Məqsəd: hər şey insanların rifahı naminə

BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsinin 22-ci maddəsinə görə, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat hüququ vardır.

 İnsan öz ləyaqətini qoruyub saxlaya bilmək, öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə dövlətin strukturuna və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. Bu hüquqlar barədə məlumat verən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin fikrincə, heç də bütün ölkələrdə bu hüquqlar bərabər səviyyədə təmin olunmur. Beynəlxalq Əmək Təşkilatının məlumatlarına görə, dünya əhalisinin yalnız 30 faizi sosial təminat sistemi ilə əhatə olunub, 70 faiz əhalinin isə bu sistemə qismən çıxışı vardır və ya ondan tam kənardadır.

Nazir müavini bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasında hər bir kəs üçün sosial təminat hüquqları və ölkənin digər qanunvericilik aktlarında da həmin hüquqlarla bağlı bütün təminatlar əksini tapıb. Bu da ölkədə həyata keçirilən sosial siyasətin prioritetliyindən irəli gəlir: “Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə güclü və ciddi iqtisadi islahatların düşünülmüş sosial siyasətlə tamamlandığını, aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayandığını bəyan edib. Bu sosial siyasət əhalinin etibarlı sosial müdafiəsinə, xüsusilə aztəminatlı ailələrin, sosial cəhətdən həssas qrupların həyat keyfiyyətinin yüksəldilməsinə geniş imkanlar yaradıb”.

Qeyd edək ki, aparılan islahatlar nəticəsində ölkədə müasir sosial müdafiə sistemi və sosial infrastruktur formalaşıb. Ölkəmizdə sığorta prinsiplərinə və fərdi uçot sisteminə əsaslanan 100 faizlik əhatə dairəsinə malik pensiya sistemi fəaliyyət göstərir və bu sistemin təkmilləşdirilməsi işlərinin davamı kimi yeni strategiyanın icrasına başlanıb. Sosial müdafiə sistemi vasitəsilə 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər müxtəlif növ müavinətlər, 162 min ailənin 707 min nəfər üzvü ünvanlı sosial yardım alır. Bu insanlara hər ay təqribən 316 milyon manat vəsait ödənilir.

Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, Azərbaycanın sosial müdafiə sistemi geniş əhatəliliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynayan bu sistem yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir. Həmin sistem vasitəsilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin gəlirlərinin artırılmasına əhəmiyyətli təsir göstərir. Azərbaycan BMT-nin İnkişaf Proqramının “İnsan İnkişafı Hesabatı”nda insan inkişafı indeksinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq, yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial sığorta ödəyiciləri də nəzərə alınmaqla ölkə əhalisinin 40 faizinə, başqa sözlə, 4 milyon nəfərə yaxın əhali kontingentinə xidmət göstərilir.

İ.İsayev insanların əmək və sosial hüquqları ilə bağlı BMT-nin Ümumdünya insan hüquqları Bəyannaməsindən, beynəlxalq konvensiyalardan irəli gələn prinsipləri qeyd edərək, bu hüquqların Azərbaycan Respublikası Konstitusiyasında, ölkənin digər qanunvericilik aktlarında öz əksini tapdığını nümunələr əsasında vurğulayıb. Bildirib ki, insanların əmək və sosial təminat hüquqlarının reallaşdırılması sosial müdafiə tədbirlərində əhatəliyin və ünvanlılığın təmin edilməsinə, əmək və sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarının yaradılmasına, sosial xidmətlərin təqdim edilməsində innovativ texnologiyaların tətbiqinə və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə əsaslanır. Son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək müqavilələrinin elektron qeydiyyatı, ünvanlı dövlət sosial yardımı, əlilliyin qiymətləndirilməsi və avtomatlaşdırılmış pensiya təyinatı sistemləri formalaşdırılıb. Bu sistemlər müvafiq sahələrdə idarəetmənin müasir texnologiyalar əsasında təkmilləşməsinə səbəb olmaqla yanaşı, sosial müdafiə sistemində ünvanlılıq və şəffaflıq prinsiplərinin təmin olunmasına, digər tərəfdən əhalinin həssas kateqoriyalarına yönələn vəsaitlərin istifadəsində səmərəliliyin artırılmasına imkan verib. 2014-cü il iyul ayından istifadəyə verilən əmək müqavilələrinin elektron qeydiyyat sistemində hazırda 1 milyon 271 min 407 əmək müqaviləsi qeydiyyatdadır. İlk dəfə olaraq bu sistem vasitəsilə əmək münasibətlərinin hüquqi əsasları elektron müstəviyə çıxarılıb.

Bu islahat tədbiri işçilərin əmək və gələcək sosial təminat, gələcəkdə layiqli pensiya təminatına malik olmaq hüquqlarının real təminat forması olmaqla, həmçinin işəgötürən üçün əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarının qorunmasına mühüm əsas formalaşdırmaqla yanaşı, sosial sığorta haqları və vergi daxilolmalarının artmasına da imkan yaradıb. Vətəndaşlar “İş yerindən arayış” e-xidməti vasitəsilə öz iş yeri, əmək haqqı və digər parametrlər barədə elektron formada məlumat təqdim edə bilir. Cari ilin 11 ayı ərzində həmin e-xidmətdən 205 min nəfər istifadə edib.

Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə sosial yardım üçün müraciət edilməsi və yardım təyinatı prosedurlarının elektron rejimdə həyata keçirilməsi təmin edilib. İ. İsayev bildirib: “Beləliklə, ünvanlı sosial yardım təyinatında vətəndaş-məmur təmasları aradan qaldırılıb və şəffaflıq tam təmin edilir. Son nəticədə bu, sosial təminat hüquqlarından istifadədə vətəndaş məmnunluğuna səbəb olub. İşə başladığı 2016-cı ilin 15 fevralından 01 dekabr tarixinədək VEMTAS tərəfindən 57,8 min ailəyə avtomatlaşdırılmış şəraitdə sosial yardım təyinatı aparılıb”.

O, ölkəmizin əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı dolğun hüquqlar sisteminə malik olmasından bəhs edərək, müvafiq Əsasnaməyə edilən dəyişikliklərlə cari il noyabr ayının 15-dən əlilliyin avtomatlaşdırılmış sistem vasitəsilə, yəni məmur-vətəndaş təmasları olmadan, tam şəffaf şəkildə qiymətləndirilməsinə başlandığını qeyd edib. Eyni zamanda sistem tərəfindən avtomatlaşdırılmış şəkildə əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyin müddətsiz müəyyən edildiyini, ikinci və üçüncü dərəcə əlilliklərin müddətinin 5 ilədək uzadıldığını, nəticədə hər il təkrar müayinə edilməli olan 200 minə yaxın vətəndaşın bu prosedurdan keçməsinə ehtiyac qalmadığını diqqətə çatdırıb.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında