Müharibə şəraitində medianın ölkənin müdafiəsinə və milli təhlükəsizliyinə informasiya dəstəyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Şurası ilə birlikdə təşkil etdiyi görüşdə nazirliyin şəxsi heyət baş idarəsinin və ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri Azərbaycan Xalq Cümhuriyyətinin və Milli Ordunun yaradılmasının 100 illiyi ilə bağlı birgə fəaliyyət istiqamətləri, eləcə də mediada ordu həyatı və müharibə mövzusunun daha səmərəli işıqlandırılması məsələləri diqqət mərkəzində oldu.

Nazirliyin Təlim-Tədris Mərkəzində keçirilən diskussiyanı giriş sözü ilə açan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev ölklənin media qurumlarının rəhbərləri ilə bundan əvvəl təşkil olunan görüşlərin, eləcə də hərbi mövzuda yazan jurnalistlərlə aparılan peşəkarlıq təlimlərinin hər iki tərəf üçün faydalı olduğunu vurğuladı. Nazir müavini təmsil etdiyi qurumla kütləvi informasiya vasitələrinin əlaqələrini bundan sonra da möhkəmləndirmək, müharibə şəraitində medianın ordu quruculuğuna, ölkənin müdafiə sisteminin daha da gücləndirilməsinə köməyini artırmaq üçün belə görüşlərə və müzakirələrə davamlı olaraq ehtiyac duyulduğunu bildirdi.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hərbçilərlə jurnalistlərin işgüzar görüşünün önəmini qeyd edərək söylədi ki, ölkə mediasında müharibə şəraitində hərbi mövzunun peşəkarlıq səviyyəsi indi əvvəllər olduğundan xeyli yüksəkdir. Jurnalistlər ordu həyatının işıqlandırılmasında daim milli təhlükəsizlik tələblərini rəhbər tutur, düşmənin ideoloji-hərbi təxribatlarını layiqincə cavablandırır, dezinformasiyalara ayıq-sayıq yanaşırlar. Bütün bunlar ordmuzun müdafiə qabiliyyətinin və nüfuzunun yüksəldilməsinə, əsgər və zabitlərimizin mənəvi-siyasi yetkinliyinə, nəticədə torpaqlarımızın erməni quldurlarının işğalından tezliklə azad edilməsinə yetərli informasiya dəstəyi yaradılmasına xidmət edir.

Müzakirələrdə çıxış edən Milli Məclisin deputatları “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, AMŞ sədrinin müavini Umud Rəhimoğlu, “APA-Holdinq”  MMC-nin prezidenti Vüsalə Mahirqızı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “Gündəlik Teleqraf” MMC-nin direktoru Aynur Camalqızı və digər media təmsilçiləri Müdafiə Nazirliyinin müvafiq qurumları ilə əlaqələri daha da yaxşılaşdırmaq, düşmənlə təmas xəttində baş verən hadisələr barədə informasiyaları daha operativ və doğru-düzgün yaymaq, qarşı tərəfin təxribat və dezinformasiyalarını dərhal yalana çıxarmaqla bağlı təklif və iradlarını söylədilər.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev, nazirliyin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi general-mayor Rasim Əliyev və mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı söylənilən mülahizələrə münasibətlərini bildirdilər, öz növbələrində ölkə mediasının hərbi mövzunu yüksək  peşəkarlıqla işıqlandırmasında müşahidə olunan uğurları və çatışmazlıqları qeyd etdilər.

Müzakirələrdə Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı Müdafiə Nazirliyi qurumlarının və kütləvi informasiya vasitələrinin birgə gerçəkləşdirəcəyi tədbirlərə, önəm veriləcək mövzulara da diqqət yetirildi. Bildirildi ki, Müdafiə Nazirliyi öz fəaliyətində ölkə mediasının imkanlarından bundan sonra da qədərincə yararlanmaq üçün nə lazımdırsa edəcək.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında