Bakıda Azərbaycan –Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilir

Bakıda  keçirilən Azərbaycan-Türkiyə münasibətləri II Beynəlxalq Elmi Konfransı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarının, Şəhidlər xiyabanının və Türk şəhidliyi abidəsinin ziyarəti ilə başlandı. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türkiyənin Kastamonu Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin təşkilatçılığı ilə keçirilən elmi məclisdə bu qurmların rəhbərləri və təmsilçiləri, Türkiyədən gəlmiş qonaqlar və ölkəmizin elm-təhsil ocaqlarında çalışan alimlər iştirak edirlər.

Beynəlxalq konfransın açılış mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin böyük salonunda keçirildi. Məclisi giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, konfransın təşkilat komitəsinin sədri, professor Cəfər Cəfərov Türkiyədən və başqa elm ocaqlarından gəlmiş qonaqları səmimi salamladı. Rektor bildirdi ki, böyük tarixi ənənələri olan Azərbaycan-Türkiyə əlaqələrinin kökündə ortaq dil və mədəniyyət, oxşar adət və ənənələr dayanır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində də bir-birlərinə arxa-dayaq olmuşlar.  Türkiyə Azərbaycanın bərpa edilən dövlət müstəqilliyini tanıyan ilk ölkə olmuşdur.

Cəfər Cəfərov daha sonra qeyd etdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinin bir hissəsini işğal etməsinə cavab olaraq rəsmi Ankaranın təcavüzkar dövlətlə sərhədlərini bağlaması zəruri  bir addım olmaqla, Turkiyənin Azərbaycanın mövqeyini təkcə sözdə yox, həm də əməli işdə dəstəkləyən bir dövlət olduğunu ortaya qoymuşdur. Tarixi və etnik köklərə bağlı olan bu təbii yaxınlaşma gələcəyin möhkəm təməllər üzərində qurulmasına hüdudsuz imkanlar yaradır.

Türkiyənin Kastamonu Universitetinin rektoru, professor Seyit Aydın qonaqpərvərliyə görə minnətdarlığını bildirdi və bu konfransın təkcə universitetlərarası yox, tarixi, dili və adət-ənənələri bir olan xalqlarımızın, strateji tərəfdaş olan dövlətlərimizin də həyatında əhəmiyyətli yeri olacağını söylədi. Qonaq qeyd etdi ki, ölkələrimiz təkcə  Azərbaycanıın yox, həm də bütün türk dünyasının lideri olan Heydər Əliyevin atalar sözü kimi işlədilən “Bir millət iki dövlət” kəlamını rəhbər tutaraq yaşamaqdadır.

Tədbirin təşkilatçılarından olan Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov isə dedi ki, bizim dostluq, qardaşlıq əlaqələrimizin çox qədim tarixi var. Xalqlarımız öz tarixi dostluğuna, ənənələrinə həmişə sadiq olmuş və bu ənənələr dilimizi, dinimizi, mənəviyyatımızı yaşatmışdır. Məhz buna görə Türkiyə ilə Azərbaycan arasında dostluq əlaqələri xüsusi səciyyə daşıyır. Belə tədbirlərin keçirilməsi də təkcə elm adamlarını yox, universitetlərimizi də yaxınlaşdırır.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxışında Azərbaycan-Türkiyə əlaqələrinin tarıxi haqqında ətraflı məlumat verərək bildirdi ki, qardaşlığımızın daimi olması üçün fədakarlıq göstərən insanların, yeni baxış ortaya qoyan şəxsiyyətlərin, o cümlədən ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin vəsiyyətləri,  hazırda bu missiyanı davam etdirən dövlət başçıları Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın tövsiyələri əlaqələrimizi daha da inkişaf etdirmək üçün qarşıya mühüm vəzifələr qoyur. Türkiyə və Azərbaycan böyük enerji layihələrinin həyata keçirilməsində strateji ortaqlıq nümayiş etdirərək, regionun, eyni zamanda, dünyanın iqtisadi imkanlarının genişlənməsinə mühüm imkanlar yaradır.

 Konfransın təşkilat komitəsinin məsul katibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, tarix üzrə fəlsəfə doktoru Naibə Əhmədova bildirmişdir ki, 3 gün davam edəcək, Azərbaycan Türkiyə əlaqələrinin ən müxtəlif sahələrinə işıq salacaq konfransa çox sayda elmi iş göndərilmiş, onlardan 83 iş gündəliyə salınmışdır.

Mövzu müxtəlifliyi baxımından zəngin olan konfransda  Türkiyə və Azərbaycan arasında tarixi, ədəbi, iqtisadi, siyasi, sosial və mədəni əlaqələrin  öyrənilməsi və tədqiqi xüsusi əhəmiyyət kəsb edir.  Hər bölmədə 4-5 elmi məruzə dinlənilib müzakirə ediləcək.

Beynəlxalq elmi konfrans işini oktyabrın 14-də başa vuracaq.

Namiq QƏDİMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında