2018-ci ildə sosial-iqtisadi göstəricilərimiz daha yüksək rəqəmlərlə ifadə olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası, dövlət başçısının bütün digər tədbirləri kimi, ölkə ictimaiyyəti tərəfindən maraqla izlənildi. Cənab İlham Əliyevin çıxışında Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni, mənəvi həyatının, demək olar ki, bütün sahələri ilə bağlı ən vacib məsələlərə toxunuldu, görülmüş işlərə layiqli qiymət verildi, qarşıda duran vəzifələr müəyyənləşdirildi.

Şübhəsiz ki, Prezidentin ölkənin rəhbər şəxslərinin, nazirlərin, komitə sədrlərinin iştirakı ilə mütəmadi olaraq bu cür toplantılar keçirməsi əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Belə tədbirlər zamanı bir tərəfdən vətəndaşlar ölkədə baş verən hadisələrdən, aparılan islahatlardan, bu bə ya digər sahədə görülən işlərdən, qazanılan uğurlardan, eləcə də buraxılmış nöqsanlardan xəbər tutur, digər tərəfdən isə, sosial-iqtisadi həyatın müvafiq sahəsinə cavabdeh olan məmurlar öhdələrinə düşən konkret vəzifələri necə icra etmələri barədə respublika ictimaiyyətinə məlumat verir və gələcəkdə görüləcək işlər müəyyənləşdirilir. Prezidentin çıxışlarında irəli sürülən müddəalar isə nazirliklər üçün əsl fəaliyyət proqramı olur. Əlbəttə, cənab Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 10-da keçirilmiş iclası da bu baxımdan böyük əhəmiyyət daşıyır.

Dövlət başçımız çıxışında qeyd etdi ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla dəfə dəf edə və yeni inkişaf yoluna çıxa bilib. Ölkədə köklü islahatlar həyata keçirilib və bu, 2017-ci ildə öz müsbət nəticələrini göstərib. Əsas məsələ isə budur ki, keçən il dünyanın ayrı-ayrı guşələrində qanlı münaqişələr, qarşıdurmalar davam etmiş olsa da, Azərbaycan xalqı sabitlik və əmin-amanlıq şəraitində yaşayıb. Prezident İlham Əliyev deyib: “Azərbaycanda isə sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Hesab edirəm ki, indiki dünyada mövcud olan mürəkkəb geosiyasi vəziyyəti nəzərə alaraq bizdə bu sahədə əldə edilmiş nəticələr yüksək qiymətə layiqdir. Sabitlik olmadan heç bir ölkə inkişaf edə bilməz. Bu aksiomadır”.

Elə buna görədir ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də ölkədə xalq-iqtidar birliyi, həmrəyliyi möhkəmlənib, Azərbaycan xalqı iqtidarın həyata keçirdiyi siyasətə sarsılmaz dəstəyini davam etdirib. Son nəticədə isə Prezidentin həyata keçirdiyi islahatlar təkcə ölkə ictimaiyyəti deyil, beynəlxalq təşkilatlar, dünyanın aparıcı maliyyə qurumları tərəfindən də dəstəklənib, yüksək qiymətləndirilib. Belə təşkilatlara Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Davos Ümumdünya İqtisadi Forumunu misal göstərmək olar. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sonuncu təşkilatın 2017-ci ildə rəqabətqabiliyyətlilik indeksi ilə bağlı hesabatında Azərbaycan iki pillə irəliləyərək dünya ölkələri arasında 35-ci yerə layiq görülüb. Bu, əlbəttə, böyük göstəricidir və Azərbaycan bu nailiyyəti müstəqilliyinin cəmi-cümlətanı 26-cı ilində qazana bilib. Əlbəttə, bütün bunlar ümummilli lider Heydər Əliyevin cızdığı daxili və xarici siyasət kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Prezident buna görə bildirib ki, “... dünya miqyasında 35-ci yeri tutmaq doğrudan da, böyük nəticədir, böyük qələbədir. Biz uzun illərdir ki, MDB məkanında liderlik mövqeyimizi qoruyuruq və möhkəmləndiririk. Hesab edirəm ki, beynəlxalq iqtisadi birlik tərəfindən bizim iqtisadi islahatlarımıza verilən ən böyük qiymət məhz Davos Forumunun reytinqidir və bunun da əsası var. Çünki son illər ərzində ölkəmizdə aparılan quruculuq və inkişaf işləri, bax, bu nəticələrə gətirib çıxarmışdır”.

Azərbaycanın son bir ildə qazandığı sosial-iqtisadi nailiyyətlər isə göz qabağındadır: qeyri-neft sektoru 2,5 faiz, sənaye 3,6 faiz, kənd təsərrüfatı 4,1 faiz artıb. 2017-ci ildə ölkəmizin valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollara çatıb. İxrac məhsulları 19 faiz, qeyri-neft ixracı isə 24 faiz artıb. Həticədə keçən il Azərbaycanda ticarət balansının müsbət saldosu 6,2 milyard dollat təşkil edib. Bunlar Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi rəqəmlərdən bəziləridir. Bütövlükdə isə iqtisadiyyatımız, onunla yanaşı sosial həyatımız cənab Prezidentin rəhbərliyi və həyata keçirdiyi genişmiqyaslı islahatlar sayəsində inkişafını uğurla davam etdirir. İnanırıq ki, 2018-ci ildə sosial-iqtisadi göstəricilərimiz daha yüksək rəqəmlərlə ifadə olunacaq. 

Rafael ALLAHVERDİYEV,
iqtisadiyyat üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında