Heydər Əliyev ideyalarından nur alan müasir AZƏRBAYCAN

Hər xalqın tarixində, hər dövlətin keçmişində onun gələcəyinə işıq saçan və taleyini müəyyən edən şərəfli dövrlər, həmin dövrləri  tarixə çevirən güclü liderlər, şəxsiyyətlər olur. Azərbaycan xalqının tarixində də belə dövrlər və belə siyasi xadimlər  olub. Onların ən yaddaqalanı, ən şərəflisi bu günümüzün bünövrəsinin qoyulduğu Azərbaycan Xalq Cümhuriyyəti dövrü və müstəqilliyimizin bərpası, möhkəmləndirilməsi tarixi sayılan son 27 illik dövrdür.  Bu dövrlərin birincisinin baniləri AXC-ni quran fədakar ziyalılarımız və dövlət xadimlərimiz idisə, ikinci dövrün əsas aparıcı qüvvəsi Heydər Əliyev və onun ölməz ideyalarını ardıcıl həyata keçirən davamçılarıdır.

XVIII əsrdə xanlıqlara parçalanaraq zəif düşmüş, 1813-cü ildən çar Rusiyasının əsarətinə düşərək müstəqilliyini itirmiş Azərbaycan üçün XX əsrin əvvəllərində öz varlığını  dünyaya bəyan etmək şansı yarandı. Dünyada gedən geosiyasi proseslər nəticəsində Rusiya imperiyasının süqutu 1918-ci ildə Azərbaycana öz müstəqilliyini bərpa etmək imkanı yaratdısa, sovet imperiyasının dağılması da xalqımızın müstəqillik arzularının yenidən həyata keçirilməsi yoluna işıq saldı. Hər iki tarixi dövrdə Azərbaycanın müdrik, uzaqgörən oğulları dövlətçiliyimizi yenidən qurmaq və onu qoruyub saxlamaq fürsətindən bacarıqla istifadə etdilər.

Tale elə gətirib ki, müstəqilliyimizin 100 illiyi bayramı və bu müstəqilliyin bəhrəsini görməkdə xalqımıza misilsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyevin 95 illik yubileyləri eyni vaxta düşmüşdür. Bu yubileyləri bir yerdə qeyd etmək xalqımız üçün həqiqətən ikiqat bayramdır və müstəqilliyimizin qədrini bilən hər bir azərbaycanlı üçün fəxr və qürur mənbəyidir.

Tarix boyu bəşəriyyətin inkişafına öz töhfəsini vermiş Azərbaycan xalqı müəyyən dövrlərdə dövlətçiliyini itirməsinə baxmayaraq, Heydər Əliyev kimi müdrik, vətənpərvər, fədakar övladları sayəsində müstəqillik arzusunu daim yaşatmış və onun uğrunda mübarizə aparmışdır.

Ulu öndər Heydər Əliyev Şərq aləmində ilk demokratik respublikanın yaranmasında böyük xidmətləri olan insanları həmişə dərin hörmətlə xatırlayır, xalqımızın tərəqqisi üçün onların gördüyü işləri olduqca yüksək qiymətləndirirdi. 1998-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi münasibətilə keçirilən təntənəli iclasda, o, Peterburqda, Moskvada, Avropa ölkələrində yüksək təhsil almış, Avropa və dünya mədəniyyətinə yaxından bələd olan ziyalılarımızın – Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağayevin, Cəlil Məmmədquluzadənin, Üzeyir bəy Hacıbəylinin, Mirzə Ələkbər Sabirin, Ceyhun bəy Hacıbəylinin və başqalarının adlarını ehtiramla çəkərək onların Azərbaycan xalqının tərəqqisi üçün misilsiz işlər gördüklərini xüsusi vurğulayırdı. Heydər Əliyev bildirirdi ki, Xalq Cümhuriyyətini yaradanlar Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyov, Həsən bəy Ağayev, AXC-nin o zamankı ilk Milli Şurasının və hökumətin üzvləri daim böyük hörmətlə xatırlanmalıdır.

Ulu öndər keçmişimizə  sədaqəti, gələcəyimizə inamı ilə hamıdan seçilərək özü yeni tariximizin yaradıcısına çevrilmişdir. Bizim və gələcək nəsillərin də borcu tarixə bu prizmadan yanaşmaq, onu dəyərləndirməkdir. Heydər Əliyevin AXC tarixinə münasibəti, əslində, dövlətçilik tariximizə münasibətdir və bu məsələlərə o, son dərəcə obyektiv yanaşırdı.

Azərbaycan Xalq Cümhuriyyəti bir çox xüsusiyyətləri ilə tariximizin ilkin nümunələr simvoluna çevrilmişdir. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik respublikanın və türk dünyasında ilk dünyəvi dövlətin yaradıldığı elan edildi. Azərbaycan Milli Şurasının mayın 28-də Tiflis şəhərində Həsən bəy Ağayevin sədrliyi ilə keçirilən tarixi iclasında İstiqlal Bəyannaməsi qəbul olundu və bu bəyannamədə müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika idarə üsulunun, parlamentli respublikanın yaradıldığı bəyan edildi. Azərbaycanın dövlətçilik tarixində ilk konstitusiya aktı olan bu bəyannamədə müstəqil Azərbaycan dövlətinin yaranması, onun ptioritetləri, məqsədi və  məramı aydın göstərilmişdir.

Bugünkü müstəqil Azərbaycan dövləti məhz 100 il bundan əvvəl qurulmuş AXC-nin varisidir və xalqımız həmin dövləti qurmuş insanları böyük hörmət və ehtiramla xatırlayır, onların arzularını reallaşdırır.

Həqiqətən qürurverici bir tarix yaşayan Xalq Cümhuriyyətinin öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan suveren dövlət kimi ömrü qısa olsa da, dövlət quruculuğu və iqtisadiyyat, hərbi quruculuq, mədəniyyət, təhsil və səhiyyə sahələrində başladığı işləri sona çatdıra bilməsə də, AXC milli dövlətçilik ənənələrimizin bərpasında müstəsna rol oynamışdır. 

Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işləri indi nəzərdən keçirərkən heyran qalmaya bilmirsən. İlk dəfə Milli Ordumuzun yaranması haqqında qərar qəbul olunmuş, 1918-ci il iyun ayının 27-də Azərbaycan dili dövlət dili elan edilmiş, noyabrın 9-da Azərbaycanın indiki üçrəngli bayrağı qəbul edilmiş, Azərbaycan vətəndaşlığı haqqında Qanun imzalanmış və Şərqdə qadınlara ilk dəfə seçki hüququ verilmişdi.

O zamankı Azərbaycan parlamentində bütün siyasi qüvvələr, bütün milli, dini və etnik qruplar təmsil olunmuş, hətta müasir meyarlarla yanaşdıqda belə, son dərəcə demokratik qərarlar qəbul edilmişdi. Mövcud olduğu qısa dövrdə parlamentin 155 iclası keçirilmiş, 250 qanun layihəsi müzakirəyə çıxarılmış, ondan 230-u qəbul olunmuşdu. Cümhuriyyətin bur çox qurumları, o cümlədən müxtəlif nazirliklərlə yanaşı, kəşfiyyat, sərhəd xidmətləri də təsis olunmuş, Bakı Dövlət Universiteti kimi elm ocağı yaradılmışdı.

Cümhuriyyətin hüquqi və mənəvi varisi olan bugünkü Azərbaycanda AXC tarixinə, onun siyasi və mənəvi irsinə ən düzgün və obyektiv qiyməti ulu öndər Heydər Əliyev özü və onun layiqli davamçısı Prezident İlham Əliyev vermişlər. Onlar bu irsi qoruyub saxlamaq, tarixin bəxş etdiyi böyük fürsət nəticəsində bərpa olunmuş müstəqilliyimizi möhkəmləndirmək, Azərbaycanı, sözün həqiqi mənasında, müasir, inkişaf etmiş sivil dövlətə çevirmək üçün misilsiz işlər görmüşlər.

Ulu öndərin hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi illərdə qəbul etdiyi qərarlarla, həmçinin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra verdiyi sərəncamlarla AXC-nin yubileyləri böyük təntənə ilə keçirilmiş, sənədlər və materialların nəşri təmin edilmiş, cümhuriyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi üçün böyük işlər görülmüş, Bakı şəhərinin mərkəzində möhtəşəm İstiqlal abidəsi qoyulmuşdur.

Müdrik dövlət xadimi Heydər Əliyevin müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi üçün gördüyü işləri zaman prizmasından təhlil etdikdə, xüsusilə 1993-1997-ci illərdəki böyük sınaqlara necə sinə gərməsini xüsusi vurğulamaq  lazımdır. Heydər Əliyev 1993-cü ilin iyununda respublika rəhbərliyinə qayıdarkən ölkə iqtisadiyyatı elə bir vəziyyətə salınmışdı ki, onun dirçəldilməsi qətiyyən inandırıcı görünmürdü. Müharibə şəraitində olmasına baxmayaraq, tam hərc-mərcliyin hökm sürdüyü, dəmir intizam əvəzinə, pərakəndəliyin və xaosun baş alıb getdiyi bir respublikada qısa vaxtda qayda-qanunun yaradılması, xalqın bir yumruq kimi birləşdirilməsi, şəxsi ambisiyaların ortadan götürülərək hamının bir məqsəd uğrunda səfərbər edilməsi yalnız Heydər Əliyev kimi polad iradəli insanın səyləri ilə mümkün idi.

Heydər Əliyev gözəl başa düşürdü ki, güclü iqtisadiyyatı olmayan bir ölkənin   nə müstəqilliyi, nə ordusu, nə də rifahı ola bilər. Azərbaycanın təbii sərvətlərinin, o cümlədən neft-qaz ehtiyatlarının respublikanın rifahı naminə, xalqın güzəranı naminə səfərbər edilməsi və yeni iqtisadi münasibətlərin tətbiqi məhz Heydər Əliyevin güclü iradəsi ilə baş tutdu. Bununla da müstəqilliyimizin qorunması və bu gün regionda Azərbaycanın ən güclü dövlətlərdən birinə çevrilməsi üçün baza yaradıldı. Əlbəttə, bunları sadalamaq indi asan olsa da, o zaman onları yerinə yetirmək, reallaşdırmaq çox böyük qüvvə, iradə və ən yüksək idarəçilik qabiliyyəti tələb edirdi. Xalqı bu məqsədlər uğrunda səfərbər etmək isə yalnız Heydər Əliyev kimi qüdrətli siyasi xadimlərə nəsib olurdu.

O illərin hadisələrini nəzərdən keçirərkən görürük ki,  Azərbaycanın çox ciddi sınaqlara məruz qalmasına, onun müstəqilliyinə mane olmaq istəyən xarici qüvvələrlə yanaşı, o illərdə hakimiyyət davasına çıxan və siyasi ambisiyaları naminə müstəqilliyimizi az qala qurban verməyə hazır olan qüvvələrin də rolu az deyildi.

1991-ci ildən sonra bir çox çətinliklərə sinə gərmiş xalqımız məhz ulu öndər Heydər Əliyevin titanik səyləri nəticəsində fəlakətdən xilas olmuşdu. Dəfələrə edilən  dövlət çevrilişi cəhdlərinin qarşısı ulu öndərin qətiyyəti ilə alınmış, artıq 1997-ci ildən sonra iqtisadiyyatımızda inkişaf meyilləri başlanmış və həmin meyillər 2003-cü ildən sonra Prezident İlham Əliyevin iradəsi ilə çox böyük vüsət almış və uğurla davam etdirilməkdədir.

Azərbaycan müstəqillik illərində Heydər Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində öz təbii sərvətlərinin əsl sahibinə çevrilərək, bundan ölkəmizin inkişafı, xalqımızın rifahı üçün bəhrələnməyə başlamışdır. Müstəqilliyin 2003-cü ilə qədər davam edən mərhələsini səciyyələndirsək bu dövrü sabitliyin bərqərar edilməsi, sürətli iqtisadi islahatların uğurla həyata keçirilməsi, Azərbaycanın iqtisadi və siyasi qüdrətinin artırılması üçün möhkəm bünövrənin qoyulması dövrü kimi səciyyələndirmək olar.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik, ulu öndərin 95 illik yubileylərinin qeyd olunduğu 2018-ci ildə keçilmiş yolun nə qədər zəngin və şərəfli olduğunu bu illər ərzində qazanılmış nailiyyətlərin fonunda daha aydın müşahidə etmək mümkündür. Cümhuriyyət tarixinə Azərbaycan Prezidenti İlham Əliyevin verdiyi qiymət bu tarixin bizim üçün əhəmiyyətini bir daha nəzərə çarpdırır. O, 2007-ci ildə İstiqlal abidəsinin açılışı zamanı deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də onun aşıladığı müstəqillik hissləri xalqımızın yaddaşından heç vaxt silinməmişdir. Məhz ona görə XX əsrin sonunda yenidən tarixi şans qazanmış ölkəmiz Xalq Cümhuriyyəti dövründən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz suverenliyini və müstəqilliyini qoruyub saxlamağı bacardı. Başda ümummilli liderimiz Heydər Əliyev olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə dayanıqlı ictimai-siyasi sabitlik bərqərar edildi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan  dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu”.

Cümhuriyyət ideyalarına və Heydər Əliyev siyasi xəttinə sədaqət hissi xalqımızı daim ruhlandırır və onu yeni-yeni uğurlara aparır. Bu məhəbbəti yaradan isə onun arzu və istəklərini yerinə yetirən, rifahını gündən-günə yaxşılaşdıran ölkə rəhbəri İlham Əliyevin yeritdiyi siyasətdir.

Bu yaxınlarda Azərbaycanda növbəti beynəlxalq forumlardan biri – Qoşulmama Hərəkatının Nazirlər Konfransının keçirildiyi günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın TASS İnformasiya Agentliyinə verdiyi müsahibədə  qeyd etmişdir ki, bu ilin əsas hadisəsi olan 100 illik yubiley xalqımızın həm keçmişindən, həm də gələcəyindən xəbər verir: “Tarixə nəzər salanda düşünürsən, təsadüfi deyil ki, müsəlman aləmində ilk demokratik respublika məhz azərbaycanlılar tərəfindən yaradılıb, yəni bu hadisə xalqımızın keçmişindən, onun azadlıqsevər, məğrur və mütərəqqi xarakterindən qaynaqlanır.

Azərbaycan Prezidenti İlham Əliyev xalqımızda müstəqilliyə bu qədər böyük məhəbbətin mənbəyini həm də xalqın mənəviyyatını formalaşdıran mədəniyyətindən və ədəbiyyatından yarandığını vurğulayaraq deyir: “Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir... Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib. Əlbəttə, bu gün geriyə nəzər salanda birinci Cümhuriyyətin banilərini minnətdarlıq hissi ilə xatırlayırıq, lakin onun aqibətindən daim ibrət dərsi almalıyıq. Bu Cümhuriyyət iki ildən bir qədər az mövcud olub və biz, əlbəttə ki, bu dərsləri unutmamalıyıq. Buna görə biz bu gün Azərbaycanın müstəqilliyini, suverenliyini, iqtisadi potensialını, beynəlxalq nüfuzunu möhkəmlətmək üçün, Azərbaycanın həmişə təkcə forma etibarı ilə deyil, həm də mahiyyət etibarı ilə müstəqil olması üçün nə mümkündürsə edirik. Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim  ölkəmizlə fəxr edərdilər”.

Azərbaycan Prezidentinin bu sözlərində böyük həqiqət vardır. Ulu öndərin qurduğu dövlətin sükanını etibarlı şəkildə saxlayan və bu dövləti inkişaf yolu ilə irəli aparan Prezident İlham Əliyevin səyləri ilə son 15 ildə qazanılmış möhtəşəm uğurları sadalamaq kifayətdir.

Hazırda Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş bir ölkə olmuşdur, onun iqtisadi inkişaf sürəti beynəlxalq aləmdə həsəd doğurur və ondan nümunə götürürlər. Bu il Davos Forumunun rəqabətqabiliyyətlilik indeksinə görə Azərbaycan dünya üzrə 35-ci, inkişaf etmiş ölkələr arasında 3-cü yeri tutmuşdur, Azərbaycan iqtisadiyyatına bu illər ərzində 230 milyard dollardan artıq sərmayə qoyulmuş, son 15 ildə ümumi daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artmış, strateji valyuta  ehtiyatları 45 milyarda çatmış, yoxsulluq faizi 49 faizdən 5,4 faizə düşmüş, Azərbaycan Ordusu təchizatına və döyüş qabiliyyətinə görə dünyanın 50 güclü ordusu sırasına daxil olmuşdur. Bu gün ölkədə mindən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Ölkə əhalisinin savadlılıq  səviyyəsi 100 faizə yaxındır, 3100-dən çox yeni məktəb, 600-dən çox tibb müəssisəsi, 30-dan çox yeni elektrik stansiyası tikilmiş, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilmişdir və digər qlobal layihələrin icrası davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan xalqı üçün müstəqillik ən böyük nemətdir, ən böyük sərvətdir. Azərbaycan xalqı əsrlər boyu müstəqillik həsrətində idi. Bu müstəqilliyi yaxınlaşdırmaq istəyirdi. Nəsillər gəlirdi, gedirdi.., ancaq biz başqa ölkələrin tərkibində yaşayırdıq. Bu gün bizim nəsillərimiz...Azərbaycanda yaşayan bütün insanlar xoşbəxtdirlər ki, biz bu müstəqilliyi görürük və müstəqil ölkənin inkişafı üçün, möhkəmlənməsi üçün əməli, praktik işləri görürük. Birinci Xalq Cümhuriyyəti 2 il yaşadı. Müstəqil Azərbaycan dövləti əbədi yaşayacaqdır”.

Xalq Cümhuriyyətinin şanlı tarixinin qorunması, bu tarixin yaşadılması və möhkəmləndirilməsi üçün ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gördüyü işləri xalqımız yüksək qiymətləndirir.

Prezident İlham Əliyev AXC irsini qoruyan, yaşadan və zənginləşdirən Heydər Əliyevin tapşırıq və tövsiyələrinin, ideyalarının həyata keçirilməsi, Azərbaycanın işğal edilmiş torpaqlarının azad edilməsi üçün əlindən gələni edir. Əzəli Azərbaycan torpaqlarında qurulmuş Ermənistan  öz himayədarlarına arxalanaraq Xalq Cümhuriyyətindən bizə miras qalmış torpaqlarımızın 20 faizini işğal altında saxlasa da, gözəl başa düşür ki, Azərbaycan xalqı bununla heç zaman barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın bugünkü siyasi, hüquqi, hərbi, iqtisadi qüdrəti imkan verir ki, öz torpaqlarını azad etməklə yanaşı, xalqımızın daha yaxşı yaşamasını təmin etsin.

Heç kəs şübhə etmir ki, Azərbaycan xalqı bundan sonra da öz iqtisadi və siyasi müstəqilliyini, AXC-nin və ümummilli liderimiz Heydər Əliyevin ona miras qoyduğu bu dövləti göz bəbəyi kimi qoruyacaqdır.

Səadət İSMAYILOVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Nərimanov rayon qeydiyyat şöbəsinin rəisi,
hüquq  elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında