Tereza MEY: Rusiya bizim demokratiyanın möhkəmliyini qiymətləndirə bilmir

Böyük Britaniya Rusiya ilə “soyuq müharibə” dövrünə qayıtmaq istəmir. Bu barədə Britaniyanın Baş naziri Tereza Mey çıxış edib: “Biz “soyuq müharibə” dövrünə qayıtmaq, yaxud əbədi qarşıdurma vəziyyətində olmaq istəmirik”. Məlumatı TASS verib.

“Bununla yanaşı, sayıq olmalıyıq, əslində, biz də qarşılıqlı münasibətlərin qorunub saxlanmasını istəyirik, ona görə də yaxın aylarda xarici işlər nazirimiz Boris Conson Moskvaya səfər edəcək”, – deyə Mey bildirib.

Onun sözlərinə görə, postsovet Rusiyasına çoxları ümidlə baxıb. “Çünki bilirdik ki, qaydalara əməl edən, güclü və çiçəklənən Rusiya Böyük Britaniyanın, Avropanın və dünyanın maraqlarına cavab verəcək. BMT Təhlükəsizlik Şurasının üzvü kimi Rusiya beynəlxalq sabitliyin möhkəmləndirilməsində həyati vacib rol oynamaq imkanlarına malikdir və bunun üçün cavabdehlik daşıyır. Rusiya bunu edə bilər və ümid edirəm ki, bir vaxt bu yolu seçəcək”.

Bununla belə, Mey xəbərdarlıq edib ki, bu, baş vermədikcə “biz öz maraqlarımızı və asılı olduğumuz beynəlxalq qaydaları qorumaq üçün birlikdə hərəkət edəcəyik”. Britaniya hökuməti başçısının fikrincə, Rusiya beynəlxalq qaydalar sistemini dağıtmağa çalışan əsas ölkədir.

Xanım siyasətçi Rusiya ilə yeni iqtisadi tərəfdaşlıq üçün yollar axtardıqlarını da deyib. “Elə bir tərəfdaşlıq ki, ona mane olmaq istəyənlər qarşısında açıq iqtisadiyyat və azad cəmiyyət qurmaq yolunda bizim ümumi dayağımız olacaq”.

O, Rusiyanın Ukrayna ilə münasibətlərinə də toxunaraq bildirib: “Rusiyanın qeyri-qanuni olaraq Krımı işğal etməsi İkinci dünya müharibəsindən bəri Avropada bir suveren dövlətin digərinin ərazisini zorla tutduğu birinci hadisədir. O vaxtdan bəri Rusiya Donbasda münaqişəyə rəvac verib, bir neçə dəfə qonşu dövlətlərin hava məkanını pozub, kibercasusluq və parçalanma yaratmaq üzrə fəal kampaniya təşkil edib. Bura seçkilərə müdaxilə, Danimarkanın Müdafiə Nazirliyinə və Bundestaqa haker hücumları da daxildir”.  

Mey Rusiyanı mətbuatdan silah kimi istifadə etməkdə, Avropanın demokratik rejimlərini dağıtmağa cəhddə günahlandırıb. “Mənim Rusiyaya bir sadə sözüm var: Mən bilirəm, siz nə edirsiniz. Amma düşündüklərinizi həyata keçirə bilməyəcəksiniz. Çünki siz bizim demokratiyanın möhkəmliyini, azad və açıq cəmiyyətlərin qətiyyətini, Qərb dövlətlərinin bizi birləşdirən ittifaqlara sadiqliyini qiymətləndirə bilmirsiniz”.

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında