NAXÇIVAN: sərt blokadadan hərtərəfli yeniləşmə və tərəqqiyə

(əvvəli qəzetimizin 17 iyul 2013-cü il tarixli sayında)

 

Hamıya fayda gətirən qaydalar

Naxçıvanda xeyir-şər mərasimləri ilə bağlı yaranmış yeni qaydalara “Xalq qəzeti”ndə çıxan yazılarımdan birində ötəri toxunmuşdum. Mövzu aktuallığını nəinki itirməyib, əksinə, daha kəskin forma alıb. Söhbət əndazədən çıxan və dünyanın heç bir ölkəsində, hətta, Afrikanın cəngəllik ölkələrində də rast gələ bilməyəcəyiniz bizim toy mərasimlərindən gedir. Bu gün insanlar zəlzələdən, yanğından o qədər qorxmur, nəinki evlərə və iş yerlərinə axan dəvətnamələrdən. Bir vaxtlar insanların könlünü açan,  üzünü güldürən, qohum-əqrabanı sevindirən toylar indi ağır əndişə mənbəyinə çevrilib. Başına döndüyüm millətimiz toyu əsl pul qırmaq, adam soymaq və insanları kütləvi şəkildə zəhərləmək vasitəsinə döndərib-hamı bir-birini soyur və zəhərləyir.

Milli şənbazlıq  yas süfrələrinin də çarxını döndərib. İndi onları da, toy süfrələri kimi, bəzəyirlər. Bir yandan israfçılıq baş verir, o biri yandan da çoxlu insanın  orqanizmi zəhərlənir. Naxçıvan MR-nin rəhbərliyi  bu arxivacib məsələyə də biganə qalmayıb, vaxtında və düzgün müdaxilə edib.

Ali Məclisin sədri Vasif Talıbovla görüşərkən bu mövzu ətrafında geniş söhbət etdik. Sədr belə hesab edir ki, bu məsələdə inzibati qadağalarla bir iş görmək mümkün deyil, hər şeydən öncə, şəxsi nümunə göstərmək, bir də geniş təbliğat işi aparmaq lazımdır:

 

– Övladımın toyuna ən yaxın qohumları dəvət elədim. Heç bir nazir, təşkilat rəhbəri, idarə müdiri, iş adamı o toya dəvət almadı. Süfrəyə iki növ xörək gəldi. Sadə, təmtəraqsız bir toy oldu. Yaslarımız da elin sağlam adət-ənənəsinə uyğun, yəni, çox sadə keçir.

Vasif müəllim daha sonra vurğuladı ki, toy və yas mərasimlərinin sadə keçməsi Naxçıvanda artıq ənənə şəklini alıb.

Çox təəssüf olsun ki, belə sadəliyi və el adətinə sadiqliyi təkcə Naxçıvanda görə bilirik. Başqa bölgələrdə toy və yas mərasimləri tamam bayağılaşdırılıb, kənd və şəhərlərdə şənbazlıq və israfçılıq  baş alıb gedir. Xalqımız bundan əzab çəkir. Bu gün ağır xəstəliklərin artmasında, xəstə və ölü doğulan uşaqların, döşü südsüz anaların çoxalmasında müasir toyxanaların və yasxanaların rolu çox böyükdür.

Naxçıvanın sağlamlıq proqramı

Tibb elminin banisi Hippokrat insanları vaxtında xəbərdar edib: “Biz nə yeyiriksə, oyuq!”. Lakin nəfsin və tamahın müti quluna çevrilmiş müasir insan loğmanın bu dərin fəlsəfi fikrini qulaq ardına vurur: qidada fayda yox, ləzzət axtarır. Bunun da qaçılmaz nəticəsi sayı ildən-ilə artan çarəsiz dərdlər, iztirablarla ağzınacan silələnən gödək ömür olub. Bu gün çürük qan yaradan “dadlı” qidalar sıxışdırıb saf qan yaradan qidaları süfrədən, demək olar, tamam çıxardıb.

Faciənin böyüklüyü bundadır ki, bu zərərli hal, insanların sağlamlığı keşiyində durmağa borclu olan, həkimləri əsla narahat etmir. Bəzi rayon rəhbərləri isə düşünürlər ki, onlar əhalinin sağlamlığı məsələsi ilə məşğul olmamalıdır. Xoşbəxtlikdən bütün məmurların hamısı yemək üçün yaşamır, yaşamaq üçün yeyən sağlam düşüncəli məmurlar da  var. Naxçıvanda belələri çoxdur.

Görüşə gedərkən güman edirdim ki, Naxçıvan boyda mahala rəhbərlik edən, ağır blokada şəraitində gərgin işləyən, işi həmişə başından aşan Vasif Talıbov mənə, uzaq başı, 15 dəqiqə vaxt ayıracaq. Başımız sağlam həyat tərzi haqqında, Naxçıvanı sağlam və uzunömürlü insanlar diyarına çevirmək proqramı ətrafında gedən söhbətə necə qarışdısa, 3 saatın necə keçdiyini hiss etmədik.

Sədrin tapşırığı ilə mənə dərhal hər cür şərait yaradıldı ki, səhiyyə işçiləri ilə görüşüb fikir mübadiləsi aparım, yerli TV vasitəsilə əhaliyə tövsiyələr verim, şəfa mənbələri ilə tanış olum. Bütün bunlar, həm də MR-nın səhiyyə sisteminə göstərilən yüksək qayğı (1995-ci ildən bəri MR-da 196  səhiyyə ocağı tikilərək və yaxud yenidən qurularaq insanların ixtiyarına verilib, şəfalı otlarla, təbii üsullarla müalicə metodu geniş vüsət alıb)  göstərir ki, sədr öz çıxışlarında “dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır” kəlməsini kiməsə xoş gəlmək naminə təkrar etmir, bunun belə olduğunu konkret əməli ilə sübut edir.

Elə buna görə də,  dərin düşüncəli ziyalılar diyarı olan Naxçıvanda, Hippokratın “biz  nə yeyiriksə, oyuq!”  fəlsəfəsini dərk edən insanların sayı ilbəil artır. Burda çoxları anlayır ki, hər nə gəldi yemək və içmək olmaz, dietologiya bütün elmlərin şahıdır, zirvəsidir, yalnız sağlam qida qəbul edən insan mənən və cismən sağlam ola bilər, çürük qida qəbul edən insanın cismi də, ruhu da xəstədir, mənəviyyatı və əxlaqı çürükdür. Belə adam, varı-dövləti başından aşsa belə, xoşbəxt ola bilmir. Naxçıvanda bu həqiqəti dərindən dərk ediblər. Naxçıvanın ərzaq konsepsiyasından söz açan MR Gömrük Komitəsinin sədri  Asəf Məmmədov diqqətimizi ona çəkdi ki, rəhbərlik “qidada ləzzət yox, fayda axtar” prinsipini rəhbər tutur:

– Biz çalışırıq əhalini, mümkün qədər, yerli məhsullara təmin edək. Muxtar Respublikada 250 adda ərzaq və sənaye malları istehsal olunur. Sitrus meyvələrdən başqa bütün meyvələri özümüz yetişdiririk. Bizim meyvələr çox dadlıdır. Yerli taxıl istehsalı tələbatın 40 faizini ödəyir. Əkin sahələrini genişləndirmək, məhsuldarlığı artırmaq istiqamətində işlər davam etdirilir.

Naxçıvan meyvələri dadlı olmaqla bərabər, həm də çox faydalıdır.  Burda torpaq və su faydalı mikroelementlərlə zəngindir, Günəş işığı boldur, bu da yerli bitkinin tərkibindəki maddələrin çox olmasına gətirib çıxardır və şəfa vermək qabliyyətini artırır. Həm də sübut olunub ki, hər bir insan yaşadığı təbii mühitdə yetişən məhsulla qidalananda, ondan daha çox fayda alır. Yerli məhsul istehsal etməyin bir üstün cəhəti də ondan ibarətdir ki,   torpaq istifadəsiz qalmır,  əhali də bekar,  həm də ailə büdcəsi dolur.

A.Məmmədov onu da bildirdi ki, MR-nin rəhbərliyi daxili bazarın qorunması istiqamətində ardıcıl iş aparır: əgər yerli məhsul boldursa və mövcud durum gətirib qiymət artımına çıxarmırsa, həmin malın kənardan gətirilməsinə yol verilmir. Yalnız bu və ya başqa məhsulun həcmi az olanda, bahalaşma təhlükəsi yaranıbsa, bu halda həmin malın xaricdən gətirilməsinə icazə verilir. Təbii ki, ancaq öz şəxsi mənafeyini güdən  alverçilər bu tədbirə çəp baxırlar,  mənafeyi qorunan əhali ondan çox razıdır. Bazarın tənzimlənməsi tədbiri də insanlara göstərilən yüksək qayğının tərkib hissəsidir.

MR rəhbərlərinin fəaliyyət proqramında insan faktorunun aparıcı olduğuna dəlalət edən bir fakta  da diqqət yetirək. Dünyanın aparıcı naturopat alimləri aşkar ediblər ki, başda çörək olmaqla, bütün un məmulatları bədəndə turşu yaradır. Bu isə hər cürə xəstəliyin törədicisi sayılır. Bunu öz həyatımda sınaqdan keçirmişəm, əmin olmuşam ki, bütün un məmulatları, xüsusilə də əla növ undan hazırlanan ağ çörək xəstəlik mənbəyidir. Unun növü nə qədər yüksəkdirsə, onun xəstəlik törətmək qabiliyyəti bir o qədər güclüdür. Bunun elmi izahatı belədir: buğdanın ən dəyərli hissəsi onun qabığıdır, qabıqda hemoqlabin yaradan dəmir, buğda nüvəsindən düz 500 faiz çoxdur. Elektriklə işləyən müasir dəyirmanlar  dənin qabığını nüvəsindən ayırır, həm də dənin tərkibindəki canlı fermentləri yandırır. İnsanlar da yalnız nişastadan ibarət olan zərərli nüvəni özünə götürür, dəmirlə zəngin olan faydalı kəpəyi isə “ağılsız” heyvanlara verirlər.

Naxçıvanda bu yanlışlığın da qarşısı alınıb. Mağazalarda satılan çörəyin 90 faizi  kəpəkli undan bişirilən qidadır, yalnız 10 faizi əla növdən bişirilib. Camaat unu yandırıb məhv edən elektrik dəyirmanlarının xidmətindən imtina etməyə başlayıb. Culfa rayonunun Kırna kəndində qədim su dəyirmanı bərpa olunub. Bir yandan elektrik enerjisinə qənaət olunur,  digər tərəfdən də su dəyirmanı dəni yandırıb külə döndərmir, kəpəyi nüvədən ayırmır, insana az zərər verən kobud un növü hasil edir. Adamlar başa düşüblər ki, hər işdə dədə-baba qaydalarından kor-koranə imtina etmək və parıltısı göz qamaşdıran “Avropa standartlarını”  qarmalamaq zərər verir.

Müasir tipli dəyirmanların üyütdüyü ağ una aludəçilik də belə zərərli hallardan biridir. Buna görə də MR-da belə qərara gəliblər ki, harda imkan varsa, orda çayların üstə su dəyirmanları tikilsin. Belə qərarı ancaq alqışlamaq olar. Biz “köhnəlik” adı ilə bir çox faydalı şeylərdən imtina etmişik, indi də bunun altını çəkirik. Su dəyirmanları və onların üyütdüyü kəpəkli un da itirilənlər arasındadır.

Sağlam həyat tərzi

Hər şeyə tənqidi yanaşmağı bacaran ayıq-sayıq naxçıvanlılar itirilənləri qaytarır, sonradan yaranan pis vərdişləri tədricən aradan qaldırırlar. Qazanılan pis vərdişlərdən biri, deyərdim ən təhlükəlisi, insanların ətə olan dəhşətli hərisliyidir. Elmə çoxdan bəllidir ki, çörək kimi, ət də orqanizmdə turşu yaradır, bu isə, dediyimiz kimi bütün xəstəliklərin törədicisidir. Üstəlik, mal, qoyun, donuz, qaz, ördək ətlərində həddən ziyada çox xolesterin olması bu qida növünü daha təhlükəli edir. İnsan orqanizminə 120-180 şərti vahid xolesterin tələb olunduğu halda, sadaladığım heyvanların ətində 2000 ş.v. xolesterin var. Bu da ödün korlanmasına, damarların kirəcləşməsinə, kristalların və daşların əmələ gəlməsinə səbəb olur. Bu xəstəliklərin dərmanla müalicəsi yoxdur. Belədə cərrah bıçağı işə düşməli olur. Bu gün öd kisəsi, yaxud başqa bir orqanı kəsilib atılan insanlara tez-tez rast gəlmək olur. Qabaqlar, məsələn, İkinci Dünya müharibəsi illərində belə xəstəliklər yox idi. Onları ət-yağ hərisliyi yaradıb.

Belə xəstəliklərə qarşı ən yaxşı mübarizə maarifləndirmə işidir. İnsanlara anlatmaq lazımdır ki, ət insan qidası deyil, ətlərin hamısı insan orqanizmi üçün zərərlidir. Lakin içimizdə oturan güclü şeytana - nəfsə bir ilin, iki ilin  içində qalib gəlmək mümkün deyil. Ona görə də MR-da “çox zərərlidən az zərəliyə” proqramı işə salınıb:  balıqçılıq inkişaf etdirilir. Məlumdur ki, balıq ətində cəmisi 85 ş.v. xolesterin var. Son zamanlar MR-da  10 perspektivli balıqçılıq təsərrüfatı yaradılır. Jurnalist həmkarım və şair dostum Rahil Tahirli   məni onlardan biri ilə tanış etdi.

Qarabağlı kəndinin başı üstəki dağın sinəsində çağlayan gur çeşmənin suyu bir vaxtlar havayı axıb gedirdi. İş adamı İnşallah Abasov dağın döşündə balıq təsərrüfatı yaratdı. İndi ildə 300 ton balıq istehsal edir. Hazırda hovuzlarda 2 milyon balıq var. Əsasən farel növüdür.Bu il Ərdəbildən nərə balığı da gətirilib. “Gəlmələr” saf sulu və saf havalı  məkana yaxşı öyrəşir. Özü balaca konserv sexi də tikib və ilk məhsulunu bazara çıxardıb. İnqubasiya sexini də özü tikib. İş adamı onun üçün yaradılan şəraitdən razılıq etdi. Dedi ki, yeganə çətinlik qab və yem sarıdandır. Onları xaricdən almalı oluruq. Əminəm ki, yerli resursları səmərəli işlətmək üçün var qüvvə ilə çalışan MR rəhbərliyi tezliklə bu məsələni də  həll edəcək. 

Naxçıvanda öyrənməli və bütün ölkəyə tətbiq etməli yaxşı əməllər çoxdur. Onları yaymaq təkcə dövlətin işi deyil, həm də hər bir qeyrətli ziyalının, hamımızın işidir.

Ərşad ƏZİMZADƏ,

“Ana Təbiət” Natural Gigiyena Mərkəzinin rəhbəri, yazıçı-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • “Əsrin müqaviləsi” – 20

    “Əsrin müqaviləsi” – 20

  • Azərbaycan idmançıları Qırğız Respublikasında “Köçərilərin I Ümumdünya Oyunları”nda iştirak edirlər

    Azərbaycan idmançıları Qırğız Respublikasında “Köçərilərin I Ümumdünya Oyunları”nda iştirak edirlər

  • Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

    Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

  • Vətənin dilbər guşəsi – İsmayıllı...

    Vətənin dilbər guşəsi – İsmayıllı...

  • İnkişafın və yüksəlişin Füzuli təcrübəsi

    İnkişafın və yüksəlişin Füzuli təcrübəsi

Çox oxunanlar



Təqvim

Hava haqqında