Çin və Azərbaycan arasında əməkdaşlıq inkişaf edir

Noyabrın 14-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ziyafət Əsgərov ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söylədi. Bildirildi ki, 1994-cü ildə ümummilli lider Heydər Əliyev ilk xarici səfərlərindən birini məhz Çinə edib. Prezident İlham Əliyev bir neçə dəfə Çində səfərdə olub. Bu səfərlər ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlər də önəmli rol oynayır.

Birinci vitse-spiker Çin Kommunist Partiyasının bu ilin oktyabrında keçirilmiş XIX qurultayının əhəmiyyəti barədə danışdı, burada qəbul olunmuş qərarların Çin xalqının mənafeyinə xidmət edəcəyinə inamını bildirdi. O, Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında sıx dostluq əlaqələrinin olduğunu söylədi.

Ziyafət Əsgərov qeyd etdi ki, Azərbaycan və Çin arasında siyasi, iqtisadi, ticari, mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdü. Bu, qədim İpək Yolunun bərpası deməkdir və Avropa ilə Asiyanı birləşdirən bir layihədir. Bu yol həm yük, həm də sərnişin daşımaları üçün nəzərdə tutulub. 

Diqqətə çatdırıldı ki, Azərbaycan Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir. Bölgə iqtisadiyyatının 75 faizi məhz Azərbaycanda formalaşır. Ölkəmizdə müxtəlif neft və qaz layihələri həyata keçirilir. Bakı-Tbilisi-Ceyhan, TAP və TANAP layihələrinin əhəmiyyəti barədə söhbət açan birinci vitse-spiker gələcəkdə Çinin də bu prosesdən faydalana biləcəyini söylədi.

Sonra Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdi. Bildirildi ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələr təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir. O, Çinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olduğunu xatırladaraq, bu qətnamələrin icra edilməsi üçün Azərbaycana dəstək verməsini xahiş etdi. Xocalı qətliamı barədə söhbət açan birinci vitse-spiker dünyanın 15 ölkəsində bu faciənin soyqırımı kimi tanınmasını diqqətə çatdırdı və Çin parlamentində də bu məsələnin müzakirə olunacağına ümid etdiyini dedi.

Söhbət zamanı 2025-ci ildə “EKSPO” Beynəlxalq Sərgisinin keçiriləcəyi barədə məlumat verildi. Qeyd edildi ki, tədbirin keçirilməsi üçün Azərbaycanın Bakı, Fransanın Paris, Yaponiyanın Osaka, Rusiyanın Yekaterinburq şəhərləri öz namizədliklərini irəli sürüblər. Ziyafət Əsgərov Çini bu məsələdə Azərbaycana dəstək olmağa çağırdı. O, bunun üçün ölkəmizdə zəruri infrastrukturun, habelə beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübənin olduğunu söylədi.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Li Çjun ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsində parlamentlərin rolundan danışdı. O, Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında əlaqələrin inkişafından məmnunluğunu bildirdi. 

Qonaq Çin Xalq Respublikası Kommunist Partiyasının XIX qurultayı barədə məlumat verdi. Qeyd edildi ki, qurultayda partiya rəhbərliyinin yeni tərkibi formalaşıb, ölkə üçün mühüm qərarlar qəbul edilib, yeni hədəflər müəyyənləşdirilib. Li Çjun Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə təbriklərini çatdırdı.

Görüşdə Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı, Çinin ölkəmizdəki səfiri Vey Cinhua və digər rəsmi şəxslər iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında