Məğlubiyyət ruh düşkünlüyü yaratmamalıdır

UEFA Çempionlar Liqasının qrup mərhələsində oynamaq hüququ qazanması ilə Azərbaycan futbolu tarixinə yeni səhifə yazmış Ağdamın “Qarabağ” komandasının Londonda qrup sınaqlarının startında çoxlu səhvlərlə yadda qalan oyunda “Çelsi”  ilə mübarizədən ağır məğlubiyyətlə ayrılması (0:6), hesab nə qədər  gözlənilməz olsa da,  komandanın sıralarında və onun pərəstişkarlarında ruh düşkünlüyü yaratmamalıdır.

Azərbaycan çempionunun futbolçuları buna qədər də neçə-neçə çətin sınağın iştirakçısı olmuşlar və onların kifayət qədər təcrübələri var. Amma Çempionlar Liqası qrup mərhələsinin ab-havası tamam başqadır və burada futbolun ən böyük ustaları ilə rəqabət mühitinə uyğunlaşmaq müəyyən vaxt tələb edir.

Bu səbəbdən də “Qarabağ” futbolçularının 15-ci dəfə Çempionlar Liqasının qrup mərhələsində mübarizəyə başlayan və dünyanın ən şöhrətli komandalarından biri olan London klubu ilə oyunda  ağır məğlubiyyətdən lazımi nəticə çıxaracaqları və “Stemford Bric” stadionunun yaşıl meydançasında yol verdikləri səhvlərin üzərində ciddi şəkildə işləyəcəyi şübhə doğurmur. Çox güman ki, biz artıq növbəti görüşlərdə bunu hiss edəcəyik...

Start turunun digər oyunları haqqında.  “C” qrupunda rəqiblərimiz olan İtaliyanın “Roma” və İspaniyanın “Atletiko” (Madrid) komandaları bütün 90 dəqiqə ərzində bir-birinin qapısına yol tapa bilməmişlər – 0:0. Nəticədə qrupun ilk lideri 3 xala malik “Çelsi” olmuşdur 3:0.

“A” qrupunda “Benfika”nın Portuqaliyada ÇSKA-ya (Rusiya) 1:2 hesabı ilə məğlubiyyətini  müəyyən dərəcədə gözlənilməz nəticələrə aid etmək olar. “Mançester Yunayted” – “Bazel” (İsveçrə) görüşündə isə ingilislərin xeyrinə böyük hesab qeydə alınmışdır 3:0.

“B” qrupunda azarkeşlər hər iki oyunda gurultulu qələbələrin şahidi olmuşlar. Əgər “Bavariya”nın (Almaniya) “Anderlext” (Belçika)  ilə matçda qonaqların qapısından üç cavabsız top keçirməsi (3:0) elə bir təəccüb doğurmursa, “Pari Sen-Jermen”in (Fransa) Şotlandiyada “Seltik”i nokauta salacağını gözləmək çətin idi – 5:0.

Nəhayət, “D” qrupunda “Barselona” da “Yuventus” (İtaliya) üzərində böyük hesabla qələbə qazanmış – 3:0,  “Olimpiakos” isə Yunanıstanda gərgin oyunda “Sportinq”ə (Portuqaliya) kiçik fərqlə uduzmuşdur – 2:3.

İkinci turun oyunları sentyabrın 27-də keçiriləcəkdir. Həmin gün “Qarabağ” futbolçuları Bakı Olimpiya Stadionunda  İtaliyanın “Roma” komandasını qəbul edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında