Avropa Şurasının regional konfransında Azərbaycan mətbuatının uğurlarından bəhs edilib

Mətbuatın və jurnalistikanın müxtəlif problemləri Avropa Şurasının daim diqqət mərkəzində saxladığı mövzulardır. Son illərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) elə bir sessiyası olmayıb ki, orada kütləvi informasiya vasitələri ilə əlaqədar olan hansısa mühüm məsələ gündəliyə daxil edilməsin.

AZƏRTAC xəbər verir ki, dekabrın 6-da AŞPA-nın Macarıstanın paytaxtı Budapeştdə keçirdiyi “Kütləvi informasiya vasitələrinin müstəqilliyi və plüralizminin artırılmasında milli parlamentlərin rolu” adlı regional konfrans da həmin siyasətin davamı kimi qiymətləndirilə bilər. AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinə daxil olan mətbuat üzrə alt komitənin üzvləri ilə yanaşı, konfransda Şərq Tərəfdaşlığına daxil olan dövlətlərdən Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistanın parlament nümayəndə heyətləri də iştirak edirdilər. Eləcə də konfransa Avropa Şurasının Budapeştdəki Avropa Gənclər Mərkəzinin direktoru Qordan Berjan, Avropa Mərkəzi Universiteti KİV Mərkəzinin direktoru Marius Draqomir, Böyük Britaniyadan beynəlxalq münasibətlər üzrə ekspert Maria Donde, Bosniya və Herseqovinadan Tənzimləyici Orqanlar üzrə Avropa Platformasının direktor müavini Helena Mandiç və digər mütəxəssislər qatılmışdılar. Konfrans işini 3 müxtəlif sessiya ilə davam etdirib.

“Mətbuatda aşkarlıq və plüralizm” adlanan ilk sessiyadakı müzakirələrdə çıxış edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, bu tədbirə həm də Milli Məclisin mədəniyyət komitəsinin sədri kimi qatılmış Rafael Hüseynov ölkəmizdə kütləvi informasiya vasitələrinin müasir vəziyyəti haqqında konfrans iştirakçılarına məlumat verərək deyib: “Bu gün Azərbaycanda mətbuat sahəsində 10 mindən artıq insan fəaliyyət göstərməkdədir. Azərbaycanın ilk anadilli qəzeti isə 1875-ci ildə yaranıb və həmin səbəbdən də hər il iyul ayının 22-si mənim ölkəmdə Mətbuat Günü kimi bayram edilir. Lakin XIX əsrin 30-cu illərində Qafqazda nəşr edilmiş qəzetləri araşdırarkən onu da görürük ki, Azərbaycan peşəkar jurnalistikası daha əvvəl fəaliyyətə başlayıb və artıq onun yaşı 190 ilə yaxınlaşır. Lakin bu qədər uzun bir tarixin təəssüf ki, yalnız 25-26 ili ərzində Azərbaycan mətbuatı siyasi senzuranın nəzarətindən kənarda, sərbəst bir şəraitdə mövcud olub. Əlbəttə, bu da aydındır ki, heç vaxt və dünyanın heç bir yerində kütləvi informasiya vasitələri və jurnalistlər tam azad ola bilmir, onların sona qədər sərbəst olmalarını məhdudlaşdıran hansısa amillər mütləq ortaya çıxır, müəyyən asılılıqlar hökmən nə şəkildəsə üzə çıxır. Ona görə də bütün dövrlər, o cümlədən indiki daha sərbəst fəaliyyət imkanlarının ortada olduğu, mətbuatda ifadə azadlığının imkanlarının daha genişləndiyi zamanda da ən vacib amil kimi jurnalist peşəkarlığı məsələsi ortada durur. Çünki təcrübə göstərir ki, jurnalistin peşəkarlığı və intellektual imkanları yüksək, yazmaq, nümayiş etdirmək qabiliyyəti üstün olduqca, o, çox əlverişli bir vəziyyət qazanmış olur. Yəni, həm düşündüyünü, ifadə etmək istədiyini ictimailəşdirmək üçün münasib forma tapa bilir, həm də özünü mümkün təhlükələrdən qorumağı bacarır.

Bu gün Azərbaycan kütləvi informasiya vasitələrinin kəmiyyətinə görə keçmiş sovet məkanı və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Belə ki, Azərbaycanda 4700-dən artıq mətbuat orqanı Ədliyyə Nazirliyində uçota götürülüb, 50-dən artıq informasiya agentliyi müvafiq dövlət proqramında qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq həftəlik və aylıq qəzet nəşr edilir. 80-ə yaxın müxtəlif istiqamətli jurnal buraxılır. Bölgələrdə 100-ə yaxın qəzet və jurnal nəşr edilir. Həmçinin rus dilində 40-a yaxın, ingiliscə 12 qəzet və jurnal çıxır.  Eləcə də türk, fransız, alman, ərəb və bir sıra başqa dillərdə də dövri mətbuat nəşr edilməkdədir. Yəni, bunlar 10 milyon əhalisi olan bir ölkənin çap mətbuatı şəbəkəsini təşkil edir ki, zənnimcə, kifayət qədər əhatəli və rəngarəng bir palitranın olmasını hər kəs təsdiqləyər”.

Konfransın ikinci sessiyası “Audiovizual kütləvi informasiya vasitələrində müstəqillik və plüralizmin nizamlanması: icranın mürəkkəbliyi” adlanırdı və Milli Məclisin deputatı bu hissədəki müzakirələrdə çıxış edərək ölkəmizdəki mətbuat və jurnalist gerçəkliyinin bu səmti barədə dolğun təsəvvür yaratmağa müvəffəq oldu: “Mənim həyatım ilk gənclik illərindən Azərbaycanın radio-televiziya məkanı ilə bağlı olub. Universitet illərindən başlayaraq radio və televiziyada daimi proqramlar aparmağa başlamışam ki, artıq onları 40 ildən artıqdır davam etdirirəm. 1970-ci illərdə Azərbaycanda vur-tut 1 radio və 1 televiziya var idi. Hər ikisi təbii ki, dövlətin ciddi nəzarətində idi. Bu gün isə Azərbaycanda 10 ümumrespublika, 3 peyk, 13 regional və 30-dan çox kabel televiziyası var, 17 radio fəaliyyət göstərməkdədir. 2005-ci ildə isə vaxtilə yeganə olan dövlət radio-televiziyasının əsasında Radio və Televiziya Verilişləri Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Bununla yanaşı, ayrıca bir İctimai Televiziya və Radio Yayımları Şirkəti də efir məkanında aparıcı yerlərdən birini tutmaqdadır. Ölkədə 2016-cı ildə artıq rəqəmsal yayıma keçid də başa çatdırılıb”.

Rafael Hüseynov Azərbaycandakı azad internet məkanı haqqında da söz açıb, bu sahədə ölkədə yaradılmış münbit şəraitlə bağlı fikirlərini bölüşərək deyib: “Zamanında – kino yaranarkən minillərlə yaşı olan teatra həddən ziyadə ciddi, hətta onu ikinci plana keçirməyə qadir bir rəqibin yarandığı iddia edilirdi. Çox keçmədən bu mülahizələr özünü doğrultdu. 1895-ci ildə yaranan kino o vaxtacan bütün dünyanın mədəni həyatında ən ön sırada olmuş teatrı bir neçə onillik ərzində tam sıxışdırmağa nail olmasa da, hər halda ondan qabağa keçməyi, daha populyar olmağı bacardı. Televiziya isə eyni rəqabəti kino ilə, böyük ekranla aparmağa başladı. XX yüzilliyin sonundan isə internet onların hamısının, o cümlədən kitabın da, yazılı mətbuatın da ən ötkəm rəqibinə çevrildi. Azərbaycanda da eyni təmayüllər müşahidə edilməkdədir. Bizdə, Ümumdünya İqtisadi Forumunun hesabatına görə hazırda Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 35 faizini təşkil edir. Ölkədə hər 100 nəfərə 20 kompüter düşür. Azərbaycanda bu gün 3 milli internet provayderi var. Ucqar bölgələri də nəzərə almaqla Azərbaycanın kənd yaşayış məntəqələrinin 35 faizi genişzolaqlı internetə çıxışa malikdir. Məhz belə azad internet fəzasına sahib olmağın nəticəsidir ki, ölkədə milyon yarımdan çox facebook istifadəçisi, minlərlə bloqqer fəaliyyət göstərir. Şəxsən mənim üçün facebook səhifəm həm öz qəzetim, həm də öz şəxsi radio-televiziyam deməkdir. Hazırladığın istənilən verilişi, yazını, audio və ya videomaterialı bir an içində hansısa redaktorların nəzarətindən, heç kimin iradəsindən asılı olmayaraq yaya bilmək nə böyük xoşbəxtlikdir. Bunu mən ona görə xoşbəxtlik adlandırıram ki, jurnalistika, efir fəaliyyətim zamanı bəzən bir ifadəni, bir cümləni yazının, yaxud verilişin mətnində saxlamağa nail olmaq üçün nə qədər əziyyətlər çəkdiyimiz, mübahisələr etdiyimiz, mübarizələr apardığımız yaxşı yadımdadır. Lakin belə azad internet fəzası, ifadə azadlığı üçün meydan açan bu qədər geniş radio-televiziya şəbəkəsi, qəzet-jurnallar bolluğu məsuliyyət hissinin də qat-qat artırılmasını, hər kəsin özünə öz redaktorluğunda daha tələbkar olmasını istəyir”.

Azərbaycanda kütləvi informasiya vasitələri ilə mükəmməl və daim təkmilləşdirilən qanunverici bazanın mövcudluğundan danışan Rafael Hüseynov bu istiqamətdə də Milli Məclisin bir çox dövlətlərlə müqayisədə xeyli irəli getmiş olmasını vurğulayaraq deyib: “Azərbaycanda bütün bunlarla bağlı yetərincə mükəmməl qanun bazası var. “Kütləvi informasiya vasitələri haqqında”, “Mətbuat azadlığı haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiya azadlığı haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında”, “Telekommunikasiya haqqında” bütövlükdə 6 qanunla tənzimlənir. Lakin yazılmamış, parlamentlərdə təsdiq edilməyən və dünyanın hər nöqtəsində olan hər informasiya yayıcısının, hər qələm sahibinin, hər jurnalistin daxilində daim nəbz kimi vurmalı olan bir qanun da var. Kütləvi informasiya vasitələrində çalışan hər kəsin mənəvi keyfiyyətlərini, cəmiyyət qarşısındakı məsuliyyət duyğusunu, peşə etikasının ən müxtəlif çalarlarını özündə birləşdirən əxlaq və peşəkarlıq kodeksi. O yazılı, rəsmən təsdiqlənmiş qanunlar da yalnız bu yazılmamış qanunla həmahəng olanda uğurla işləyir”.

Fikirlərini yekunlaşdıran Rafael Hüseynov konfrans iştirakçılarını, bütün mətbuat təmsilçilərini daha çox öyrənməyə, peşəkarlığı artırmağa hər an səy göstərməyə və daimi həmrəyliyə səslədi: “Bu gün dünya jurnalistləri bir-birinə keçmiş dövrlərdə olduğundan daha yaxındır. İnternetin yaratdığı ortaq məkan həm bir-birindən öyrənməyə geniş imkanlar, həm də dünyanın ən uzaq guşəsində belə hansısa təzyiqlə, təqiblə, haqsızlıqla qarşılaşan həmkarın dərhal səsinə səs verməyə, ona kömək göstərməyə şərait yaradır. Bu iki gözəl imkandan daha çox istifadə etdikcə inanıram ki, uğurlar həmişə bizimlə olacaq!”.

Pərvanə Qarayeva,
AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında