Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC Beynəlxalq Konfransı keçiriləcək

Elm, texnologiya, təhsil, mədəniyyət, siyasət, idman və s. mövzularda keçirilən qlobal miqyaslı tədbirlərə ev sahibliyi edən Bakı şəhərində ilk dəfə olaraq avtomatika sahəsində dünyanın ən nüfuzlu təşkilatı olan Avtomatik Nəzarət üzrə Beynəlxalq Federasiyanın – IFAC-in (IFAC – International Federation of Automatic Control) dəstəyilə beynəlxalq konfrans keçiriləcək. 13-15 sentyabr 2018-ci il tarixlərində baş tutacaq tədbir Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik üzrə 18-ci IFAC beynəlxalq konfransı - TECIS (Technology, Culture and International Stability – Texnologiya, Mədəniyyət və Beynəlxalq sabitlik) adlanır.

IFAC 12 sentyabr 1957-ci il tarixində Parisdə təsis edilmişdir. 1978-ci ildən IFAC təşkilatının katibliyi fəaliyyətini Avstriya hökumətinin dəvəti və dəstəyilə bu ölkənin Laksenburg şəhərində davam etdirir. 49 ölkədən avtomatlaşdırılmış idarəetmə və mühəndislik üzrə təşkilatları özündə birləşdirən IFAC il ərzində onlarla beynəlxalq tədbirlər təşkil edir. Regionda ilk dəfə olaraq belə bir mötəbər tədbir Azərbaycanda, Bakı şəhərində keçiriləcək. IFAC-in strukturundakı ilk komitələrindən biri olan TECIS texniki komitəsi 1983-cü ildən fəaliyyətdədir. Həmin ildən etibarən dünyanın bir çox ölkələrində 17 beynəlxalq konfrans kecirmiş komitə Bakıdakı tədbirində eyni zamanda 35 illik yubileyini qeyd etməyə hazırlaşır.

TECIS 2018 Beynəlxalq konfransının təşkilində IFAC-in Azərbaycandan tərəfdaşı qismində “Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti” (Azerbaijan Robotics and Automation Society - ARAS) İctimai Birliyi çıxış edir. Bakıda təsis edilmiş, qısa müddətdə ciddi təşkilatlanma prosesi keçmiş ARAS ölkəmizdən IFAC üzvlüyünə yeganə namizəd təşkilatdır.

Bakı konfransının keçirilməsində əsas məqsəd texnologiya, mədəniyyət və beynəlxalq sabitlik sahəsi üzrə yeni tədqiqat nəticələrini təqdim etmək və ideya-təcrübə mübadiləsi aparmaq üçün sənaye və akademiya sahəsində alimləri, mütəxəssisləri bir araya gətirməkdir. Konfransın mövzuları avtomatik idarəetmənin texnika, iqtisadiyyat, robotika, tibb, sosial həyat və siyasət ilə əlaqəsini özündə əks etdirir.

Təşkilat komitəsi çoxsaylı tələbləri nəzərə alaraq konfransın gündəliyinə Bakıda yaranmış TRİZ (teoriya resheniya izobretatelskikh zadach) nəzəriyyəsini də daxil edib.

Konfransa məqalələrin qəbulu üçün çağırış elan edildikdən sonra tədbirdə iştirak etmək üçün dünyanın müxtəlif ölkələrindən olan elm adamlarından müraciətlər daxil olmaqdadır. TECİS 18 beynəlxalq konfransı elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

Bakıda keçiriləcək konfransın təşkilatçılarından olan Vyana Texnologiya Universitetinin professoru Peter Kopacek robotika və avtomatik idarəetmə sahəsi üzrə məşhur mütəxəssisdir. Bakı konfransının digər təşkilatçısı Bahadur İbrahimov Vyana Texnologiya Universitetində 2017-ci ildə robotika sahəsi üzrə fəsəfə doktoru elmi dərəcəsi alıb. B.İbrahimov 2014-cü ildən mühəndislik menecerləri klubunun assosiativ üzvü, İstanbulda Azərbaycan Birlik Təşkilatının qurucusu, Avstriyada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasının yaradıcısı, “Azərbaycanın Panoraması” jurnalının təsisçisidir. Konfrans zamanı İnnovasiya üzrə “Young authors award” mükafatının təsis edilməsi gündəmdədir.

TECIS 2018 Beynəlxaq Konfransında dünyanın bir çox ölkələrindən alimlər, mütəxəssislər və tələbələr bir yerə toplaşacaq, müxtəlif mövzular üzrə məqalələrini təqdim edəcək, eyni zamanda sürətlə inkişaf edən ölkəmizlə və paytaxt Bakı şəhəri ilə yaxından tanış olacaqlar.  

Qeyd edək ki, Konfransın təşkilatçıları - Avtomatik İdarəetmə üzrə Beynəlxalq Federasiya (IFAC), IFAC TC 9.5 Texnologiya, Mədəniyyət və Beynəlxalq Sabitlik Komitəsi, Azərbaycan Robotika və Avtomatlaşdırma Cəmiyyəti (ARAS) və Vyana Texnologiya Universitetidir (IHRT).

Konfrans, iştirak və məqalələrin təqdim edilməsi qaydaları barədə geniş məlumatı www.tecis18.org və www.tecis18.net saytlarından əldə etmək mümkündür.

 

Hazırladı:
Anar TURAN,
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında