Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa əmanətidir


 

 

 

 

 

 

 

 

 

 


Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək, Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Azərbaycanın dahi şəxsiyyəti, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin 95 illiyi böyük təntənə ilə qeyd edilir. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə milli mənafeyimizin daim önə çəkilməsi, azərbaycançılıq ideyasının yüksək səviyyədə təbliği, bu sahədə görülən işlər, müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizin beynəlxalq aləmə inteqrasiyası yolunda yürütdüyü siyasət, reallaşdırdığı böyük layihələr ehtiramla yad edilir. Xalq bugünkü firavan həyata görə ümummilli liderə minnətdardır. Bu gün Azərbaycan xalqı bir daha ulu öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını nümayiş etdirir.

Hər tarixin inkişaf dövrü öz görkəmli şəxsiyyətlərini yaradır. Amma elə şəxsiyyətlər də var ki, zamanın hüdudlarını aşaraq yaşadıqları dövrün simasını özləri müəyyən edirlər. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti Vətənin və millətin taleyində müstəsna rol oynamaqla yanaşı, həm də zamanın fövqünə yüksəlmiş parlaq bir nümunədir. Azərbaycanın dahi şəxsiyyəti, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin misilsiz xidmətləri bu gün də özünü açıq şəkildə büruzə verir. Çünki məhz ulu öndərin sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratdı, daha sonra isə bu özül üzərində formalaşan müstəqil dövləti qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdırdı. Ümummilli liderin uzaqgörən siyasi fəaliyyəti ölkədə hüquqi, demokratik dövlət quruculuğu üçün təməl bazası yaratdı.

Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Azərbaycanın beynəlxalq aləmdə yüksək nüfuza və rola sahib güclü dövlət olmasının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin qüdrətli zəkasından güc almış inkişaf strategiyası Azərbaycanın sürətli inkişafını, dünya birliyinə inteqrasiyasını, mövqeyinin getdikcə möhkəmləndirilməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir. Xalqa zəngin bir irs qoyan ulu öndərin böyük liderlik istedadı, dərin zəkası sayəsində Azərbaycan iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrdə böyük nailiyyətlərə imza atıb. Avropa ilə Asiyanı birləşdirən iri layihələr reallaşdırılıb. Bütün bunlar bir daha təsdiqləyir ki, Heydər Əliyev tarixdə qurucu lider adını daşıyan nadir şəxsiyyətlərdəndir.

Mayın 10-da Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində Prezident İlham Əliyev milli dövlətçiliyimizin möhkəmləndirilməsində, müstəqilliyimizin əbədiyyətə çevrilməsində və bu yolda qarşıya çıxan maneələrin siyasi uzaqgörənliklə aradan qaldırılmasında ulu öndərin fəaliyyətindən söhbət açdı. Qeyd etdi ki, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət göstərmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparmışdır.

Kommunist Partiyasının sərt rejimi dövründə də Heydər Əliyevin rəhbərliyi altında respublikamız sürətlə inkişaf etmişdir. 1969-cu ildə o, Azərbaycan Respublikasının rəhbəri seçilən dövrə qədər Azərbaycan sovet məkanında ən geridə qalmış respublikalardan biri idi. Ölkəyə rəhbərlik etdiyi on üç il ərzində Azərbaycan sovet məkanında ən qabaqcıl respublikalardan birinə çevrilmişdir.

Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan və zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, uzaqgörənliklə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlatdı və dərhal onların icrasına başlandı. Xalq ilk gündən Heydər Əliyevi rəğbətlə qarşıladı, ona inandı və arxasınca getdi. Həmin vaxtdan Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Böyük azərbaycanlı Sovet İttifaqı kimi nəhəng bir dövlətin zəngin iqtisadi potensialından və geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritdi və qarşıya qoyduğu vəzifəyə nail oldu.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə min cür maneələri dəf edərək Sovet hökumətinin Azərbaycanın hərtərəfli inkişafını təmin edən xüsusi qərarlar qəbul etməsinə nail oldu və eyni qətiyyətlə də həmin qərarların yerinə yetirilməsini təmin etdi. Xalqın qurub-yaratmaq dühası tamamilə və bütünlüklə Azərbaycanın ümumi yüksəlişi üçün səfərbər olundu. Nəticədə 1970-1985-ci illər Sovet Azərbaycanının tarixinə, bütün varlığı ərzində, ən parlaq quruculuq dövrü kimi daxil oldu. Sənaye və kənd təsərrüfatının bütün sahələrində yüksəliş baş verdi. Respublika iqtisadiyyatında mühüm struktur dəyişiklikləri həyata keçirildi. Yeni və mütərəqqi sənaye sahələri yaradıldı. Sənayenin inkişaf səviyyəsinə görə bütün respublikanın proporsional inkişafı üçün mühüm tədbirlər görüldü. İstehsalla bilavasitə bağlı olan elmi-tədqiqat sahələrinin inkişafına diqqət artırıldı. Elmi-texniki tərəqqinin nailiyyətlərinin, mütərəqqi texnologiyaların istehsalata tətbiqi sahəsində Azərbaycan bütün SSRİ-də qabaqcıl mövqelərə çıxdı. İstehsal olunan məhsulların keyfiyyət göstəricisi əvvəlki dövrlərlə müqayisə olunmayacaq dərəcədə yüksəldi.

Heydər Əliyevin uzaqgörən siyasəti, müdrik və səriştəli rəhbərliyi nəticəsində Azərbaycan o zaman bütün Sovet İttifaqında ən qabaqcıl kənd təsərrüfatı respublikasına, o cümlədən inkişaf etmiş pambıqçılıq və üzümçülük diyarına çevrildi. Kənd zəhmətkeşlərinin sosial-iqtisadi vəziyyəti əsaslı surətdə yaxşılaşdı. Azərbaycan kəndində misilsiz tikinti, abadlıq və mədəni quruculuq işləri aparıldı. Möhtərəm ­Prezidentimiz İlham Əliyev bu məqamı öz nitqində diqqətə çatdıraraq dedi ki, məhz o illərdə Azərbaycanda sənaye inkişafı böyük templərlə təmin olunurdu: “Yüngül sənayedə, ağır sənayedə, neft sənayesində böyük işlər görülmüşdür. O vaxt yaradılmış infrastruktur bu gün müstəqil Azərbaycanın inkişafına xidmət göstərir. Kənd təsərrüfatına böyük diqqət göstərilirdi. Azərbaycan böyük tikinti meydançasına çevrilmişdi. Yəni, 1982-ci ilin sosial-iqtisadi göstəricilərinə nəzər salsaq, görərik ki, doğrudan da, Heydər Əliyevin rəhbərliyi ilə 13 il ərzində böyük işlər görülmüşdür və Azərbaycan, qeyd etdiyim kimi, qabaqcıl yerlərdə idi”.

...SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa edən Azərbaycanda ilk illər vəziyyət getdikcə pisləşirdi. Həmin dövrdə ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı xalqın qanı bahasına qazanılmış müstəqilliyimizi addım-addım uçuruma yaxınlaşdırırdı. Belə ağır bir məqamda Heydər Əliyev doğma Vətənə üz tutur. Lakin Bakıda ona yaşamağa imkan vermirlər və ulu öndər Naxçıvana – doğulduğu yerə gedib orada yaşamağa məcbur olur. Həmin vaxt sanki Tanrı ulu öndəri Naxçıvana, eyni zamanda, bütünlüklə Azərbaycana xilaskar kimi bəxş edir. O dövrü xatırlayarkən fikirləşirsən: Nə yaxşı ki, xalqın tələbi ilə ulu öndər Heydər Əliyev ölkəyə rəhbərliyə razılıq verdi. Yoxsa, bugünkü firavanlıqdan, müstəqillikdən əsər-əlamət olmayacaqdı. Çünki həmin vaxt ölkədə xaos, anarxiya, talançılıq, özbaşınalıq, siyasi, iqtisadi, hərbi böhran hökm sürürdü, torpaqlarımız işğal altına düşürdü. Dövlətimizin başçısı da bu məqamları bir daha xatırladaraq dedi: “Azərbaycanın ovaxtkı iqtidarı isə öz laxlayan hakimiyyətini qorumaq üçün cinayətlərə, vətəndaş müharibəsinə əl atmışdır. Biz o günləri, o illəri yaxşı xatırlayırıq. Öz hakimiyyətini saxlamaq üçün Gəncəni bombalamağa qərar vermişdi və Gəncənin dağılmış binalarının o mənzərəsi bu gün bizim gözümüzün qabağındadır. Azərbaycan xalqı o antimilli hakimiyyətə yox demişdir, cəmi bir il ona dözə bilmişdir və öz lideri ətrafında birləşmişdir. Hələ 1992-ci ildə Azərbaycanın qabaqcıl ziyalıları, tanınmış insanlar, ictimai xadimlər Heydər Əliyevə müraciət edərək partiyanın yaradılması ilə bağlı təkliflər irəli sürmüşlər və 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Bu da gənc dövlətin siyasi sisteminin yaradılması demək idi. Çünki o günə qədər Azərbaycanda siyasi sistem yox idi, siyasi münasibətlər, ümumiyyətlə, mövcud deyildi. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyev Bakıya gəlmişdir. Ovaxtkı AXC-Müsavat hakimiyyəti yenə də qorxaqlıq göstərərək kənara çəkilmiş, ölkə, demək olar ki, idarəolunmaz vəziyyətə düşmüşdü. O ağır, çətin vəziyyətdə xalq bu tarixi missiyanı Heydər Əliyevə həvalə etmişdir”.

1993-cü ildən başlayaraq, Azərbaycan bu günə qədər uğurlu inkişaf yolu ilə gedir. 1994-cü və 1995-ci illərdə iki dəfə dövlət çevrilişinə cəhd göstərilsə də, bədxahlar öz istəklərinə nail ola bilmədilər. Ulu öndərin ətrafında sıx birləşən xalq cinayətkarların hakimiyyəti bir daha qanunsuz zəbt etmələrinə imkan vermədi. Bu qəsdin qarşısını, ilk növbədə, ümummilli liderin qətiyyəti, nüfuzu, cəsarəti, siyasi uzaqgörənliyi aldı.

Ondan sonra Azərbaycanda sabitlik dövrü başlamış və həyat tədricən öz axarına düşmüş, respublikamız müasir, demokratik ölkə kimi inkişaf yoluna qədəm qoymuşdur. İqtisadi islahatlara start verilmiş, bazar iqtisadiyyatı prinsipləri tətbiq olunmağa başlanmışdır.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 15 ildə Azərbaycan sürətli inkişaf yoluna qədəm qoymuş, beynəlxalq aləmlə münasibətləri daha da yaxşılaşdırmaq yolunda qətiyyətli addımlar atmışdır. Möhkəm əsaslar üzərində qurulan Azərbaycan dövləti artıq dünyada söz sahibinə çevrilib.

Artıq dünya birliyində də etiraf olunur ki, bu gün Azərbaycan böyük nüfuza malik olan bir ölkədir. Respublikamızı bu yüksəkliyə aparan yol ulu öndərin müəyyənləşdirdiyi yoldur.

Göründüyü kimi, Azərbaycan bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bu inkişafın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasətə sadiqliyi bir daha təsdiləyir ki, Azərbaycan bu yoldan dönməyəcək, həmişə inkişaf və tərəqqi yolu ilə gedəcək.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında