“Afrique–Asie” jurnalı: Azərbaycanda iqtisadi şaxələndirmə ölkəni regionun qüdrətli dövlətinə çevirib

Oktyabrın 9-da Fransanın 1955-ci ildən nəşr olunan və Məğrib regionundan Kanadayadək geniş oxucu auditoriyasına malik “Afrique–Asie” aylıq elektron jurnalında Azərbaycan haqqında maraqlı məqalə dərc edilib. Məqalə hər şeydən əvvəl ona görə maraq doğurur ki, onu Azərbaycana ilk dəfə səfər etmiş siyasi elmlər üzrə fransalı tədqiqatçı Sebastian Bussua yazıb. Həm də əsas məqam ondan ibarətdir ki, bu jurnalist Azərbaycanda gördüklərini obyektiv və təhrifsiz təsvir edir. AZƏRTAC məqalənin xülasəsini təqdim edir. 

Müəllif yazır ki, Qafqaz regionu fransızlar üçün uzaq yer sayılır. Lakin Fransanın bu bölgədəki Azərbaycan dövləti ilə kökləri uzaq tarixə gedib çıxan münasibətləri vardır.  Təsadüfi deyil ki, 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Fransanın keçmiş prezidenti Fransua Olland tərəfindən Yelisey sarayında qəbul edilib. 2014-cü ildə isə Azərbaycana rəsmi səfərə gələn Fransa Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olub. Onun orada söylədiyi “Ölkələrimiz arasında münasibətlərin tarixi qədimdir” kəlamı lisey binasının girişində həkk edilib.

Azərbaycanın regionun sabit inkişaf edən iqtisadi lideri olduğunu vurğulayan fransalı tədqiqatçı ölkənin əlverişli coğrafi mövqedə yerləşdiyini vurğulayaraq bildirir ki, neft və qazla zəngin olan bu dövlət İran, Gürcüstan, Türkiyə, Rusiya və Ermənistanla həmsərhəddir. Sonuncu ölkə ilə Azərbaycan müharibə vəziyyətindədir. 1991–1994-cü illərdə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal edib. Bu ölkələrin arasında yalnız mövcud olmaq deyil, həm də tərəqqi etmək üçün Azərbaycan təkcə yeraltı sərvətlərinə bel bağlaya bilməzdi. Neftlə zəngin digər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində seçim edib. Bu riskli və qeyri-adi gediş nəticəsində bu gün Azərbaycan dünya iqtisadi böhranına baxmayaraq sabit inkişaf edir.

Məqalədə deyilir ki, cəlb edildiyi müharibənin ağır nəticələrinə, çoxsaylı insan itkisinə, bir milyondan artıq qaçqın və məcburi köçkünün olmasına, Qarabağın sağalmamış yara kimi qalmasına baxmayaraq, Azərbaycan özünün inkişaf modelini yarada bildi. Əgər bu münaqişə bu gün baş versəydi və əgər Rusiya müharibənin gedişinə qarışmasaydı, qüvvələr nisbəti baxımından mənzərə tamamilə başqa cür olardı. Artıq Azərbaycan regional gücə çevrilib.  

Lakin sürətli tərəqqiyə baxmayaraq, Körfəz ölkələrindən fərqli olaraq Azərbaycanda başa düşürdülər ki, zamanın çağırışlarına tab gətirmək üçün dayanıqlı inkişafa cəhd göstərmək lazımdır. Təkcə siyasi baxımdan deyil, – Azərbaycan BMT-yə, ATƏT-ə, Avropa Şurasına üzv oldu, NATO-nun, İslam Əməkdaşlıq Təşkilatının və Dünya Bankının tərəfdaşına çevrildi, – həm də iqtisadi nöqteyi-nəzərdən 2003-2007-ci illərdə ölkədə artım tempi 21 faiz olub.

Ölkənin neft strategiyasının uğurlarından bəhs edən Sebastian Bussua yazır ki, Azərbaycan enerji marşrutlarını şaxələndirərək neft və qaz kəmərləri layihələrinin reallaşdırılmasına xeyli vəsait sərf edir. Uzun müddət neft sektoru ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi olub. Lakin bu gün vəziyyət dəyişib: ambisiyalı planları olan Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, əcnəbi investorların cəlb edilməsinə, yerli məhsulların təşviqinə və ixracına cəhd göstərir. Əgər 2007-ci ildə iqtisadiyyatda neft sektorunun payı 60 faiz idisə, 2016-cı ildə isə bu rəqəm 34 faiz, qeyri-neft sektorunun payı isə 66 faiz təşkil edib.

Yazıda qeyd edilir ki, dövlət qurumu olan AZPROMO ölkə iqtisadiyyatının şaxələndirilməsini dəstəkləməkdə mühüm rol oynayır. 2003-cü ildə Azərbaycan İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış AZPROMO xarici investisiyaların və ixracın inkişafına bilavasitə dəstək göstərir. Bu qurum dəstəklənməyə layiq olan dövlət sektorunun və özəl sektorun müəyyənləşdirilməsi, bazarların öyrənilməsi, biznesin lisenziyalaşdırılmasının qeydiyyata alınması ilə məşğuldur. Ölkənin işləyən əhalisinin 40 faizinin cəlb edildiyi kənd təsərrüfatı sektorunu dəstəkləyən AZPROMO-nun səyləri nəticəsində 2016-2017-ci illərdə Azərbaycan Rusiya, ABŞ, Almaniya, Avstraliya və Ukraynada keçirilən ən böyük beynəlxalq iqtisadi forumlarda iştirak edib.

Kənd təsərrüfatının ölkədə çox dinamik inkişaf etdiyini yazan müəllif bildirir ki, Azərbaycan bütün dünyaya, o cümlədən ABŞ-a, Yeni Zelandiyaya ixrac edilən qoz-fındığı, pomidoru, narı ilə məşhurdur. Azərbaycan şərabı da Qafqazın hüdudlarından kənarda böyük şöhrətə malikdir. Lakin bunlar hamısı deyil, ağır sənayenin, logistika və ticarətin, maliyyə xidmətlərinin müasirləşdirilməsi, yüksək texnologiyaların tətbiqi Azərbaycanın inkişaf prioritetləridir. 

Məqalədə bildirilir ki, Azərbaycan getdikcə dünyada daha orijinal turizm məkanına çevrilir. Bakı Avropa müasirliyini və ölkənin qədim mədəniyyətini özündə əks etdirir. Qədim İçərişəhərlə müasir Bakı harmoniya təşkil edir. Görkəmli memarların şedevr əsərləri müasir Bakının füsunkarlığını daha da artırır. Bu baxımdan Azərbaycan xalqının ümummilli liderinin şərəfinə memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzini, “Alov Qüllələri” kompleksini qeyd etmək olar. 2016-cı ildə “Trip Advisor” saytı Bakını ilin 10 turizm istiqamətindən biri adlandırıb.

Hazırda Rusiya, Gürcüstan, İran və ərəb ölkələrindən olan turistlər Azərbaycanın ən çoxsaylı ziyarətçiləridir. Ötən il Rusiyadan Azərbaycana 7 milyona yaxın, Gürcüstandan 4 milyondan çox, İrandan 233 minə yaxın turist gəlib. Azərbaycan gələcəkdə turizmi daha da inkişaf etdirməyi qarşıya hədəf qoyub. Avropa  ilə Asiyanın qovuşuğunda yerləşdiyi üçün Azərbaycana getdikcə daha çox çinli və yapon gəlməyə cəhd göstərir.

Məqalə bu fikirlərlə bitir: “Azərbaycan həm də müxtəlif sivilizasiyaların çoxdilli mərkəzidir. Özünün tarixi keçmişi sayəsində bu ölkədə demək olar ki, hamı rus dilini başa düşür və bu dildə danışa bilir. Müstəqillik illərində rus dilinə ingilis və fransız dilləri də əlavə olunub. Artıq neçə ildir ki, ingilis dilinin möhkəm yer tutmasına baxmayaraq, fransız dilinə də maraq getdikcə artır.  Özü də o dərəcədə ki, hər il fransız dili müəllimlərinin Fransaya ezamiyyəti təşkil edilir və Molyerin dilini öyrənən tələbələrin sayı sürətlə artır”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında