İlham Əliyev yeni əsrin yeni lideridir

 

 

 

– Hörmətli Ramiz müəllim, XXI əsrin əvvəli dünyada ciddi qarşıdurmalar, qeyri-sabitlik, iqtisadi tənəzzül illəri kimi tarixə düşdü. Belə mürəkkəb dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inamlı inkişafı bütün dünyada, müxtəlif nüfuzlu auditoriyalarda müzakirə mövzusuna çevrilmişdir. Ölkəmizin əldə etdiyi nailiyyətləri, mövcud durumunu, daxili ictimai-siyasi vəziyyəti necə qiymətləndirərdiniz?

– Ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra dünyanın siyasi xəritəsində mühüm dəyişikliklər baş vermiş, yeni dünya nizamı formalaşmağa başlamışdır. Hesab edirəm ki, bu proses tam yekunlaşmamışdır və hazırda müşahidə olunan mürəkkəb siyasi və iqtisadi proseslər də məhz bu amillə bağlıdır. Lakin Azərbaycan xalqı bu nadir tarixi fürsətdən istifadə edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında öz müstəqil dövlətini qurmağa, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirməyə, dünyanın nüfuzlu ölkələrindən birinə çevirməyə nail olmuşdur. Şübhəsiz, öz müstəqil siyasi kursunu həyata keçirən, dinamik inkişaf edən, regionun lider ölkəsi olan və dünya miqyasında söz sahibinə çevrilmiş Azərbaycan Respublikası xalqımızın tarixi nailiyyəti, ən böyük sərvəti, həqiqətən də fəxr mənbəyimizdir. Bu gün dünyanın aparıcı iqtisadi və maliyyə institutlarının rəyləri və proqnozları, ən əsası, uğurlarımızın real mənzərəsi bir daha təsdiq edir ki, hələ 2004-cü ildə Prezident İlham Əliyevin bəyan etdiyi strateji hədəflər, qarşıya qoyduğu vəzifələr reallığa çevrilmişdir. Təsadüfi deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid dövrünü başa çatdırmışdır və hazırda dünyanın müasir və inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Son 10 ildə biz iqtisadiyyatımızı şaxələndirməyə, ümumi daxili məhsulu 300 faiz artırmağa, ən əsası, iqtisadiyyatın qeyri-neft sektorunu 2,4 dəfə yüksəltməyə nail olduq. Ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatları 30 dəfəyə yaxın çoxalaraq 46 milyard dolları ötmüşdür. Hesab edirəm ki, yoxsulluğun səviyyəsinin 49 faizdən 6 faizə, işsizliyin isə 5,2 faizə endirilməsi həyata keçirilən sosial siyasətin ən böyük uğuru hesab olunmalıdır. Respublikanın şəhər və rayonları, qəsəbə və kəndləri tanınmaz dərəcədə dəyişmiş və müasirləşmiş, əhalinin rifahı yüksəlmişdir.

Ölkəmiz öz tərəfdaşları ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi xəritəsini dəyişdirməkdə və onu zənginləşdirməkdə davam edir. Bu gün Cənubi Qafqaz iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın payına düşür. Öz enerji təhlükəsizliyini təmin etmiş ölkəmiz Avropanın enerji bazarında mühüm amilə çevrilir, həm də onun təhlükəsizliyinə öz töhfələrini verir. Hesablamalara görə, hazırda bir sıra Avropa ölkələrinin enerji bazarında Azərbaycanın payı 30-40 faiz təşkil edir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının üzvü kimi qlobal siyasətin formalaşmasında iştirak edir, sülhün və təhlükəsizliyin təmin olunmasına dəyərli töhfələr verir. “Eurovision”, BMT-nin İnternet İdarəçilik Forumu, Beynəlxalq Humanitar Forum, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı və onlarla digər mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəmiz həm də sosial, iqtisadi, mədəni-humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə edildiyi əlverişli məkana çevrilmişdir. Gələn ay Bakı şəhəri Davos İqtisadi Forumunu qəbul etməklə özünün dünya əhəmiyyətli iqtisadi mərkəz statusunu möhkəmləndirəcəkdir. 2015-ci ildə isə biz l Avropa Oyunlarını keçirən ölkə kimi tarixə düşəcəyik. Hesab edirəm ki, bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması inkişafımızın zirvəsi olmaqla uğurlarımızın, nailiyyətlərimizin miqyasını təcəssüm etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, inkişafımızın əsasında düşünülmüş siyasət, liberal islahatlar, dövlətin həyata keçirdiyi siyasətin xalq tərəfindən dəstəklənməsi, güclü hakimiyyət və sabitlik amilləri dayanır. Azərbaycan Prezidentinin praqmatik siyasi kursu, hakim komandanın səmərəli fəaliyyəti və ən əsası, xalqımızın güclü dəstəyi olmasaydı, bütün bu uğurlar əlçatmaz xəyal olaraq qalacaqdı. Buna görə də dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələr iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir. Davamlı iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, sosial rifah, xalqla hakimiyyət arasında vəhdət - budur, bugünkü Azərbaycanın reallıqları.

Təbii ki, bütün bunlar həm xalqımızın, həm də beynəlxalq ictimaiyyətin nəzərində, habelə dünyanın siyasi elitası arasında cənab İlham Əliyevin qurucu, yaradıcı, görkəmli dövlət və siyasi xadim obrazını şərtləndirən mühüm amillərdir. İlham Əliyev dövlətimizin möhkəmləndirilməsi, müstəqilliyimizin dönməzliyinin təmin olunması kimi məsul bir vəzifəni yerinə yetirməklə, həm də milli şüurumuzun inkişafı və cəmiyyətimizin müasirləşməsi üçün yorulmadan səy göstərir. O, hər bir situasiya üçün düzgün qərar verərək, onların həyata keçirilməsinə nail olur. İlham Əliyev siyasi lider kimi yeni dövrün tanınmış şəxsiyyətidir. Cənab Prezidentin qazandığı uğurlar xalqımıza böyük ümidlər verir, gələcəyə geniş yollar açır.

İlham Əliyev yeni əsrin yeni lideridir. Onun yeni əsrdə Azərbaycanın Prezidenti olmasının özündə rəmzi məna vardır. O, postsovet məkanında tamamilə yeni tipli siyasi liderin nümunəsinə çevrilmişdir. Hesab edirəm ki, cənab İlham Əliyevi səciyyələndirən başlıca xüsusiyyəti onun hədsiz səmimiliyidir. Həm milli mədəniyyətimizin, həm xalqımızın əxlaqi-mənəvi dəyərlərinin təbliğində, həm də ölkəmizin dolğun müsbət imicinin formalaşmasında ailəsinin hər bir üzvü onunla həmrəydir, həmfikirdir.

Cənab Prezidentin şəxsiyyətini xarakterizə edən cəhətlər, bir tərəfdən milli mentalitetimizdən və xalqımızın tarixi köklərindən, digər tərəfdən isə onun qloballaşma dövrünün siyasət aləminin parlaq nümayəndəsi olmasından, mütərəqqi ümumbəşəri dəyərlərə bağlılığından irəli gəlir. Müxtəlif dilləri mükəmməl bilməsi, geosiyasi şəraiti dəqiq qiymətləndirməsi, qlobal siyasi və iqtisadi prosesləri əvvəlcədən və aydın təsəvvür etməsi sayəsində cənab İlham Əliyev xarici ölkələrə rəsmi səfərləri zamanı müxtəlif çəkili siyasi liderlərlə görüşlərində, BMT, İslam Əməkdaşlıq Təşkilatı, Davos İqtisadi Forumu çərçivəsindəki təmaslarında, istər Luvrda, istərsə də Sinqapurda, həm Milli Elmlər Akademiyasının yığıncaqlarında, həm sadə vətəndaşların, sahibkarların, neftçilərin arasında özünü tamamilə sərbəst hiss edir. O, ünsiyyətin ilk anlarından ətrafdakılara xoş əhval-ruhiyyə aşılaya bilir, insanlar da ondan aldıqları müsbət enerjini qarşılıqsız qoymurlar. Cənab İlham Əliyev hər kəs üçün, ilk növbədə Prezidentdir, dövlət başçısıdır, milli liderdir, bununla yanaşı, həm də xalqın hər bir nümayəndəsinin nəzərində xeyirxah, qayğıkeş, səmimi bir insandır. Hesab edirəm ki, məhz buna görə də Azərbaycan xalqı, vətəndaşlarımız onun bütün təşəbbüslərini ürəkdən və yekdilliklə dəstəkləyirlər.

Cənab İlham Əliyevin xarakterində təbiətən çox böyük məsuliyyət hissi vardır. Bu cəhət ən çətin və mürəkkəb şəraitlərdə onun yeganə düzgün qərar qəbul etmək bacarığını üzə çıxarır. Bu məsuliyyət hissi daxili və xarici siyasət məsələlərinin, bir çox problemlərin həllində, məsələn, müasir dövrün reallıqlarını nəzərə almaqla və inkişaf perspektivini düzgün qiymətləndirməklə iqtisadiyyatın yeni əsaslarının yaradılmasında, onun şaxələndirilməsində və neftdən asılılığının aradan qaldırılmasında dövlət başçısına yardım etmişdir. 

– “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır. Cənab Prezidentin nitqi ətrafında gedən ictimai müzakirələrdə səmərəli dövlət idarəçiliyi məsələləri daha çox diqqəti cəlb etmişdir. Sizin bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

– Prezident İlham Əliyevin konfransdakı nitqi regionların sosial-iqtisadi inkişafı  Dövlət Proqramının icra vəziyyətinin təhlili və qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmiş, daha yüksək nəticələrin əldə olunmasına maneçilik törədən mənfi halların aradan qaldırılması ilə bağlı rəsmi strukturlar və dövlət qulluqçuları üçün fəaliyyət proqramı xarakteri daşımışdır. Cənab Prezident hesab edir ki, Azərbaycanın dinamik inkişafı və yüksək beynəlxalq statusu ilə səciyyələnən yeni strateji hədəflərə nail olmaq üçün vətəndaş cəmiyyəti quruculuğunun daha da dərinləşdirilməsi, bunun tərkib hissəsi kimi dövlət-vətəndaş münasibətlərinin ən mütərəqqi prinsiplərə uyğun təkmilləşdirilməsi, səmərəli dövlət idarəçiliyinin təmin olunması qarşıda duran vacib məsələlərdəndir. Konfransda Prezident İlham Əliyev həyata keçirdiyi siyasətin başlıca prinsipini açıqlamışdır–dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, hər şey Azərbaycan vətəndaşı üçün edilir. Cəmiyyətimizin demokratikləşməsi, Konstitusiyamızda təsbit olunmuş fundamental insan hüquq və azadlıqlarının təmin edilməsi, liberal bazar iqtisadiyyatı prinsiplərinin mənimsənilməsi, yəni, görülən bütün işlərin əsas hədəfi insan amilinin inkişaf etdirilməsi, onun sosial təminatının yaxşılaşdırılmasıdır. Cənab Prezidentin insan kapitalının inkişafına xüsusi önəm verməsi heç də təsadüfi deyildir. Bir tərəfdən, biz inkişaf deyəndə sadəcə iqtisadiyyatın tərəqqisini deyil, eyni zamanda, sağlam gələcək nəslin formalaşmasını nəzərdə tuturuq. İntellektual potensialın yaratdığı texnoloji innovasiyalar, beynəlxalq rəqabətədavamlı və ətraf mühitin qorunması ilə həmahəng olan iqtisadi fəaliyyət həm də bu məqsədə xidmət edir. Digər tərəfdən, həyata keçirilən dövlət siyasəti humanizm və insani dəyərləri idarəçiliyin əsas meyarına çevirməyi, Azərbaycanda əsl rifah dövləti yaratmağı hədəfləmişdir. Təbii ki, bu amillər də vətəndaşların cənab Prezidentə inam və etibarını gücləndirməklə yanaşı, həm də iqtisadi inkişaf prosesinə təkan vermiş, kollektiv səmərəliliyi artırmışdır.

Müasir dövrdə səmərəli dövlət idarəçiliyi hüquqi, siyasi və “dövlət menecmenti” adlanan yanaşmalardan irəli gələn prinsiplərin vəhdəti üzərində qurulur və dövlət qulluqçularının fəaliyyəti idarəçiliyin əsas meyarlarına uyğunluğuna görə qiymətləndirilir. BMT-nin geniş yayılmış metodikasına əsasən, hüququn aliliyi, bərabərlik və diskriminasiyanın yolverilməzliyi, vətəndaşların idarəetmə prosesində yaxından iştirakı, operativlik və konsensusa meyllilik, məhsuldarlıq və effektivlik, şəffaflıq və hesabatlılıq səmərəli dövlət idarəçiliyinin başlıca prinsipləridir. Rəsmi strukturların, dövlət qulluqçularının fəaliyyətinin qiymət meyarı həm onların qanunvericilik aktları və dövlət başçısının tapşırıq və tövsiyələri ilə müəyyən edilmiş vəzifə və öhdəliklərinin icra vəziyyəti, həm də vətəndaşların münasibəti ilə müəyyənləşir. Buna görə də Prezident İlham Əliyevin konfransda qeyd etdiyi mənfi təzahürlərin cəmiyyətimizdə yer alması yolverilməzdir və dövlət başçısının ölkəmizin gələcək inkişafı ilə bağlı baxışları ilə tam ziddiyyət təşkil edir. Mən bu fikri xüsusi olaraq qeyd etmək istərdim.

Bu gün hüquqi dövlətin və sosial rifah dövlətinin güclənməsi, Azərbaycanın inkişaf etmiş və güclü dövlətə çevrilməsi həyata keçirilən siyasi kursun prioriteti kimi müəyyən edilmişdir. Cənab Prezident konfransda bildirmişdir ki, əgər inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq istəyiriksə mənfi halları, korrupsiyanı aradan qaldırmalıyıq. Bu yanaşma, qəti siyasi iradə son illər ərzində ölkəmizin iqtisadi və sosial inkişafını stimullaşdıran əsas amillərdən biri olmuşdur. Lakin biz növbəti tarixi mərhələyə daxil olduqca, bu inkişafla birgə təzahür edən problemlər də öz xarakterini dəyişir. Nəticə etibarilə iqtisadi tərəqqi korrupsiyaya, digər mənfi hallara qarşı mübarizə sahəsində yeni çağırışların meydana çıxmasına səbəb olur və aparılan mübarizənin keyfiyyətcə yeni müstəviyə keçməsini tələb edir. Əlbəttə, belə mühitdə vətəndaşların da dövlət qurumlarına, vəzifəli şəxslərə olan tələbləri dəyişir. Onlar artıq rəsmi strukturlardan, məmurlardan səmərəli, nəzakətli, vətəndaşların arzu və istəklərini nəzərə alan şəffaf fəaliyyət gözləyirlər. Bütün bunlar cənab Prezidentin nitqinin mahiyyətini təşkil etməklə dövlət qulluqçularına və bütövlükdə cəmiyyətə olan çağırışıdır. Buna görə də Prezident İlham Əliyev konfransda vəzifəli şəxslərin fəaliyyətindəki bəzi nöqsanları tənqid etdi, sahibkarlara münasibətdə mövcud olan mənfi halların aradan qaldırılmasını ciddi tələb kimi qarşıya qoydu, yerli icra hakimiyyəti orqanlarının əhali ilə lazımi səviyyədə iş aparmamasından narazılığını bildirdi, dövlət qulluqçularını təvazökarlığa, dəbdəbəli ailə tədbirlərinə, insanları qıcıqlandıran məsələlərə və s. son qoymağa çağırdı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və s. tələblərini səsləndirdi. Cənab Prezident hesab edir ki,  vəzifəli şəxslər daha yaxşı işləyə bilərlər və bunun üçün mövcud nöqsanları aradan qaldırmaq lazımdır. Bu da hər bir məmur üçün siqnaldır, göstərişdir və fəaliyyət proqramıdır.

– Cənab Prezidentin nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi, xüsusilə mövcud mənfi halların aradan qaldırılması ilə əlaqədar hansı tədbirlərin görülməsi planlaşdırılır?

– Artıq Prezident Administrasiyası bu nitqdən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirməyə başlamışdır. İlk növbədə, ictimaiyyətin, vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyində, qərarların qəbul olunması prosesində daha yaxından iştirakının təmin edilməsi, vətəndaşlarla vəzifəli şəxslərin təmaslarının intensivləşdirilməsi, insanların rəy və təkliflərinin ümumiləşdirilməsi və nəzərə alınması, onların dinlənilməsi və problemlərinin həlli yollarının tapılması və s. işlər görülür. Bildiyiniz kimi, keçən il Prezident Administrasiyası qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşlər keçirmiş, irəli sürülən təklifləri öyrənmiş, onları təhlil etmiş, ümumiləşdirmiş və baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərmişdir. Hazırda həmin təkliflərlə bağlı dövlət strukturlarından Prezident Administrasiyasına daxil olan rəylər nəzərdən keçirilir. Belə görüşlər vətəndaş cəmiyyəti institutlarının dövlət idarəçiliyi prosesində daha yaxından iştirakı, dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın güclənməsi üçün əlverişli şərait yaradır və buna görə də davam etdiriləcəkdir. Həmçinin biz daha işlək, səmərəli ictimai nəzarət mexanizminin formalaşdırılması məsələləri üzərində düşünürük. Digər tərəfdən, mərkəzi icra orqanları rəhbərlərinin və rəhbər vəzifəli şəxslərinin yerlərdə müxtəlif sahələr üzrə açıq qəbullarının təşkil edilməsi nəzərdə tutulur. Həmin qəbulların nəticəsində hər bir rayon üzrə konkret sahələrlə bağlı problemlər öyrəniləcək, ümumiləşdiriləcək və cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq onların həlli təmin ediləcəkdir.

Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi, əlverişli investisiya mühitinin təmin olunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Ölkəmiz bazar iqtisadiyyatı yolu ilə inkişaf edir, iqtisadi sahədə liberal islahatlar davam etdirilir, azad sahibkarlığa böyük diqqət və qayğı göstərilir. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli şərtlərlə 1 milyard 200 milyon kredit verilmiş, ötən il bu rəqəm 250 milyon manat təşkil etmiş, bu il də həmin məbləğdə vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Bu gün Azərbaycanda ÜDM-in 83 faizinin özəl sektorda formalaşması sahibkarlığın gücünün, onun cəmiyyətin, dövlətin inkişafına əvəzsiz töhfələrinin göstəricisidir. Sahibkarlar vergi ödəyiciləridirlər, iş yerləri açırlar, dövlətin iqtisadi gücünü, resurslarını artırırlar. Haqlı olaraq sahibkar da dövləti özünə arxa hesab edir, ona güvənir. Bütün bu işlərin fonunda bəzi yerli icra hakimiyyəti orqanları rəhbərlərinin sahibkarlara münasibətində xoşagəlməz halların mövcudluğu,  əlbəttə ki, yolverilməzdir.

Prezident İlham Əliyev regionlara səfərlərində həmişə sahibkarlarla görüşür, onları narahat edən problemlərlə maraqlanır və bu məsələləri daim diqqət mərkəzində saxlayır. Təəssüf ki, bəzi yerli icra orqanlarının rəhbərləri bundan nümunə götürmürlər, sahibkarlara, yumşaq desək, soyuq münasibət bəsləyirlər. Bəzi hallarda isə sahibkarlıq subyektlərinə öz tabeçiliklərində olan strukturlar kimi yanaşırlar və onlara aidiyyəti olmayan tapşırıqlar verirlər. Azərbaycan Prezidenti sahibkarlara ən yüksək səviyyədə dəstək verirsə, onların arxasında durursa, bütün problemlərinə diqqət və qayğı ilə yanaşırsa, dövlət orqanları, vəzifəli şəxslər bundan nəticə çıxarmalıdırlar. Dövlət strukturları iş adamlarının fəaliyyətinə şərait yaratmalı, onlara mane olmamalıdırlar. Vergi ödəyiciləri kimi sahibkarların fəaliyyətinin stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər daha da sürətləndirilməlidir. Bütün bunlar dövlət başçısının, qanunlarımızın qarşıya qoyduğu vəzifələr və tələblərdir.

Əlavə olaraq qeyd edim ki, cənab Prezidentin tənqid və iradları artıq öz müsbət nəticəsini vermişdir. Bəzi rayonlarda sahibkarla icra hakimiyyətləri arasında yaranmış mübahisəli məsələlər həllini tapmışdır.

Bir məsələni də xüsusi qeyd etmək istərdim. Cənab Prezident çox haqlı olaraq məmurların təvazökarlığı məsələsini qaldırdı və öz iradlarını bildirdi. Dövlət qulluğu imtiyaz deyil, vətəndaş, cəmiyyət, xalq qarşısında vəzifədir. Bu vəzifəni icra edənlər özlərini vətəndaşlardan fərqləndirməməlidirlər, onlara yuxarıdan aşağı baxmamalıdırlar, təvazökar, insanlarla ünsiyyətdə səmimi, mədəni olmalıdırlar. Hər bir vəzifəli şəxsin davranışı vətəndaşda hakimiyyət, idarəçilik haqqında təsəvvür formalaşdırır. Cəmiyyətdə davranış qaydaları, dövlət qulluqçularının etik standartları mövcuddur. Ona görə də vəzifəli şəxslər, ilk növbədə, bu qaydalara əməl etməli, bütün cəmiyyət üçün nümunə olmalıdırlar. Dövlət başçısı bu məsələlərlə bağlı qəti tələblərini ortaya qoymuş və son xəbərdarlığını etmişdir. Cənab Prezidentin xəbərdarlığını qısaca belə ifadə etmək olar ki, əgər hər hansı vəzifəli şəxs öz fəaliyyəti sahəsində insanlarla qarşılıqlı əlaqələr qura bilmirsə, onların ehtiyaclarına biganə yanaşırsa və rəğbətini qazanmırsa, həmin şəxslə bağlı ciddi ölçülər götürüləcəkdir. Konfransdan qısa müddət sonra bir neçə rayonda həyata keçirilən kadr dəyişiklikləri bunun bariz nümunəsidir. Bu tədbirlər yalnız yerli icra hakimiyyəti orqanları ilə məhdudlaşmayacaqdır.

– Prezident İlham Əliyev konfransda korrupsiya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi barədə danışdı.  Azərbaycanda bu sahədə görülən işləri necə qiymətləndirirsiniz və dövlət başçısının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar hansı tədbirlərin görülməsi nəzərdə tutulur?

– Korrupsiya bütün cəmiyyətlərdə mövcud olan universal problemdir. Bu sosial təhlükə müxtəlif ölkələrdə özünü fərqli səviyyə və formalarda büruzə verir, sosial-iqtisadi inkişafa, cəmiyyətin mühüm problemlərinin həllinə, investisiya mühitinə, sahibkarlıq fəaliyyətinə birbaşa mənfi təsir göstərir. Son illər Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində beynəlxalq standartlara cavab verən hüquqi və institusional islahatlar həyata keçirilmiş, müvafiq qanunvericilik bazası, xüsusi təsisatlar yaradılmışdır. Bununla da ölkəmizdə korrupsiyaya qarşı mübarizənin işlək mexanizmi formalaşdırılmış, onun funksionallığı təmin edilmiş və hesab edirəm ki, ciddi nəticələr əldə olunmaqdadır.

Əlbəttə, indiyə kimi bu sahədə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün lazımi işlər görülsə də, proses davam olunmalıdır. Bütün sahələr kimi, bu sfera da daim yeniləşməli və təkmilləşməlidir. Müasir dövrdə korrupsiyaya qarşı effektiv mübarizə yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini, səmərəli maarifləndirmə tədbirlərini və informasiya texnologiyalarından istifadənin genişləndirilməsini zəruri edir. Düşünürəm ki, burada prioritet olaraq profilaktik-preventiv üsulların, sistemli islahatların, institusional dəyişikliklərin həyata keçirilməsi və yalnız son vasitə kimi cəza tədbirlərindən istifadə edilməsi vacibdir. Ona görə də, korrupsiyanın qarşısını almaq üçün ona şərait yaradan halların müəyyən edilməsi, risklərin daim qiymətləndirilməsi, struktur islahatlara, institusional metodlara geniş yer verilməsi, ictimai nəzarətin subyektləri olan vətəndaş cəmiyyəti, özəl sektor və kütləvi informasiya vasitələri ilə dövlət orqanları arasında əməkdaşlığın genişləndirilməsi böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə son illər həyata keçirilən tədbirlərin ardıcıllığına nəzər yetirsək, xüsusilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş iki mühüm  sənədin  –  “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın məzmununa və icra vəziyyətinə baxsaq, bu yanaşmanın bütün elementlərini görə bilərik. Fəaliyyət planlarının icrası nəticəsində həm dövlət orqanlarının, dövlət qulluqçularının fəaliyyəti, idarəetmə, xidmət sahələri təkmilləşdiriləcək, həm də rəsmi strukturların işində ictimaiyyətin iştirakı genişləndiriləcək və şəffaflıq təmin olunacaqdır.

 

Bununla yanaşı, sistem xarakterli islahatlar, institusional dəyişikliklər korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ən səmərəli alətlərdən biridir. Yeni institutların təsis edilməsi vasitəsilə sistemdə elə dəyişikliklər edilməlidir ki, korrupsiyaya şərait yaradan, rüşvət amilini mümkün edən səbəblər  aradan qaldırılsın. Cənab Prezident bu islahatlar sırasında “ASAN Xidmət”ini və “Elektron Hökumət” təşəbbüsünü xüsusi vurğulamışdır. “ASAN Xidmət” Azərbaycan Prezidentinin “dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır” devizinin praktiki reallaşmasıdır. Çünki bu xidmət vətəndaş məmnunluğunun təmin edilməsini, korrupsiya və rüşvət hallarının istisna olunmasını, müasir texnologiyaların tətbiqini, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasını hədəfləmişdir. Hazırda “ASAN Xidmət” mərkəzində 9 dövlət orqanı tərəfindən 23 hüquqi xidmət həyata keçirilir. Gələcəkdə  bu xidmətin coğrafiyasının genişləndirilməsi ilə yanaşı, onun növlərinin sayının artırılması və daha geniş sahələr üzrə vətəndaşlara xidmətlərin göstərilməsi nəzərdə tutulur.

 “Elektron Hökumət”in yaradılması və inkişaf etdirilməsi dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması üçün mühüm institusional islahat kimi xarakterizə olunur. Bilirsiniz ki, 2011-ci ildə “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə müvafiq elektron hökumət portalı yaradılmışdır. Bu gün 417 elektron xidmətdən 187-si üzrə “bir pəncərə” prinsipi əsasında xidmətlər təklif olunur. Bu sistemə artıq 40 dövlət orqanı qoşulmuşdur.

Onu da qeyd etmək istərdim ki, Azərbaycan 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulan ilk dövlətlərdən biri olmuşdur və digər beynəlxalq səylərdə də fəal iştirak edir. Həyata keçirilmiş tədbirlər BMT, Avropa Şurası, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının aidiyyəti qurumları və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Nəhayət, korrupsiya cinayətlərinə qarşı sərt və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində cinayət təqibinin həyata keçirilməsi üzrə ixtisaslaşmış orqan olan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərir. Bu idarəyə beynəlxalq səviyyədə təqdirəlayiq təcrübə kimi qəbul edilən korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilmişdir. İdarənin hesabatına görə, 2012-ci ildə 298 şəxs barəsində 170 cinayət işi tamamlanaraq məhkəmələrə göndərilmişdir. 2013-cü ildə isə artıq 26 şəxs barəsində 19 cinayət işi tamamlanmışdır. Hazırda 120 cinayət işi idarənin icraatındadır.

Beləliklə, həyata keçirilən kompleks tədbirlərin son nəticədə korrupsiya hallarının qarşısının alınmasında mühüm rol oynayacağı şübhəsizdir. Bu da öz növbəsində Prezident İlham Əliyevin siyasi iradəsini və qətiyyətini açıq nümayiş etdirir, qarşıya qoyulan məqsədə çatmaq üçün zəruri resursların səfərbər olunduğunu göstərir. Hesab edirəm ki, cənab Prezidentin korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə qəti tələbi, tapşırıq və tövsiyələri, habelə həyata keçirilən tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi sayəsində daha ciddi nəticələr əldə olunacaqdır.

– Siz, eyni zamanda, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının sədrisiniz. Komissiyanın bir müddət əvvəl növbəti iclası keçirilmişdir. Bu iclasın nəticələrini necə qiymətləndirirsiniz?

– Qeyd edim ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında tapşırmışdır ki, təhsil sahəsində mənfi halların aradan qaldırılması, korrupsiyaya qarşı mübarizəni daha səmərəli təşkil etmək məqsədi ilə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasında bu məsələ müzakirə olunsun. Bununla əlaqədar yanvarın 26-da təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə Komissiyanın geniş tərkibli iclası keçirilmiş, mövcud vəziyyət ciddi müzakirə olunmuşdur. İclasda cənab Prezidentin təhsil sahəsində mövcud mənfi hallar barədə iradları və tapşırıqları iştirakçıların diqqətinə çatdırılmış və müvafiq tapşırıqlar verilmişdir. Tədbirdə təhsilin keyfiyyəti, təhsil sahəsində, xüsusilə ali təhsil müəssisələrində korrupsiya və digər mənfi halların qarşısının alınması, təhsil idarəçiliyi, ümumi nəzarətin təşkili, təhsillə bağlı ictimai rəydə səslənən fikirlərə həssas yanaşılması, daxili resurslar hesabına müəllimlərin maaşlarının artırılması, ümumilikdə isə maliyyə şəffaflığının yüksəldilməsi və digər məsələlər müzakirə edilmişdir. Mənfi halların aradan qaldırılması məqsədilə Komissiya tərəfindən müvafiq qərar qəbul edilmiş, aidiyyəti dövlət qurumlarına bu istiqamətdə dönüş yaratmaq üçün təkliflərin hazırlanaraq Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya təqdim edilməsi tapşırılmışdır. Qeyd edilən mənfi hallar qısa müddət ərzində aradan götürülmədiyi təqdirdə Komissiya tərəfindən müvafiq tədbirlərin görüləcəyi iclas iştirakçılarına bildirilmişdir. 

– Ancaq konfransdan dərhal sonra müxalifət, bəzi mətbuat orqanları cənab Prezidentin tənqidi fikirlərini ümumiləşdirməyə və bütün idarəçilik sisteminə, ölkədəki vəziyyətə şamil etməyə cəhdlər göstərdilər. Ümumiyyətlə, bu gün müxalifətin aqressiv davranışı nə ilə izah oluna bilər?

– Azərbaycanın hər bir uğurunu öz faciəsi kimi qəbul edən bəzi siyasi qruplar və onların xarici havadarları ölkənin inkişafı ilə bağlı cəmiyyətdə yanlış təsəvvür formalaşdırmaq üçün ciddi səylər göstərirlər. Ancaq bu gün dünyada hansı cəmiyyət mənfi hallardan sığortalanmışdır? Belə bir ölkə yoxdur. Cənab Prezidentin iradları təsdiq etdi ki, Azərbaycan hakimiyyəti populizmdən, siyasi kapital qazanmaq üçün süni görüntü yaratmaq niyyətindən uzaqdır. Əgər idarəetmədə hansısa qüsurlar, nöqsanlar varsa, biz onu açıq deyirik və bu mənfi halları aradan qaldırmaq üçün əməli tədbirlər görürük. Bunun üçün  imkan da, qətiyyətli siyasi iradə də ortadadır.

Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Beynəlxalq təcrübə göstərir ki, əsasən müxalif qüvvələr növbəti seçkiyə hazırlığı ötən seçkilərdən dərhal sonra başlayırlar, vətəndaşlarla, müxtəlif sosial təbəqələrlə təmas qurmaq üçün cəhdlər göstərirlər, niyyətlərini, hərəkət planlarını müzakirəyə çıxarırlar, öz elektoratını toplamağa və tərəfdarlarını səfərbər etməyə çalışırlar. Təbii ki, Azərbaycanda fəaliyyəti mövsümi xarakter daşıyan, heç bir sosial bazası olmayan siyasi qrupların cəmiyyətə deməyə sözü yoxdur. İqtidarın uğurları onları çox məyus edir, hakimiyyət ehtiraslarının qarşısına keçilməz sədd çəkir. Buna görə də onlar faktiki olaraq hakimiyyətə qarşı deyil, dövlətə, xalqa qarşı müxalifətçilik yolunu tutmuşlar. İsmayıllı rayonunda baş vermiş məişət xarakterli hadisə bir daha təsdiq etdi ki, Azərbaycanda bəzi siyasi qruplar mahiyyət etibarilə dağıdıcılıq fəaliyyəti göstərir, insanlar arasında süni narazılıq yaratmağa, ictimai-siyasi sabitliyi pozmağa, dövlət məmurlarına şər atmağa, onları şantaj etməyə və hörmətdən salmağa, hakimiyyət strukturları və vəzifəli şəxslər arasında qarşıdurmalar yaratmağa, rəsmi orqanların fəaliyyətinə qara yaxmağa cəhdlər göstərirlər. Üstəlik, onlar öz dağıdıcı fəaliyyətini demokratiya şüarları ilə pərdələməyə çalışırlar.

Demək istərdim ki, cəmiyyətin demokratik inkişafı şəraitində şəxsiyyət azadlığı vacib prinsiplərdən biridir. Lakin ictimai asayiş heç də bundan az əhəmiyyət kəsb etməyən, ümumi şəkildə cəmiyyəti və xüsusilə demokratik birgəyaşayışı xarakterizə edən kateqoriyadır, haldır. Buna görə də “şəxsiyyət azadlığını” spekulyasiya mövzusuna çevirərək ictimai asayişi pozmağa çalışanlar bilməlidirlər ki, demokratiya və anarxiya antipoddurlar. Hüquq-mühafizə orqanlarının başlıca vəzifələrindən biri məhz  cəmiyyətdə nizam-intizamı təmin etmək, “icazəsiz tamaşa azarkeşləri”nin antisosial məqsədlərinin həyata keçirilməsinə imkan verməməkdən ibarətdir. Qəti şəkildə deyə bilərəm ki, həm də son illər müxtəlif ölkələrdə baş verən hadisələrdən ruhlanan dağıdıcı müxalifət Azərbaycanda belə yollara əl atmağa çalışır. Ancaq onlar bu cəhdlərin heç vaxt nəticə verə bilməyəcəyinə əmin ola bilərlər.

Digər tərəfdən, son 20 ildən artıq bir dövrdə dağıdıcı müxalifətin siyasi hakimiyyət uğrunda “mübarizəsi” imitasiya xarakteri daşımış və əslində, özünüifşanın bariz nümunəsinə çevrilmişdir. Məhz ona görədir ki, radikal, siyasiləşmiş dindar qruplara üz tutmuş və onları özlərinə tərəfdaş seçmişlər. Qeyd etməyi vacib bilirəm ki, cəmiyyət, Azərbaycan ictimaiyyəti əsassız şəkildə onun adından çıxış etməyə çalışan müxalif qrupların, özlərini “ziyalı” adlandıranların Əkrəm Əylislinin mənfur “Daş yuxular” əsəri ilə bağlı xəyanətə bərabər mövqeyini gördü və bir daha bunların hansı məzhəbə qulluq etdiklərinə əmin oldu. Hakimiyyətə iddialı olan, özünü iqtidara opponent hesab edən dağıdıcı müxalifət, yüksək ziyalı adından sui-istifadə edənlər ümummilli məsələlərdə də xalqın tərəfində yox, onun iradəsinə zidd mövqedə durdular və əsl simalarını açıq nümayiş etdirdilər. Çox təəssüf ki, cəmiyyətimizdə belələrinə hələ ki, yer tapılır. Ancaq ictimaiyyətimiz, vətəndaşlarımız, əsl ziyalılarımız, gənclərimiz həm Əkrəm Əylisli kimilərinin, həm də onun havadarlarının əməllərini görür və öz qəti mövqelərini ortaya qoyurlar. 

Təəssüf ki, bu qruplar həm də gəncləri çaşdırmağa, onlardan vasitə kimi istifadə etməyə çalışırlar. Bununla bağlı bildirmək istərdim ki, Facebook sosial şəbəkəsində ölkə həyatında baş vermiş ayrı-ayrı hadisələrə dair təxribat xarakterli çağırış edənlərin mövqeyi ictimai rəyi əks etdirmir. Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki “Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir. Əlbəttə, hüquq-mühafizə orqanlarının fəaliyyətinə, istintaqa təsir edə biləcək hər hansı şərh vermək düzgün olmazdı. Lakin hadisədən məlumatı olan hər bir şəxsi heç bir yerdə işləməyən gənclərdə bu qədər narkotik vasitənin, pulun haradan olduğu maraqlandırır. Yəqin ki, istintaq bu məsələlərə aydınlıq gətirəcəkdir.

 

Bu xüsusda xatırlatmaq istərdim ki, 2011-ci ildə əsasən gənclərdən ibarət kütlələr sosial narazılıq zəminində Böyük Britaniyada iğtişaşlar törətdilər. Hakimiyyət, hüquq mühafizə orqanları repressiv metodlardan istifadə etməklə 2000-ə yaxın adamı saxladı, iğtişaşların təşkilatçıları olan gənclər məhkum olundu, internetə çıxış, Facebook, Twitter kimi sosial şəbəkələrə giriş məhdudlaşdırıldı. Əlbəttə, burada Azərbaycanla hər hansı paralel aparmaq düzgün olmazdı, çünki ölkəmizdə belə hallar üçün heç bir zəmin yoxdur. Ancaq hesab edirəm ki,  ölkəmizlə bağlı davamlı şəkildə əsassız və qərəzli iddialar irəli sürən bəzi maraqlı xarici dairələr, təşkilatlar dünyada və Azərbaycanda baş verən hadisələrə adekvat, obyektiv yanaşmalı, ikili standartdan əl çəkməlidirlər.

 

– Bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Tam əksəriyyət təşkil edən sağlam gəncliyin öz  həmyaşıdlarının belə hərəkətlərinə münasibəti necə olmalıdır?

– Əlbəttə, müxalifətin, müəyyən xarici antiazərbaycan dairələrin  təsiri altına düşən belə qeyri-vətənpərvər gənclərin sayı çox azdır. Çünki bu gün dövlətin həyata keçirdiyi siyasət gənc nəslin hərtərəfli inkişafına, problemlərinin həllinə, onların dövlət idarəçiliyində, ictimai həyatda, cəmiyyətdə gedən proseslərdə fəal iştirakına, vətənpərvər, öz dövlətinin və xalqının təəssübünü çəkən vətəndaş kimi formalaşmasına tam şərait yaradır. Cənab Prezident həmişə gənclərlə görüşür, onlarla fikir mübadiləsi aparır, problemləri ilə maraqlanır və bu problemlərin həlli məqsədilə müvafiq fərman və sərəncamlar imzalayır, tapşırıqlar verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə qəbul olunmuş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu sənəd çərçivəsində həyata keçirilən tədbirlər cənab İlham Əliyevin gəncliyimizə diqqət və qayğısının bariz nümunəsidir. 2012-ci ildə yaradılmış Gənclər Fondu gənclər təşkilatlarının müxtəlif layihələrinin maliyyələşməsini təmin etməklə onların fəallığını artırır, müxtəlif sahələrdə potensiallarının daha geniş realizə olunması üçün əlavə stimul yaradır.

Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi, onların irəli çəkilməsi və dövlət idarəçiliyində yaxından iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülür. Dövlətin kadr potensialının gənclərin hesabına inkişaf etdirilməsi idarəçiliyin aktual məsələlərindən birini təşkil edir. Xarici ölkələrin aparıcı ali məktəblərində gənc azərbaycanlıların təhsil almasını dəstəkləmək məqsədilə xüsusi dövlət proqramı qəbul edilmişdir. Proqram çərçivəsində xaricdə təhsilini davam etdirən gənclərimizin sayı artıq 1800 nəfəri keçmişdir. Onlar yüksək bilikləri və dünyagörüşü ilə Azərbaycanın gələcəyinə öz töhfələrini verir, ölkəmiz haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak edirlər. 

Bütün bunlar onu deməyə əsas verir ki, ölkənin tam əksəriyyət təşkil edən sağlam gəncliyi indiyə qədər olduğu kimi, bundan sonra da dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəkdir. Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların  təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə  disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar.

– Siz bəzi maraqlı xarici dairələri, təşkilatları obyektivliyə dəvət etdiniz. Lakin Azərbaycanda fəaliyyət göstərən bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının və onların yerli nümayəndəliklərinin fəaliyyətində gizli korrupsiya, vəsaitlərin narahatlıq doğuran məqsədlərə istifadə olunması halları mövcuddur. Bu barədə nə deyə bilərsiniz?

– Hazırda Azərbaycanda 100-dən artıq beynəlxalq qeyri-hökumət təşkilatı Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Ancaq qeydiyyatdan keçməyən, lakin faktiki işləyən təşkilatlar da var ki, onların fəaliyyəti bir sıra suallar doğurur. Qeydiyyatdan keçən beynəlxalq QHT-lərin maliyyə hesabatlığı çox acınacaqlı vəziyyətdə olduğundan, xarici donorlardan daxil olan qrantların və ianələrin böyük hissəsinin gerçəkdə hara xərcləndiyi bilinmir. Bu məsələdə şəffaflıq yoxdur. Mövcud qanunvericiliyə görə, yerli və xarici QHT-lərin gəlirləri və xərcləri barədə məlumat dövlət və ya kommersiya sirri ola bilməz. Onlar hər il Maliyyə Nazirliyinə müvafiq hesabat verməli, nazirlik isə qanunun tələblərinin yerinə yetirilməsinə ciddi nəzarət etməlidir. Bir sıra hallarda bu təşkilatların əsl hədəfləri qeyri-müəyyən qalır. Azərbaycanın milli təhlükəsizliyinə təhdidlər yarananda, hökumət hansısa addımlar atanda onların maliyyələşdirdiyi yerli müdafiəçilər, beynəlxalq havadarları dərhal hay-küy salır, birləşmək, söz azadlığının pozulduğunu iddia etməyə başlayırlar. Bəzən həmin saxta QHT-lər diplomatik müdafiədən də istifadə etməkdən çəkinmirlər.

Aparılan təhlillər göstərir ki, hətta qrantlar qeydiyyata alındıqdan sonra külli miqdarda maliyyə vəsaitinin ayrılması davam etdirilir və onların barəsində məlumatlar verilmir. Vəsaitlərlə bağlı aparılan əməliyyatlar, məlumatsızlıq latent korrupsiya təzahürlərindən xəbər verir.

Araşdırmalar zamanı başqa gizli mexanizmlər də aşkarlanmışdır. Beynəlxalq QHT-nin yerli nümayəndəliyi qeydiyyata alınmır, amma baş təşkilat yerli QHT-lərə qrant verir və ya əksinə, yerli nümayəndəlik qeydiyyata alınır, amma baş təşkilat yenə də yerli QHT-lərə birbaşa qrant verməkdə davam edir. Yerli nümayəndəliklərin qeydiyyata alınmamasına baxmayaraq, bəzi beynəlxalq QHT-lərin baş təşkilatları hər hansı bir şəxsə etibarnamə verir və onu nümayəndə təyin edirlər. Həmin şəxs ölkədə fəaliyyətə başlayır. Bu fəaliyyət isə hüquqi baxımdan qanunsuzdur.

Bəzi beynəlxalq QHT-lər reallıqda mandatlarına aid olmayan məsələlərlə məşğuldurlar. Onlar rəsmi olaraq müəyyən qrant layihəsi elan edir, lakin reallıqda tamamilə başqa, bir çox hallarda dağıdıcı məqsədlər üçün vəsait ayırırlar. Təhsil sahəsində ixtisaslaşan bəzi təşkilatlar qeyri-təhsil layihələrini, qaçqın və məcburi köçkünlərə yardım etməli olan beynəlxalq QHT-lər müxalifət QHT-lərini maliyyələşdirməklə məşğul olurlar. Onların donorları qrant verəndə pulun nəyə xərclənəcəyini yaxşı bilirlər. Demək, əsl məqsəd təhsil, qaçqınlara və məcburi köçkünlərə yardım layihələri deyil, öz təsir dairələrini genişləndirməkdir. Hətta humanitar təşkilat kimi qeydiyyatdan keçən bəzi xarici QHT-lər anlaşma memorandumlarına zidd olaraq Vergilər Nazirliyində qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə məşğul olurlar.

Bu mövzuda əlavə olaraq qeyd etmək istərdim ki, bəzi xarici QHT nümayəndələrinin vaxtaşırı öz hesablarından iri məbləğdə nağd pul çıxarmaları ilə ölkədə baş verən hadisələr arasında sinxron bağlılıq müşahidə olunur. Bu çıxarışların həm də aylıq xarakter daşıması ayrı-ayrı beynəlxalq QHT-lərin həmin vəsaitləri müxalifətə aylıq maaş şəklində payladıqları barədə şübhələr yaradır. Sosial şəbəkələr vasitəsilə gənclərin dünyagörüşü radikallaşdırılır, onlar təşkilatlandırılır, pul hesabına qanunsuz tədbirlərdə iştiraka stimullaşdırılırlar. Belə təşkilatların bəzi nümayəndələri əvvəllər işlədikləri ölkələrdə vətəndaşları kütləvi iğtişaşlara təhrik etdikləri üçün oradan xaric edilmişlər. Hazırda isə qərəzli fəaliyyətlərini Azərbaycanda davam etdirirlər. Halbuki, həmin QHT-lər uzun müddət Azərbaycanda qeydiyyatdan keçmək üçün dəfələrlə müraciət etmiş və öz üzərlərinə bitərəflilik, qərəzsizlik və balanslılıq prinsiplərinə riayət edəcəkləri barədə öhdəliklər götürmüşlər.

Beynəlxalq QHT-lərin Azərbaycandakı fəaliyyəti ilə bağlı bir fakta münasibət bildirmək istərdim. Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq. Üstəlik, MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır.  

Biz müşahidələrimizi və tədqiqatlarımızı davam etdiririk. Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini pozan digər təşkilatların adının çəkilməsini hələ ki, məqsədəmüvafiq hesab etmirəm. Lakin nəticə çıxarmasalar, onları Azərbaycan qanunlarına hörmət etməyə məcbur edəcəyik. Ədliyyə Nazirliyi də nizamnamə məqsədlərindən kənara çıxan QHT-lərə bir neçə dəfə xəbərdarlıq etmişdir. Əgər həmin QHT-lər bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində də ciddi tədbirlər görüləcəkdir. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürməlidir.

– Ancaq bir sıra hallar ölkəmizdə fəaliyyət göstərən diplomatik missiyaların da həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyinin tələblərinə laqeyd yanaşdığını deməyə əsas verir.

– Sizinlə razıyam. Beynəlxalq münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyin əməkdaşları qəbul edən dövlətin ərazisində hər hansı şərait və hadisəni aydınlaşdırarkən və ya öyrənərkən bunu qanuni vasitələrlə, başqa sözlə desək, qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan edilməyən vasitələrlə yerinə yetirmək öhdəliyi daşıyırlar. Həmçinin sözügedən beynəlxalq konvensiyaya əsasən, diplomatik nümayəndəliklərin əsas funksiyalarından biri məhz iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və bu münasibətlərin irəli aparılmasına çalışmaqdır. Lakin bəzi hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar.

Digər tərəfdən, Vyana Konvensiyasına əsasən qəbul edən dövlətin diplomatik missiyanın əməkdaşlarının toxunulmazlığını təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək öhdəliyi vardır. Bu öhdəliyin icrası ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi həm ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalara müvafiq rəsmi bildiriş ünvanlamış, həm də həmin sənədi öz internet səhifəsində yerləşdirmişdir. Bildirişdə qeyd olunur ki, diplomatik missiyaların əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri və qoşunların təmas xətti istisna olmaqla, ölkənin bütün ərazisində qarşılıqlılıq prinsipi əsasında sərbəst hərəkət etmək imkanına malikdirlər. Bununla yanaşı, onlara tövsiyə olunur ki, sərhəd bölgələrinə səfərlər planlaşdırarkən öncədən bununla bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılsın. Həmçinin Azərbaycanın hər hansı bölgəsində rəsmi görüşlər keçirmək və ya rəsmi tədbirlərdə iştirak etmək planlaşdırılırsa, bu halda nəzərdə tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan XİN-ə nota ilə yazılı müraciət olunmalıdır. Bəzi hallarda Konvensiyanın tələblərinin və Xarici İşlər Nazirliyinin tövsiyələrinin nəzərə alınmaması, ilk növbədə, diplomatların təhlükəsizliyinin təmin edilməsinə maneə yaradır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ölkədə akkreditə olunmuş diplomatik missiyalar fəaliyyətlərində Vyana Konvensiyasının müddəalarını rəhbər tutmalı və Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidirlər.

– Ramiz müəllim, Siz bu il keçiriləcək seçki mövzusuna da toxundunuz. Prezident Administrasiyası namizədlə bağlı nə düşünür, seçkilərə neçə hazırlaşır və konkret olaraq budəfəki seçkidən nə gözləyir? Bütün əvvəlki seçkilərdə beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edilmişdir. Builki seçkilərdə də belə əməkdaşlıq olacaqmı?

– Son 20 ilin təcrübəsi göstərir ki, Azərbaycan vətəndaşları öz intellekti, böyük dövlət xadimi qabiliyyəti, idarəçilikdə yenilikçiliyi ilə seçilən və müasir beynəlxalq siyasətin bütün nüanslarını bilən lider ətrafında birləşirlər. Prezident İlham Əliyev milli liderə xas bütün keyfiyyətlərə malikdir. Ötən 10 ildə onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın hərtərəfli və dinamik inkişafını, cəmiyyətimizin rifahını, ölkəmizin milli maraqlarını və beynəlxalq nüfuzunun yüksəlməsini təmin etmişdir. Cənab Prezident  ümummilli lider Heydər Əliyevin siyasi kursunu dönmədən davam  etdirmiş, xalqın etimadına və dəstəyinə arxalanaraq bütün qüvvəsini və hakim komandanın potensialını səfərbər etməyi bacarmış, bugünkü inkişafa nail olmuşdur. Buna görə də xalqımız birmənalı şəkildə cənab İlham Əliyevin  həyata keçirdiyi siyasi kursu dəstəkləyir, onun gələcəkdə də davam etdirilməsini zəruri sayır, bu gün ölkədə ona alternativ görmür. Təsadüfi deyil ki, Həmkarlar İttifaqları Konfederasiyası, Ağsaqqallar Şurası, Qızıl Aypara Cəmiyyəti  kimi Azərbaycanın ən kütləvi, böyük təşkilatları artıq cənab İlham Əliyevin namizədliyini irəli sürmüşlər. Bir daha qeyd etmək istəyirəm ki, əgər biz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi heyrətamiz nailiyyətləri, keçirilmiş sosioloji sorğuların nəticəsi olaraq onun xalq arasında 87-93 faiz təşkil edən yüksək reytinqini və beynəlxalq nüfuzunu, habelə cənab Prezidentin öz sıralarında 600 mindən artıq vətəndaşı birləşdirən, ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etdiyini nəzərə alsaq, bu ilin payızında keçiriləcək prezident seçkilərinin nəticəsini görmək çətin olmaz – seçicilərin böyük əksəriyyəti öz səslərini Prezident İlham Əliyevə verəcəkdir.

 Buna baxmayaraq, təbii ki, biz Administrasiya olaraq bu seçkilərə təşkilati nöqteyi-nəzərdən hazırlaşırıq, Mərkəzi Seçki Komissiyası ilə birlikdə üzərimizə düşən işləri görürük, fəaliyyətimizi seçki praktikasının təkmilləşdirilməsi, demokratik, azad və ədalətli seçkilərin keçirilməsi istiqamətində qururuq.

Əvvəlki illərdə olduğu kimi, beynəlxalq təşkilatlarla əməkdaşlığı yenə də davam etdirəcəyik. Həm ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, MDB, GUAM və digər beynəlxalq təşkilatlarla, həm də bizimlə ikitərəfli əlaqələri olan ölkələrlə, onların seçki institutları ilə  əməkdaşlıq edəcəyik.

Hesab edirik ki, seçkinin təşkili və seçki prosedurlarının şəffaflığının təmin olunması istiqamətində xarici tərəfdaşlarımızla birgə səmərəli və faydalı  iş aparacağıq. Ancaq bütün hallarda son sözü Azərbaycan vətəndaşı deyəcək və kimin nə düşünməsindən asılı olmayaraq yalnız seçici səsi hər şeyi həll edəcəkdir.

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • Füzuli

    Füzuli

  • İmişli

    İmişli

  • Mingəçevir

    Mingəçevir

  • TƏYYARƏ UÇUŞDADIR

    TƏYYARƏ UÇUŞDADIR

  • Adana

    Adana

Çox oxunanlar



Təqvim

Hava haqqında