Azərbaycan Xalq Cümhuriyyəti: mətbuatımızın dövlətçilik və türkçülük ənənələri

1918-ci il mayın 28-də demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) cəmi 23 aylıq tarixi olsa da, onun yaratdığı milli istiqlal ideyaları tariximizin ən şərəfli səhifələrindən oldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir vaxtda parlamenti, hökuməti, ordusu, gömrük və hüquq-mühafizə orqanları olan, dövlət rəmzlərinə malik, vətəndaş hüquqlarını hər şeydən uca tutan demokratik, dünyəvi və unitar dövlətə çevrildi. O cümlədən mətbuat və söz azadlığının təmin edilməsi Cümhuriyyətin demokratik dəyərlərə verdiyi önəmin təzahüri idi.

Azərbaycan mətbuat tarixi tədqiqatçılarının təsdiq etdiyi belə bir fikir var: 1918-20-ci illərin cümhuriyyət dövrü mətbuatının səciyyəvi xüsusiyyəti onun ideya-məzmun zənginliyində idi. O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuatla yanaşı, bolşevik, eser-menşevik, erməni-daşnak mətbuatı və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar nəşr edilməkdə idi. XIX əsrin sonları – XX əsrin əvvəllərinin bütün dövri mətbuat nümunələrinin Azərbaycanda milli-ictimai fikrin oyanışında müstəsna xidmətləri olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti mətbuatının sələfləri əslində 1911-ci ildən sonra meydana gəlmişdilər. Xalq Cümhuriyyətinin ictimai-siyasi məramlarını ilk dəfə konsepsiya şəklində təbliğ edən “İqbal” (1912-15), 1914-cü il oktyabrın 15-də “Dirilik” jurnalı, 1915-ci il oktyabrın 2-də Bakıda ilk dəfə olaraq milli proqramlı “Açıq söz” qəzetinin nəşrinə başlanılır. Xalqın xilas yolunu məfkurə birliyində görən və bu kimi çağırışları ilə bütövlüyü, müstəqilliyi təbliğ edən “Açıq söz” qəzetinin qarşıya qoyduğu məramı əslində işıq üzü görmüş 1-ci sayında görürük: “Ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq işıqlı ulduza sahib olmalıdırlar” (“Açıq söz” qəzeti, 2 təşrini-əvvəl (oktyabr) 1915).

 Bu qəzetin elə ilk saylarında diqqəti cəlb edən daha bir ümdə məsələ də qəzetin adının altında “Gündəlik türk qəzetidir” sözlərinin yazılması, onun türk dünyası ilə bağlılığının bariz nümunəsi idi. Hətta qəzet mətbuat tariximizdə ilk dəfə olaraq xalqımızın adının “müsəlman”, “tatar”, “tüzem” olmasına etirazını bildirmiş, “Türk xalqı” olduğumuzu təkidlə sübut etmişdir. AXC dövrü nəşrlərində də qəzet bu ənənələrə sadiq qalmış, millət və muxtariyyət haqqında yazısında “hökumət də xəlqə, torpaq da xəlqə” məxsusdur fikrini söyləmişdir (“Açıq söz” qəzeti , 4 yanvar 1918). Amma bu kimi ideyaların həyata keçirilməsi üçün ilk növbədə müstəqilliyi qoruya bilən ordu yaradılmalı idi. Əslində uzun illər İran və Türkiyəyə qarşı müharibə aparan çar Rusiyası müsəlman gənclərə etibar etməyərək, onların orduya çağırışını dayandırmışdı. Bu əsgərlik vergisinin ödənilməsi ilə yekunlaşırdı. Tiflisdə yaradılmış Zaqafqaziya komissarlığının əmrilə dekabrın 19-da general Əliağa Şıxlınskinin rəhbərliyi ilə “Müsəlman ordusu”nun yaradılması haqqında qərar əhəmiyyətli bir hadisə idi. “Açıq söz” azərbaycanlıların əsgərliyə çağırılması ilə əlaqədar çağırış və onun qaydaları haqqında qanunu dərc edir (“Açıq söz” qəzeti, 5 yanvar 1918). Milli ordunun yaradılması Azərbaycanın müstəqilliyi və azadlığının təmin olunması yolunda böyük əhəmiyyət daşıyırdı. Bu baxımdan Mirzəbala Məm-mədzadənin “Azərbaycan çağıryor” məqaləsində “Hürriyyət və Vətən yolunda can verməyən bir millət, muxtariyyəti və istiqlalı yolunda varından keçməyən bir millət yaşamaq istəməm deməkdədir” (“Açıq söz” qəzeti, 4 yanvar 1918).

Ümumiyyətlə, təhlükəsizlik, bütövlük və müstəqilliyin qorunması kimi çağırışlar 1918-ci ilin əvvəllərində tez-tez rast gəlinən və demək olar ki, tutduğu mövqe və dayandığı platformadan asılı olmayaraq bütün mətbuatın müraciət etdiyi mövzulardan idi. “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, İttihad gərək” kimi çağırışların əks olunduğu qəzetlər, o cümlədən “Açıq söz”ün 1918-ci il 18 mart qanlı bazar günündən 3 gün əvvəl təqdim etdiyi “Dəhşətli saat gəlir, birlik gərək” kimi yazıların mətbuatın nə qədər fəal bir mövqedə dayandığını ortaya qoyur (“Açıq söz” qəzeti, 5 yanvar 1918).

O gün Şaumyanın tabeliyində olan Bakı Sovetinin qoşunları “vətəndaş müharibəsi” adı ilə tarixin ən vəhşi qırğınını törətdilər. Bir il sonra Üzeyir Hacıbəyov bu qırğını “vətəndaş müharibəsi”, “sinfi mübarizə” adlandıranların yalanını ifşa edərək yazırdı: “Bunun yalan olduğunu isbat edən minlərcə müsəlman füqareyi-kasibəsinin meyitləridir ki, bolşevik qoşunu tərəfindən “müsəlman olduğuna görə” çox rəhmsiz bir surətdə öldürülmüşdülər” (“Azərbaycan”, 1919, N274). Təbii ki, Üzeyir bəyin yazdıqlarına bircə əlavə mümkündür: bir az da dəqiq deyilsə, bu qırğınlar bolşevik adı ilə erməni daşnaklarının törətdiyi faciə idi. O dövrün qəzetlərində yazılanlar da bunları sübut edir: “Bir müsəlman həyətində 30-dan 40-a qədər çoçuq, arvad və erkək cənazələrinin quru yerdə buraxılmış cənazələrini gördüm. Müsəlmanların tələfatı: yalnız qətl edilənlər 5-6 minə qədərdir”. Obyektiv mövqeyi, milli ruhu və yüksək ideya fəallığı ilə seçilən “Açıq söz” 725-ci nömrəsindən sonra könüllü olaraq fəaliyyətini dayandırdı.

Bundan sonra “Açıq söz”ün yerini o dövrün ən mütərəqqi mətbu orqanlarından biri sayılan “İstiqlal” qəzeti tutdu. İlk sayı 1919-cu ilin fevralında çıxan bu qəzet 8 səhifəlik idi. Həftədə bir dəfə buraxılan qəzetin 42 nüsxəsi çap edilərək oxuculara çatdırılmışdır. Qəzetin başlığında böyük türk şairi Tofiq Fikrətin epiqraf kimi verilmiş məşhur “Millət yoludur, haqq yoludur tutduğumuz yol. Ey haqq! Yaşa, ey sevgili millət, yaşa, var ol!” misraları həm də AXC-nin məram və niyyətini əks etdirən epiqraf idi. Amalı millət yolu, haqq yolu olan AXC yarandığı ilk gündən “türkləşmək, islamlaşmaq, müasirləşmək” şüarını rəhbər tutaraq cəmiyyətin bütün sahələrində süqutunun son gününə kimi apardığı geniş islahatları davam etdirmişdir. Mətbuat tədqiqatçısı Asif Rüstəmli “İstiqlal”ın fəaliyyətini dəyərləndirərək yazırdı: “...qəzet həqiqətən də millətlərin və insanların azadlığını müdafiə etmiş, təmsilçisi olduğu firqənin demokratik ənənələrinə, yürütdüyü açıq və ardıcıl xəttə sadiq qalmışdır” (Rüstəmli Asif. “Ədəbi istiqlalımız”. Bakı, “Elm” nəşriyyatı, 2004, səh. 38).

Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il noyabrın 9-da türkləşməyin, islamlaşmağın və müasirləşməyin rəmzi kimi yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət milli bayrağı qəbul etmiş, 1919-cu il 23 mart tarixli qərarı ilə dövlət gerbi və möhürünün layihələrini yaratmaq üçün müsabiqə elan etmişdi. Cümhuriyyətin 23 ay ərzində qəbul etdiyi qərarların hər birinin kökündə demokratiyanın bərqərar olunması, milli ruhun yüksəlişi dayanırdı. AXC hökumətinin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan-türk dilinin dövlət dili, 28 avqust tarixli başqa bir qərarda ibtidai siniflərdə təhsilin icbari qaydada ana dilində aparılmasını elan etməsi, 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamentində Bakı Dövlət Universitetinin açılması haqqında qanunun qəbulu tarixi reallıqlar idi.

AXC dövründə mətbuat və nəşriyyat işinin yenidən qurulması üçün də tarixi qərarlar qəbul edildi. “Azərbaycan mətbuatı tarixində 1918-20-ci illər, bütün əvvəlki dövrlərə nisbətən, ən yüksək inkişaf mərhələsidir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından, milli mədəniyyətin mühüm tərkib hissəsi kimi, Azərbaycan həyatının canlı salnaməsinə çevrildi.

Hökumətin 1918-ci il 9 noyabr tarixli sərəncamı ilə kütləvi informasiya vasitələri üzərində dövlət nəzarəti ləğv edilmişdi. Parlamentin 1919-cu il 30 oktyabr tarixli qərar ilə qəbul etdiyi “Mətbuat haqqında nizamnamə”də göstərilirdi ki, “Mətbuat, litoqrafiya və buna bənzər müəssisələrin açılması üçün, habelə çap məhsulunun nəşri və satılması üçün hökumət idarələrinin heç bir icazəsi tələb olunmur”. Bu sırada daha geniş oxucu auditoriyası Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını təbliğ edən mətbuatın payına düşürdü. Azərbaycan Xalq Cümhuriyyəti dövründə “İstiqlal” (1918-20), “Azərbaycan” (1918-20), “Övraqi-nəfisə” (1919), “Müsəlmanlıq” (1917-19), “Qurtuluş” (1920), “Mədəniyyət” (1920), “Gənclər yurdu” (1918), “Şeypur” (1918-19), “Zənbur” (1919) kimi milli istiqlal ideyalı mətbuat orqanları nəşr olunmuşdur. “İki il ərzində ölkədə 100-ə yaxın adda qəzet və jurnal çıxmışdır” (Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası: İki cilddə, I cild.- Bakı, Lider nəşriyyatı, 2004, s.73). Dövri nəşrlərin təsis və nəşr olunması üçün ancaq mətbuat işləri üzrə baş müfəttişə ərizə təqdim edilməsi bəs edirdi. Nizamnaməyə əsasən, mətbuat orqanı ancaq qüvvədə olan qanunları pozub, cinayət törətdikdə məhkəmənin qərarı ilə məsuliyyətə cəlb edilə bilərdi.

Azərbaycanda milli istiqlal elan edildikdən sonra milli mətbuatın qarşısında yeni vəzifə daxili və xaric təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi. 1918-ci il sentyabrın 15-də Gəncədə rəsmi dövlət orqanı olan “Azərbaycan” qəzetinin ilk nömrəsinin çapdan çıxması da bu zərurətdən irəli gəlirdi. “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə “Azərbaycan” adlı qəzetin nəşrə başlamasının reallaşması milli mətbuatımızın tarixində təkcə ərazi olaraq ölkənin deyil, milli dövlətin adını ifadə edən mətbuat orqanının fəaliyyətə başlaması ilə əlamətdardır. Bu mənada, “Azərbaycan” qəzetinin rəsmi dövlət qəzeti kimi meydana çıxması Azərbaycan tarixinin mühüm hadisəsidir” (Həbibbəyli İsa. “Müstəqil Azərbaycanın “Azərbaycan”ı”. “Azərbaycan”, 15 sentyabr 2013).

Qəzet həmin dövrə qədər çap olunan bir çox nəşrlərdən fərqli olaraq gənc, müstəqil Azərbaycan dövlətinin həyatında baş verən ictimai-siyasi və iqtisadi prosesləri işıqlandırırdı. Qısa müddətdə böyük nüfuz qazanmış “Azərbaycan” Üzeyir bəy Hacıbəyli, Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Xəlil İbrahim, Məhəmməd Hadi, Zülfüqar Hacıbəyov, Əhməd Cavad, Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Fərhad Ağazadə, Şəfiqə Əfəndizadə, Məhəmməd ağa Şaxtaxtlı, Firudin bəy Köçərli, Seyid Hüseyn, İbrahim Xəlilov, Cəfər Cabbarlı, Abdulla Şaiq, Qafur Rəşad Mirzəzadə, Şəfi bəy Rüstəmbəyov, Yusif Vəzir Çəmənzəminli kimi nüfuzlu ziyalıların milli problemlərin səsləndirdiyi möhtəşəm tribunaya çevrilmişdi.

 1919-cu ilin əvvəllərindən 1920-ci ilin 27 aprelinədək – Xalq Cümhuriyyətinin süqutunadək qəzetə böyük Azərbaycan ziyalısı Üzeyir bəy Hacıbəyli rəhbərlik etmişdi. “Azərbaycan” qəzeti bu illər ərzindəki nəşri zamanı Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş surətdə əks etdirmişdir. Tədqiqatçıların dediyi kimi “Azərbaycan” qəzeti Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin mətbu salnaməsidir” “ (Həbibbəyli İsa. “Müstəqil Azərbaycanın “Azərbaycan”ı”. “Azərbaycan”, 15 sentyabr 2013).

 Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və Bakıda bolşevik hökumətinin qurulmasından sonra respublikada müstəqil və demokratik mətbuat ənənələrinə son qoyulmuş, Xalq Komissarları Soveti 27 oktyabr 1920-ci ildə “Mətbuat haqqında” Dekret imzalamış, mətbuata qarşı açıq repressiya xarakteri daşıyan bu sənədlə 2 ay ərzində 92 qəzet bağlanmışdı.

AXC-nin mətbuat və informasiya sahəsində atdığı daha uğurlu bir addım Azərbaycan Dövlət Teleqraf Agentliyi, qısaca olaraq “AzərTAC”-ın yaradılması ilə bağlıdır (Aslanov A., Musayev V., İsmayılov D. “AzərTAc-dan AzərTAc-a: mürəkkəb və şərəfl yol”. Bakı: Şərq-Qərb, 2008, səh.15). Milli hökumət Azərbaycan ətrafında mövcud informasiya blokadasını yarmağa, respublikanı dünya miqyasında tanıtmağa, fəaliyyəti haqqında xalqı məlumatlandırmağa ciddi ehtiyac duyurdu. Əslində bu reallığı anlayan hökumət hələ 1919-cu il martın 3-də Nazirlər Şurasının iclasında Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi məsələsini gündəliyə salmış və müzakirə etmişdi. İclasda Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin bu məsələnin vacibliyini açıqlayan məruzəsi dinlənilmiş, hətta o vaxtlar Xalq Maarif naziri olan Nəsib bəy Usubbəyli Azərbaycan Teleqraf Agentliyinin təşkil edilməsi haqqında rəsmi tapşırıq da almışdı. Amma ilk gündən ortaya çıxan texniki çətinliklər, daha doğrusu, agentliyin real fəaliyyətinin, informasiyanın qəbulu və ötürülməsinin bilavasitə radio – texniki vasitələrdən asılı olduğundan bu qərar dəyişdirilmiş, agentliyin təşkil olunması məsələsi Xalq Maarif Nazirliyindən alınaraq Poçt və Teleqraf Nazirliyinin sərəncamına verilmişdi.

Azərbaycan Teleqraf Ajanslığının – AzərTAc-ın ştatlarının layihəsi və əsasnaməsi (Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA): f.51, siy.1, sax., vah. 33, vər.104) 1920-ci il fevralın 2-də hökumətin iclasında müzakirə edilir və müəyyən dəyişikliklərlə parlamentə çıxarılması qərara alınır. Bundan təxminən 20 gün sonra – fevralın 23-də parlamentin iclasında çox operativ müzakirələrdən bir həftə sonra Azərbaycan Teleqraf Ajanslığı –AzərTAc fəaliyyətə başladı. Cümhuriyyətin rəsmi qəzeti olan “Azərbaycan” qəzeti 1920-ci il martın 2-də ilk dəfə olaraq “AzərTAc” imzası ilə xəbərlər yaydı. Bu agentliyin yaradılması haqqında bəzi mülahizələri təkzib edən və AzərTAc xəbər agentliyinin 1920-ci il martın 1-də fəaliyyətə başladığını ortaya qoyan və təsdiq edən önəmli fakt sayıla bilər. Qəzetin 3 mart tarixli nömrəsində də Şuşa, Qaryağin (Füzuli) və Xankəndidən alınmış qısa xəbərlər “AzərTAc-ın daxili xəbərləri” adı altında dərc edilmişdi.

Bolşevik Rusiyasının işğalı nəticəsində 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və onun təsis etdiyi AzərTAc da cəmi iki aya yaxın bir müddətdə müstəqil fəaliyyət göstərə bildi. Elə həmin gün Rusiya Teleqraf Agentliyi –ROSTA bolşevik təbliğatına xas olan xüsusi bir “siyasi hiyləgərliklə” Bakıda çevriliş olduğunu və xalq kütlələrinin Azərbaycan Cümhuriyyətini devirdikləri baradə xəbərləri bütün dünyaya yaydı.

Sovet hakimiyyəti dövründə 8 dəfə ad dəyişikliyinə məruz qalan, hazırda dünyanın ən aparıcı informasiya agentlikləri ilə bir sırada duran, yerli və xarici kütləvi informasiya vasitələri üçün yeganə rəsmi dövlət informasiya mənbəyi olan, gün ərzində Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində fasiləsiz surətdə dəqiq və operativ informasiyalar hazırlayan Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) də bu günümüzə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarıdır.

Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında