Görkəmli alim, bacarıqlı elm təşkilatçısı

Xalqımızın dəyərli oğlu, biologiya elmləri doktoru, akademik Musa Əbdürəhman oğlu Musayev zəmanəmizin görkəmli zooloq-parazitoloq, geniş profilli bioloq, baytarlıq təbabətində tanınmış alim olmuşdur. Onun bütün həyatı Azərbaycanda elmin təşkili və inkişafına, təhsilə, milli kadrların hazırlanmasına həsr olunmuşdur. Musa müəllimin yaradıcılığı yalnız sırf elmi-pedaqoji fəaliyyətlə məhdudlaşmamış, eyni zamanda, kənd təsərrüfatının inkişafı, ətraf mühitin qorunması, respublikanın heyvanlar aləminin genofondunun mühafizəsi ilə bağlı olmuşdur.

 Musa müəllim 1921-ci il dekabrın 27-də Gəncə şəhərində anadan olmuşdur. O, həyatda və elmdə ilk addımlarını bu qədim şəhərdə atmışdır. Onun geniş profilli gələcək alim kimi formalaşmasında şəxsi istedadı ilə yanaşı, Azərbaycanda kənd təsərrüfatı elminin  formalaşmasında xüsusi yer tutan Gəncə mühiti mühüm rol oynamışdır. Lakin onun keçdiyi həyat yolu heç də asan olmamışdır. Uşaqlıq illəri böyük sosial dəyişikliklər dövrünə, yeniyetməliyi repressiya illərinə, gənclik və tələbəlik illəri isə xalqımız üçün ən çətin vaxtlardan birinə, İkinci dünya müharibəsi illərinə təsadüf etmişdir. Bütün çətinliklərə baxmayaraq, gələcəyin böyük alimi həm orta məktəbi,  həm də Azərbaycan Kənd Təsərrüfatı İnstututunu əla qiymətlərlə bitirmişdir.

M.Musayev hələ tələbəlik illərində heyvanların infeksion və invaziyon xəstəliklərinin öyrənilməsinə xüsusi maraq göstərmiş, protozooları, onların törədicilərini Gəncə rayonlararası baytarlıq diaqnostika laboratoriyasında və Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun parazitologiya kafedrasında dərindən öyrənməyə başlamışdır. Bu sahəyə sonsuz marağı 1946-cı ildə onun Moskva Baytarlıq Akademiyasının aspiranturasında təhsilini davam etdirməsi ilə nəticələnmiş və  burada məşhur alim, SSRİ Dövlət mükafatı laureatı, akademik S.N.Vişelesskinin rəhbərliyi ilə heyvanların leptospirozunu tədqiq etmişdir.

Baytarlıq Akademiyasının aspiranturasında təhsil alarkən Ümumittifaq Dövlət təqaüdünə layiq görülmüşdür. 1948-ci ildə “Heyvanların leptospirozunun seroloji diaqnostikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və burada bir ilə qədər assistent işləmişdir. Dünya şöhrətli kimyaçı alim, akademiyamızın o vaxtkı prezidenti Yusif Məmmədəliyev həmin dövrdə Moskvada olarkən istedadlı gənc alimdən xəbər tutmuş və ona AEA-nın Zoologiya İnstitutunda işləməyi təklif etmişdir. Musa müəllim 1949-cu ildən 2010-cu ilə qədər – 61 il Zoologiya İnstitutunda işləmişdir. Özü də bu 61 ilin 1960-cı ildən başlayaraq, 50 ilini Zoologiya İnstitutuna direktorluq etmişdir.

Musa müəllimin ilk elmi axtarışları heyvanların və insanın təhlükəli xəstəliklərindən birinin leptospirozların öyrənilməsinə həsr olunmuşdur. Respublikamızda bu xəstəliyin yayılmasının səbəbini müəyyənləşdirmək, diaqnozu, müalicəsi və profilaktikasının elmi əsaslarını yaratmaq gərgin əmək, dərin elmi axtarışlar aparmaqla mümkün olmuşdur. Məhz buna görə Musa müəllim nüfuzlu bir alim kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında, həyata keçirilməsində  birbaşa iştirak etmiş və həmin sahədə çalışmaq üçün kadrlar hazırlamışdır. 1948-1960-cı illərdə leptospirozun diaqnostikası, epizootologiyası, patologiyası və immuniteti tədqiq edilmiş, bir çox məqalə və iki sanballı monoqrafiya – “Heyvanların leptospirozunun seroloji diaqnostikası” (1950) və  “Qaramalın leptospirozu” (1959) əsərlərini yazmışdır.

Gənc alimin o illər təklif etdiyi “Leptospirozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla yanaşı istifadə edilir. İkinci monoqrafiya müəllifin xüsusi tədqiqatlar əsasında qaramalın, o cümlədən dünyada ilk dəfə camışların leptospirozunun hərtərəfli öyrənilməsi, həm ökəmizdə və həm də xaricdə çıxan külli miqdarda ədəbiyyat materiallarının sistemləşdirilməsi baxımından böyük maraq doğurur. Həmin  monoqrafiya bugünədək leptospiroz haqqında dünya ədəbiyyatında mövcud olan məlumatların yeganə elmi ümumiləşdirilməsi kimi qalır, eyni zamanda, bu xəstəliyə qarşı tədbirlərin görülməsi işində praktiki baytar işçiləri üçün qiymətli vəsaitdir.

1956-cı ildə M.Musayev “Azərbaycanda qaramalın leptospirozu” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 1960-cı ildə ona SSRİ Ali Attestasiya Komissiyası tərəfindən professor elmi adı verilmişdir. Gərgin və məqsədyönlü elmi, ictimai və pedaqoji fəaliyyətinin nəticəsi olaraq, M.Ə.Musayev 1959-cu ildə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA-nın) müxbir üzvü, 1967-cı ildə isə həqiqi üzvü (akademik) seçilmişdir.

Musa müəllim leptospirozların öyrənilməsi ilə yanaşı, təkhüceyrəli heyvanların tədqiqi sahəsində geniş axtarışlar aparmış, 1957-ci ildə protozoologiya laboratoriyası təşkil etmişdir. 1985-ci ildə onun təşəbbüsü və rəhbərliyi ilə bu laboratoriyanın əsasında parazit-sahib münasibətlərinin biokimyəvi əsasları və prositologiya laboratoriyalarından ibarət protozoologiya elmi məktəbi yaradılmışdır.

1970-ci illərə qədər heyvanların koksidi və koksidiozlarının öyrənilməsinə həsr edilmiş tədqiqatların nəticəsi öz əksini 30-dan artıq elmi əsərdə, eləcə də “SSRİ-də yaşayan gəmiricilərin koksidiləri” (1965) və başqa daha iki  monoqrafiyada tapmışdır. Birinci monoqrafiyada 46 sahibdən 100-ə qədər yeni növ koksidi təsvir edilmişdir. Ölkəmizdə təkhüceyrəli heyvanların genofondu öyrənilərkən faunamızda dünya elmi üçün yeni olan 230-a qədər növ təsvir edilmişdir. Bu növlərin elm üçün yeni olan reallığı dünya alimləri tərəfindən təsdiq edilmiş, onlar ABŞ, Macarıstan və digər ölkələrdə nəşr olunan kataloq və monoqrafiyalara daxil edilmişdir.

Azərbaycan protozooloqlarının hələ 1970-ci ilə qədər əldə etdiyi nailiyyətlərin təcəssümü olaraq, keçmiş SSRİ-də 1968-ci ildə yaradılmış Protozooloqlar  Cəmiyyətinin birinci qurultayı məhz 1971-ci ildə respublikamızın paytaxtı Bakı şəhərində keçirilmişdir. Musa müəllim öz şagirdləri ilə protozooloji tədqiqatlarını daha da genişləndirmiş, sitologiya, biokimya, molekulyar biologiya və immunologiyanın metod və üsullarını tətbiq etməklə protozoologiya elminin inkişafına yeni istiqamət vermişdir. Koksidilərin yaşadıqları sahib heyvanlara təsiri hüceyrə və molekulyar səviyyədə tədqiq edilmiş, maddələr mübadiləsinin pozulmasının mexanizmləri nəzəri cəhətdən əsaslandırılmışdır. Biokimyəvi göstəricilərə görə, parazit-sahib sisteminin oxşar və fərqli cəhətləri müəyyənləşdirilmiş, Eimeria cinsinə aid olan parazitlərin oosistalarının təmiz kulturasının alınması və antieymerioz preparatlarının effektliyinin biokimyəvi göstəricilərə görə qiymətləndirilməsi üsulları ixtira edilmişdir.

Bu fundamental tədqiqatların nəticələri 150-dən çox elmi məqalədə, o cümlədən “Ev quşlarının koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri” (1977) və “Ev quşlarının parazitləri və onlara qarşı mübarizənin elmi əsasları” (1991) monoqrafiyalarında öz əksini tapmışdır.

Akademik M.Musayev şəxsi tədqiqatlarına, yaratdığı protozooloqlar məktəbinin və digər parazitoloq alimlərin əldə etdiyi elmi nəticələrə və onların heyvandarlıq və quşçuluq təsərrüfatlarında geniş miqyasda tətbiqinə aid silsilə əsərlərə görə bir qrup alimlə birgə 1991-ci ildə Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür.

Musa müəllimin elmi fəaliyyət sahəsi çox geniş olmuşdur. Onun rəhbərlik etdiyi protozoologiya şöbəsində eymeriyalar və sarkosporidilər kimi koksidilərlə bərabər parazitoloji və seroloji metodlar tətbiq etməklə, kənd təsərrüfatı heyvanları ilə insanların toksoplazmozları arasındakı qarşılıqlı əlaqə, ev heyvanları və quşların, sürünənlərin, balıqların və suda-quruda yaşayanların qan parazitləri, balıqların təkhüceyrəli parazitlər kompleksi çox əhatəli tədqiq olunmuşdur. Bunun nəticəsidir ki, nəzəri və praktiki əhəmiyyətli bəzi əsərlər, o cümlədən də “Azərbaycanda balıqların ibtidai parazitləri” (1966), “Azərbaycanda quşların parazitləri” (1994) kimi kitablar nəşr edilmişdir.

Musa müəllimin apardığı tədqiqatların nəticələri 350-dən çox elmi məqalə və monoqrafiyada öz əksini tapmışdır. Onun  rəhbərliyi ilə 28 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuş, müəllifliyi, elmi redaktorluğu, ya da tərcüməçiliyi ilə 15 addan çox dərslik və dərs vəsaiti nəşr edilmişdir. Musa Musayev təkcə Azərbaycan üçün deyil, Qazaxıstan, Özbəkistan, Belarus, Moldova kimi ölkələr üçün də protozooloq alimlər yetişdirmişdir. Azərbaycanda zoologiya elminin müxtəlif sahələrini hərtərəfli inkişaf etdirmək üçün M.Musayevin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yeni elmi laboratoriyalar və yaradıcı qruplar təşkil edilmişdir. Zoologiya İnstitutunun insektarisi və vivarisi olan yeni kompleks binası onun yorulmaz elmi-ictimai fəaliyyəti sayəsində inşa edilmişdir. Dəniz və okeanlarda işləyə bilən “Elm” elm-tədqiqat gəmisi tikilmiş, Mingəçevir şəhərində kiçik elm-tədqiqat gəmisi və texniki avadanlıqlarla təchiz olunmuş Elm-İstehsalat Mərkəzi yaradılmışdır. İnstitutda zooloji muzey təşkil edilmiş, laboratoriyaların kolleksiya fondu, institutun kitab fondu yenidən təşkil olunub zənginləşdirilmişdir.

 Musa müəllimin respublikamızda zoologiya elminin inkişaf etdirilməsi sahəsində böyük təşkilatçılıq qabiliyyətini xüsusi qeyd etmək lazımdır. O, yalnız Zoologiya İnstitutunun deyil, respublikanın digər elm və təhsil müəssisələrində çalışan alimləri zoologiya elminin dinamik inkişafına cəlb etməyə nail olmuşdur. Onun direktor olduğu dövrdə, yüksək ixtisaslı kadrlar nəsli, o cümlədən zoologiya elminin müxtəlif sahələrini öyrənən və inkişaf etdirən 110-dan çox elmlər namizədi və doktoru yetişmişdir. Onların çoxu indi respublikamızın universitetlərində, müxtəlif elm və təhsil ocaqlarında, istehsalatda çalışır, bəziləri də xarici ölkələrdə işləyirlər. Musa müəllimin bacarıqlı elm təşkilatçısı kimi də həmişə ön sırada olması aşkar həqiqətdir. O, Zoologiya İnstitutu əməkdaşlarının kollektiv əsəri olan “Azərbaycan heyvanlar aləmi” üçcildliyinin əsas təşkilatçısı, müəllifi və elmi redaktoru kimi böyük zəhmət çəkmişdir.

Akademik Musa Musayevin elmi-ictimai fəaliyyəti daha genişdir. O, vaxtilə keçmiş Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti və onun Azərbaycan bölməsinin sədri (1968-1991), “Bilik” Cəmiyyətinin biologiya və kənd təsərrüfatı bölməsinin elmi metodik şurasının sədri (1976-1989), Azərbaycan-Çexoslovakiya Dostluq Cəmiyyətinin sədr müavini (1963-1991), keçmiş SSRİ EA ümumi biologiya şöbəsinin elmi şurasının üzvü və “Parazitologiya” (1967-1989) jurnalının biologiya seriyasının redaksiya heyətinin üzvü, “AMEA xəbərləri” jurnalının biologiya seriyasının redaksiya heyətinin üzvü, Ali Attestasiya Komissiyasının kənd təsərrüfatı bölməsinin ekspert şurasının sədri, Azərbaycan Zooloqlar Cəmiyyətinin prezidenti vəzifələrini şərəflə yerinə yetirmişdir.

Digər elmi, pedaqoji, təşkilati və ictimai fəaliyyətləri ilə yanaşı, 1959-cu ildən AMEA biologiya bölməsinin büro üzvü olmuş, 1997-ci ildən isə bu bölmənin akademik katibi seçilmişdir. Bu uzun illər ərzində Musa Musayev şöbənin akademik katibi kimi, beynəlxalq standartlara uyğun və ölkəmizin tələblərinə cavab verən elmi istiqamətlərin və proqramların hazırlanmasına və yerinə yetirilməsinə rəhbərlik etmişdir.

Akademik M.Musayev dəfələrlə zoologiya elmini xarici ölkələrdə təmsil etmişdir. Keçmiş SSRİ ərazisində keçirilən əksər parazitoloji və protozooloji konfranslarda, qurultaylarda, simpoziumlarda və s. yığıncaqlarda plenar iclaslarda çıxışlar etmiş, seksiyalardan birinin rəhbəri olmuşdur. O, bir sıra xarici ölkələrdə – Çexoslovakiya, Polşa, Yuqoslaviya, Türkiyə, Bolqarıstan, Hindistan, ABŞ, Almaniya, Fransa, Braziliya və Macarıstanda Azərbaycan elminin və özünün şəxsi tədqiqatlarının ən yeni nailiyyətlərini dünya elmi ictimaiyyətinə çatdırmış, həm də dünya miqyasında parazitologiya sahəsində aparılan yeni istiqamətli tədqiqatların respublikamızda da aparılmasını təşkil etmişdir.

Akademik M.Ə.Musayev xalqımız tərəfindən sevilir və qiymətləndirilir. Böyük alim Azərbaycanda zoologiya elminin inkişafındakı böyük xidmətlərinə görə “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ördenləri, “Böyük Vətən müharibəsində fədakar əməyə görə” medalı, “Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur. O, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına, müstəqil Azərbaycan Respublikasının yüksək mükafatına – “Şöhrət” ordeninə layiq görülmüşdür.

Akademik M.Ə.Musayev 2010-cu il dekabrın 4-də vəfat etmişdir. Böyük alim, işıqlı ziyalının əziz xatirəsi heç vaxt unudulmayacaq. Musa müəllim Vətənə, xalqa sədaqətli, elmə şərəflə xidmət edən böyük alim nümunəsi, işində cavabdehlik, münasibətlərində sadəlik, təvazökarlıq timsalı olan gözəl bir insan, daxilində yüksək ziyalı mədəniyyəti daşıyan geniş dünyagörüşlü bir şəxsiyyət olaraq xalqımızın yaddaşında daim yaşayacaq. 

Elman YUSİFOV, 
AMEA-nın Zoologiya İnstitutunun direktoru,
fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında