İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının iclası

Noyabrın 14-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Gömrük Xidməti Rəhbərləri Şurasının 8-ci iclası keçirilib.

Dövlət gömrük komitəsinin mətbuat xidmətindən bildirilib ki, iclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev təqdimatla çıxış edərək Azərbaycan iqtisadiyyatında, eləcə də gömrük sahəsində son illər əldə olunan uğurlardan bəhs edib.

Komitə sədri öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının 2002-ci ildə İstanbulda keçirilən 7-ci sammitindəki nitqindən misal çəkərək xatırladıb ki, Heydər Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirməyin və birgə layihələrin həyata keçirilməsinin önəmini qeyd edərək, bunun regionda yoxsulluq səviyyəsinin aşağı salınması üçün zəruriliyini vurğulayıb.

Azərbaycanın əlverişli coğrafi ərazidə yerləşdiyini, Asiya və Avropa arasında logistik mərkəz olduğunu diqqətə çatdıran Aydın Əliyev buradan “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin keçdiyini bildirib. Komitə sədri Azərbaycanda son illər logistik potensialın inkişaf etdirilməsi üçün mühüm layihələrin həyata keçirildiyini, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini vurğulayıb.

Bu il oktyabrın sonunda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tarixi və strateji əhəmiyyətli bir layihə olduğunu da söyləyən DGK sədri qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.

Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı ilə bağlı tapşırıqlarına əsasən, enerji daşıyıcılarının satışından əldə olunan gəlirlərdən asılılığın azaldılması məqsədilə son illər ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasəti həyata keçirilir. Belə ki, Azərbaycan dünya bazarını enerji daşıyıcıları ilə təchiz edən ölkələrdən biridir və neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bu tendensiya daha dəqiq və konkret forma alıb. Bu ilin son 9 ayı ərzində iqtisadiyyatın qeyri-neft sektoru 2,5 faiz, xarici ticarət dövriyyəsi 7 faiz artıb.

Aydın Əliyev son illər Azərbaycanda gömrük sahəsində müxtəlif istiqamətlərdə aparılan islahatlara da toxunaraq qeyd edib ki, Azərbaycan gömrük orqanlarının fəaliyyət strategiyası ölkədə münbit ticarət-investisiya mühitinin yaradılmasına yönəlib və bu istiqamətdə köklü islahatlar həyata keçirilib.

Komitə sədri deyib ki, Azərbaycanın gömrük orqanları xarici ticarət iştirakçıları ilə qarşılıqlı fəaliyyətə xüsusi diqqət yetirir. Azərbaycan Gömrük Xidmətinin rəsmi internet səhifəsində yaradılan xidmətlər xarici iqtisadi fəaliyyət iştirakçılarına malları və nəqliyyat vasitələrini gömrük orqanlarına əvvəlcədən bəyan etməyə, eləcə də gömrük rəsmiləşdirilməsi üçün müraciət, şikayət və təkliflər bildirməyə və sair imkan verir. Hazırda Komitənin internet saytında 15 gömrük xidməti elektron formada təqdim olunur. Bu xidmət tətbiq edildiyi vaxtdan indiyədək mallar üzrə təxminən 1,5 milyon elektron gömrük bəyannaməsi təqdim olunub.

Aydın Əliyev çıxışında “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqindən də bəhs edərək bu sistemlərin tətbiqi sayəsində idxal-ixrac əməliyyatlarının sadələşdirildiyini, bunun da, öz növbəsində ticarətin asanlaşdırılması və tranzit yüklərin daşınmasının sürətləndirilməsində mühüm rol oynadığını bildirib.

Məlumat verilib ki, ölkə ərazisində investisiya fəaliyyətinin genişləndirilməsi, əlverişli biznes mühitinin yaradılması, sənaye istehsalının həcminin artırılması, daxili bazarın qorunması, həmçinin milli istehsal həcminin artırılması üçün 2016-cı ildə dövlət başçısı tərəfindən investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalanıb və investisiyaların təşviqi haqqında sənədin verilməsi qaydası təsdiq olunub. Bununla əlaqədar, investisiyaların təşviqi haqqında sənəd almış şəxslər və fərdi sahibkarların ölkəyə idxal etdiyi texnoloji avadanlıq və qurğular 7 il müddətinə əlavə dəyər vergisi və gömrük rüsumlarından azad edilir. Analoji imtiyazlı şərtlər 7 il müddətinə, həmçinin, - qeydiyyatdan keçdikləri andan etibarən sənaye məhəllələri və texnologiya parklarının rezidentlərinə, o cümlədən sənaye məhəllələri və texnologiya parklarının tikintisi, elm-tədqiqat və təcrübə-konstruktor işlərində tətbiq məqsədilə texnika, texniki avadanlıq və qurğular idxal edən fərdi sahibkarlara da təqdim olunur.

Daha sonra diqqətə çatdırılıb ki, Şərq və Qərbin coğrafi kəsişməsində yerləşən Azərbaycan Respublikası, təəssüf ki, narkotik və psixotrop maddələrin tranziti üçün də cəlbedici marşrutdur. Qaçaqmalçılar Azərbaycan ərazisindən keçən əlverişli nəqliyyat kommunikasiyaları şəbəkəsindən istifadə edərək Avropa və dünyanın digər hissələrinə narkotik keçirməyə çalışırlar. Ən müasir avadanlıq və gömrük nəzarəti sistemləri ilə təchiz olunan Azərbaycan gömrük orqanları mütəxəssis-kinoloq və təlim keçmiş itləri cəlb edərək və analitik və operativ fəaliyyət göstərərək narkotiklərin qanunsuz daşınması cəhdlərinin qarşısını uğurla alır.

Nümayəndə heyəti rəhbərlərinin ölkə hesabatlarından sonra iclasda “İqtisadi Əməkdaşlıq Təşkilatının Qaçaqmalçılıq və Gömrük Cinayətlərinə dair Məlumat Bankının yaradılması və fəaliyyəti üzrə Saziş”ə qoşulma ilə bağlı son nailiyyətlər barədə fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında gömrük məlumatlarının elektron mübadiləsi və üzv ölkələrin gömrük xidmətlərinin vəzifəli şəxsləri üçün təlim kurslarının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

İclasda həmçinin, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin gömrük ekspertlərinin alt-komitəsinin hesabatına baxılıb, tez xarab olan malları daşıyan yük avtomobillərinin və konteynerlərin sərhədlərdən yüksək üstünlüklə və fasiləsiz keçidini sürətləndirmək üçün İƏT üzv ölkələri tərəfindən təmin edilən imkanlar və “İqtisadi Əməkdaşlıq Təşkilatı və Ümumdünya Gömrük Təşkilatı arasında gömrük məsələlərində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və iclasın hesabatı qəbul olunub. 

* * *

Azərbaycandan keçən beynəlxalq nəqliyyat marşrutları ilə bağlı Pakistanla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, müzakirələr Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin Pakistan İslam Respublikasına səfəri çərçivəsində bir sıra ikitərəfli görüşləri zamanı aparılıb.

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuniyo Mikuriya ilə görüşdə, dünyada baş verən iqtisadi proseslərin fonunda gömrük xidmətlərinin fəaliyyəti, beynəlxalq ticarətin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi istiqamətində yeni çağırış və metodlar, perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ÜGT ilə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib, təşkilatın Azərbaycandakı regional tədris və kinoloji mərkəzlərinin, Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinə toxunub, bu qurumların ümumi işə töhfəsinin önəmini diqqətə çatdırıb.

Kuniyo Mikuriya rəhbəri olduğu qurumda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini deyib, qarşılıqlı əlaqələrin müsbət məcrada inkişafından razılığını ifadə edib. Baş katib Azərbaycan gömrüyünün modernləşmə, kadrların peşəkarlıq səviyyəsinin artırılması, elmi araşdırma və nailiyyətlərin gömrük sahəsində tətbiqi məsələlərinə xüsusi önəm verməsini təqdirlə qarşıladıqlarını vurğulayıb.

Pakistan İslam Respublikası Baş nazirinin gəlirlər üzrə müşaviri, dövlət naziri Harun Axtar Xan ilə keçirilən görüşdə Azərbaycan-Pakistan arasında əsrlərə söykənən dostluq və strateji əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edilib. İki ölkənin siyasi, iqtisadi və humanitar sahədəki əlaqələrinin perspektivləri, gömrük xidmətlərinin bu istiqamətdə rolu müzakirə olunub.

Eyni zamanda, tarixi İpək Yolunun bərpası istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan regional və beynəlxalq əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrinin Şərqlə Qərb arasında yükdaşımalarının asan və sürətli şəkildə həyata keçirilməsində önəminə toxunulub, iki ölkənin bu istiqamətdə əməkdaşlığının perspektivləri nəzərdən keçirilib.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Pakistan İslam Respublikasının Federal Gəlirlər Bürosu Gömrük Xidmətinin rəhbəri Məhəmməd Zahid ilə də görüşüb. Görüş zamanı bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də iki ölkə arasında qarşılıqlı faydalı əlaqələrin mövcud olduğu vurğulanıb. Son illər regionda nəqliyyat və logistika sahəsində həyata keçirilən irimiqyaslı layihələrin Azərbaycan və Pakistan arasında iqtisadi əlaqələrin daha da güclənməsinə, ticarət dövriyyəsinin artmasına təkan verəcəyi diqqətə çatdırılıb. Bu istiqamətdə iki ölkənin gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyü qeyd edilib və beynəlxalq ticarətin asan və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün qarşılıqlı əlaqələrin, təcrübə mübadiləsinin daha da artırılmasının vacibliyi vurğulanıb.

İran İslam Respublikası İqtisadi İşlər və Maliyyə Nazirliyi Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə keçirilən görüşdə qarşılıqlı faydalı əlaqələrə toxunulub, o cümlədən iqtisadi-ticari münasibətlərdən söhbət açılıb. Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin də qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, iki ölkə arasında mallar və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasında məlumat mübadiləsi və əməkdaşlığın perspektivləri müzakirə edilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında