xalqımız, məcburi köçkünlər bundan sonra Azərbaycan Ordusunun tezliklə işğal altındakı digər torpaqları da azad edəcəyi, Lələtəpədə dalğalanan bayrağımızın tezliklə Laçında, Şuşada, Xocalıda, Xankəndidə və işğal edilmiş digər torpaqlarımızda dalğalanacağı əminliyi ilə yaşayırlar.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında