Dmitri Savelyev: Genişləndirilmiş Rusiya – Azərbaycan əməkdaşlığı Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir

Yaxud, Nikol Paşinyan iyulun 11-də Belçika paytaxtında Rusiyanın əleyhinə nələri danışacaq?
Artıq regionun siyasi leksikonunda “bugünkü Ermənistan həqiqətləri” ifadəsini işlətməkdən vaz keçənlər gündən-günə, saatbasaat artır. Çünki bu gün işğalçı ölkədə həqiqətdən əsər-əlamət yoxdur. Dövlət, demək olar ki, idarə edilmir, ordu çaşqınlıqda, siyasətçi və politoloqlar  həyəcanda, xalqın ziyalı təbəqəsi çıxış yolu axtarmaqda, sadə vətəndaşlar isə qorxu və təlaş içərisindədir. Serj Sarkisyan əsarətindən xilas olan xalq Nikol Paşinyan bataqlığında məhv olmamaq üçün “saman çöpü” axtarışındadır. Ancaq Paşinyan hökuməti ölkədəki bütün “saman çöplərini” elə gizlədib ki, xalqın əli ona da  çatmır. 
 
İndi İrəvanda aranın qarışıb, məzhəbin itməsinə səbəb olan çoxsaylı faktların heç birinə ikinci dərəcəli məsələ kimi baxmaq mümkün deyil. Həmin faktlar nədən ibarətdir? Əvvəla: Siyasətdə və dövlət idarəçiliyində tamamilə naşı olan baş nazir Nikol Paşinyan idarəetmə ipinin “ucunu itirib”. İndi qorxur ki, həmin ipin itmiş ucu Serj Sarkisyanın əlinə keçmiş olar.  Bu qorxu da təsadüfi deyil. Çünki Serj Sarkisyan dəfələrlə sübut edib ki, o, təkcə Azərbaycan xalqının deyil, həm də erməni xalqının qatı düşmənidir.  Hakimiyyətdən və Moskvanın dəstəyindən əli tamamilə çıxan Serj Sarkisyan istənilən an Nikol Paşinyanın və onun tərəfdaşlarının başına od ələməyə hazırdır. 
İkinci: Rusiya hakimiyyəti  Ermənistanın dövlət rəhbərlərinin və bəzi deputatların “antirusiya” çağırışlarından təngə gəlib. İndi Moskvada Ermənistanın “göz yaşlarına”  ermənilərdən savayı  inanan  qalmayıb. Kreml dəfələrlə İrəvan rəhbərliyini ağıllanmağa çağırsa da, işğalçı ölkə rəsmiləriniinə təsiri olmur. Daha doğrusu,  ağıllana bilmirlər. Bir ayağı okeanın o tayında, bir ayağı NATO-da qalan Ermənistan rəhbərliyi, eyni zamanda,  Kremlin də etimadını bərpa etməyə çalışsa da, hələlik heç nə alınmır. Moskvadakı proseslər tamamilə Ermənistanın əleyhinə olaraq davam edir. 
Üçüncü: Kremlin ideoloqu Aleksandr Dugin və parlamentin deputatı Dmitri Savelyevin də daxil olduğu geniştərkibli Rusiya nümayəndə heyəti Azərbaycanın Qarabağ bölgəsində, Heydər Əliyevin 1994-cü ildə erməni işğalından təmizlədiyi, İlham Əliyevin isə 2016-cı ildə Lələtəpə yüksəkliyinə bayraq sancaraq,  tamamilə təhlükəsiz şəraitə gətirərək bərpa etdiyi Cocuq Mərcanlı kəndində keçirilən beynəlxalq tədbirdə iştirak etməsi ermənilərin başına daş salıb. Ermənilər bu məsələdən sonra yanmaqda davam edən 
İrəvan – Moskva körpüsünün qalan dayaqlarına da od vururlar. Elə bilirlər ki, həmin körpünün yanması Moskvanın zərərinə olacaq. Ancaq kimin zərərinə olduğu göz qabağındadır. 
Dördüncü: Azərbaycan Ordusunun 100 illiyi münasibətilə Bakıda keçirilən hərbi paradda Türkiyə qırıcılarının da iştirak etməsi, eləcə də paraddan dərhal sonra Silahlı Qüvvələrimizin ümumqoşun hərbi təlimlərinə başlaması 2016-cı ildə Lələtəpədə, 2018-ci ildə isə Naxçıvanın Günnüt ərazisində məğlubiyyətə uğramış erməni komandanlığını necə narahat edibsə, İrəvanda asayişi qorumalı olan daxili qoşunların əsgərləri qarışıq böyük bir kontingenti Dağlıq Qarabağa göndəriblər. Məhz İrəvandakı sabitliyi qorumalı olan əsgərlərin Qarabağa göndərilməsindən sonra katolikos II Qareginin əleyhdarları onun iqamətgahına girə bildilər, əsgər analarını döyüb meydandan qovmağa adam tapılmadı, Serj Sarkisyan tərəfdarları İrəvanda min bir hoqqadan çıxmağa başladılar və sair. 
Beşinci: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəsmiləri həmişə olduğu kimi,  bu dəfə də bəyanat verdilər ki, biz, Ermənistana qarşı başlanacaq istənilən hərbi müdaxilə zamanı bu ölkənin  ərazi bütövlüyünün qorunmasına kömək edəcəyik. Amma... məhz həmin amma məsələsi İrəvan rəhbərliyini dəhşətli dərəcədə narahat edir. Belə ki, KTMT nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır və əlavə edirlər ki, Azərbaycan  Silahlı Qüvvələri Dağlıq Qarabağı və işğal edilmiş digər rayonları azad etmək üçün hərbi əməliyyatlara başlayarsa, bu, Ermənistana hərbi müdaxilə kimi qəbul edilməyəcək. Çünki söhbət Azərbaycanın öz ərazi bütövlüyünü  bərpa etməsində gedir. Xatırladaq ki, Ermənistanın KTMT-dən çıxmasının tərəfdarı olan və “Putin, rədd ol!” etiraz aksiyasına qatılmış Armen Qriqoryan da hökumətin əksər üzvləri kimi, Qərbin, Amerikanın adamı sayılır. Bütövlükdə,  Paşinyan öz komandasını  qərbyönlü kadrlardan, “Sorosun uşaqları”ndan qurmaqla, Rusiyanın adamlarını isə kənarlaşdırmaqla Moskvanın əsəblərıni çox ciddi sınağa çəkib.    
Altıncı:  İyulun 11-də Belçikanın paytaxtı Brüsseldə  NATO-nun Rusiya əleyhinə olan bir tədbiri keçiriləcək və Nikol Paşinyan həmin tədbirdə çıxış etməyə hazırlaşır. Həm Brüsseldə, həm Moskvada, həm də İrəvanda hamı maraqla gözləyir ki, Nikol Paşinyan adı çəkilən hərbi blokun tədbirindəki ilk çıxışında nə “qaynadacaq?” Bu çıxış bir neçə mənada Ermənistan baş nazirinin ölkədən kənardakı son çıxışı ola bilər. Çünki o, sözün həqiqi mənasında, yarımçıq adamdır. 
İndi isə bəzi məsələlərin təfərrüatları barədə. Dövlət Dumasının komitə sədrinin müavini Dmitri Savelyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində keçirilmiş "Azərbaycan -- Rusiyanın Cənubi Qafqazdakı yeganə müttəfiqi" konfransının yekunlarını şərh edərkən deyib ki, Müasir siyasi qeyri-sabitlik şəraitində həm Rusiya üçün, həm də Azərbaycan üçün ölkələr arasında əlaqələrin genişləndiriməsi və möhkəmləndirilməsi zərurətə çevrilib, çünki bizim dövlətlərimiz birlikdə Cənubi Qafqazda sülh və sabitliyi təmin etməyə qadirdir. Bu gün bütün regionda qeyri-sabitlik təhlükəsi yayan Ermənistanda baş vermiş hadisələr xüsusi aktuallıq kəsb edir.
Dövlət Dumasının rəsmisi əlavə edib ki, "Beynəlxalq ictimaiyyət fəaliyyət göstərmədikcə,  Azərbaycan özü müəyyən addımlar atmaq məcburiyyətindədir. Biz hamımız 2018-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndinin və onun ətrafındakı strateji yüksəkliklərin işğaldan azad edildiyinin şahidi olduq".
Məhz həmin fikirlərin səsləndirilməsindən sonra Dmitri Savelyev ermənilər tərəfindən hücumlara məruz qalıb. Belə ki, “Rossiya 1” telekanalında “Vladimir Solovyovla axşam” siyasi tok-şousundakı çıxışında erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov  münaqişə zonasına getdiyinə və dediyi sözlərə görə Dmitri Savelyevi  məhv etməyə çağırıb. Hətta buna görə Savelyevi  “Rusiya Federasiyasının düşməni” də adlandırıb. 
Savelyevin məhv edilməsi zərurəti barədə söylənilən cəfəngiyyatlar kütləvi informasiya vasitələrində kifayət qədər müzakirə edildi. Bildirildi ki, ermənilər  mənsub olduqları  siyasi terror təşkilatlarının iş üslubuna uyğun olaraq,  məqsədlərinə çatmaq, öz yalanlarını ört-basdır etmək üçün hədədən, terrordan istifadə edirlər. İndiyədək dünyanın əksər ədalətsevər insanlarının Dağlıq Qarabağ probleminə onların gözü ilə baxmalarını da elə bununla izah etmək olar. 
Başqa bir təfərrüat materialında bildirilir ki, Kreml artıq Nikol Paşinyanın kadrlarına da şübhəli baxmağa başlayıb. Belə ki,  Moskvadan göstəriş gəlib ki, “Rus NATO-su” adlandırılan KTMT-nin  məxfi məlumatları bu qurumun  qərbyönlü təhlükəsizlik katibi olan Armen Qriqoryanın əlinə keçməsin. Ermənistan rəhbərliyi nə qədər and-aman eləsə də, Moskva general Armen Qriqoryana qətiyyən inanmır. Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyanın NATO sammitinin keçiriləcəyi Brüsselə səfərə ciddi şəkildə hazırlaşması da Moskvanın diqqət mərkəzindədir. 
Məlum olduğu kimi,  iyulun 11-də Belçika paytaxtında NATO-nun ikigünlük sammiti olacaq. Gündəlikdəki əsas mövzulardan biri də “Rusiya təcavüzü” ilə bağlıdır. Ancaq belə görünür ki, Moskvanı alyansın gündəliyindən daha çox, satellit Ermənistanın təzə rəhbərliyinin siyasi özbaşınalığı, eləcə də,   NATO və Avropa Birliyi  yetkililərinin Paşinyanı şirnikləndirmək yönündə verdikləri bəyanatlar qıcıqlandırır. 
Kütləvi informasiya vasitələri yazırlar ki,   həm NATO, həm də mənzil-qərargahı Brüsseldə yerləşən AB rəsmilərinin son açıqlamalarından belə məlum  olur ki, Qərb “məxməri inqilab”ın banisi Paşinyanı  səbirsizliklə gözləyir, ona olduqca isti qəbul vəd edirlər.  AB-nin işğalçı ölkədəki təmsilçisi Pyotr Svitalsiki bəyan edib ki, AB-də Nikol Paşinyan çox isti bir münasibətə qonaq ediləcək. 
Bəs Kreml bütün bunlara göz yumacaqmı? Əsla! Ekspertlərin fikrincə, müşahidələr göstərir ki, Brüssel zirvəsi yaxınlaşdıqca Moskvanın İrəvana və ona “gəl-gəl deyən”  NATO-ya qəzəbi böyüyür, səbir kasası dolmaq üzrədir. Məsələn, Aleksandr Dugin Cocuq Mərcanlıya səfər edənlərə hücum çəkənlərə sərt cavab verərkən deyib: “İrəvan NATO ilə daha çox yaxınlaşaraq, Rusiyanın Azərbaycanla yaxınlaşmaq üçün istənilən addımına mane olmaq istəyir...  Belə çıxır ki, Ermənistan bizim üçün Rusiyaya nəyin faydalı olduğunu, nəyin Rusiya siyasətində yolverilməz olduğunu izah etməlidir? Bu, təhqirdir. Bu, Rusiyaya münasibətdə qeyri-dost münasibətdir”.
Ermənistanın kütləvi informasiya vasitələri isə yazırlar: “Ermənistan hakimiyyəti Nikol Paşinyanın Avropaya  ilk rəsmi səfəri ilə bağlı olduqca ciddi problem qarşısındadır. Bu, nəinki Rusiyaya xoş getməyib, Moskva, üstəlik, bunu İrəvanın diqqətinə çatdırmağı zəruri bilib. Günlərdir Ermənistan XİN Rusiyaya izah eləməyə çalışır ki, Ermənistan NATO-nun əsas gündəliyində iştiraka yox, Əfqanıstandakı sülhməramlı kontingentdə iştirakla bağlı dəvət olunub. İzaha baxmayaraq, bütün bunlar Rusiyanı özündən çıxarıb”.
Hazırladı: 
İttifaq MİRZƏBƏYLİ,  
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında