Cihad Azur: Azərbaycanda bank sistemində restrukturizasiya davam etdirilməlidir

Azərbaycan Beynəlxalq Bankının (ABB) xarici öhdəliklərinin restrukturizasiyası bank sisteminin ümumi restrukturizasiyası prosesinin bir hissəsidir.

bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur Azərbaycana səfərinin yekunlarına dair Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankın rəhbərliyi ilə görüşdə ABB–nin restrukturizasiyası, eləcə də digər bankların restrukturizasiyası ilə bağlı məsələlər müzakirə olunub. Hökumət tərəfindən qərarlı addımlar atılıb. Bu məsələlərin həlli məqsədilə atılan konkret addımlar maliyyəyə çıxış imkanlarını genişləndirərək, investorların bank və maliyyə sektoruna inamını artıracaq və gələcəkdə dövlət büdcəsi üçün riskləri azaldacaq. Paralel olaraq bank fəaliyyəti üçün dəstək göstərilməlidir, bank sisteminin səmərəliliyi baxımından müvafiq dövlət orqanlarının potensialı artırılmalıdır", - deyə BVF-nin təmsilçisi bildirib.

C.Azur deyib: "2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3,1 faiz tənəzzül edib. Zənnimizcə, 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 1 faiz azalacaq. Bu, ona dəlalət edir ki, 2015-2016-cı illər ərzində müvafiq tədbirlər görüldükdən sonra artıq iqtisadiyyatın bərpası başlayıb, maliyyə sahəsində vəziyyət yaxşılaşıb, bilavasitə monetar stabillik müşahidə olunur. Buna baxmayaraq, inflyasiya hələ də ikirəqəmli səviyyədədir. Bu göstərici birrəqəmli olmalıdır. Pul siyasətinə gəlincə, Azərbaycan bunun vasitəsilə stabilliyi təmin edə bilər".

Noyabr ayının sonunda BVF missiyasının yenidən Azərbaycana səfər edəcəyini deyən Cihad Azur qeyd edib ki, bu zaman mövcud vəziyyət, 2018-ci il ilə bağlı büdcə göstəriciləri və proqnozlar müzakirə olunacaq. Lakin növbəti il üzrə proqnoz vermək tezdir. IV maddə üzrə məsləhətləşmələr missiyası ölkəyə gəldikdən sonra BVF konkret mövqeyini açıqlamalıdır. Əvvəlki proqnozlarımıza əsasən, növbəti ildə artımı təxminən 2 faiz civarında gözləyirik.

Diqqətə çatdırılıb ki, Azərbaycan coğrafi mövqeyi sayəsində bir çox sahəni inkişaf etdirə bilər. Regional, qlobal qayələr və təmayüllər ona dəlalət edir ki, ixracat həcmində artım var. Bəzi ölkələrlə əməkdaşlıq inkişaf etdirilməlidir. Hazırda Avropa və Çində iqtisadi artım yaxşıdır. Azərbaycan iqtisadiyyatı bu imkanlardan yararlana bilər.

2014-2015-ci illərdə baş verən qlobal iqtisadi sarsıntılar bir çox ölkələrə təsir edib. Yaranmış vəziyyətdən çıxmaq üçün əlavə xərclərə yol verilməməli, büdcə kəsirini azaltmaq, pul siyasətinin iqtisadi sabitləşməyə töhfə verməsini təmin etmək lazımdır. Bu, həmçinin tədiyə balansının kəsirlə bitməməsini nəzərdə tutur. Digər tərəfdən maliyyə vəsaitinə çıxış təmin edilməlidir, fiskal risklər azalmalıdır. Bu vaxta qədər çox yaxşı addımlar atılıb, bundan sonra da bu addımları davam etdirilməsinə ehtiyac var.

Bununla yanaşı, C.Azur bildirib ki, hazırda dünya bazarında neftin qiyməti 50-55 dollar/barel dəhlizində dəyişir. Qiymətin bu intervalda qalması gözlənilir. Düşünürük ki, növbəti iki ildə də qiymətlər bu civarda qalacaq.

Azərbaycanda dollarlaşmanın səviyyəsinin aşağı düşməsinin yalnız manata olan etibarın bərpasından sonra mümkün olacağını bildirən BVF rəsmisi deyib: "Yalnız manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə, çox güclü və möhkəm makroiqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır və valyuta məzənnəsi reallığa cavab verməlidir. Həmçinin əhalidə inam yaranmalıdır ki, onlar öz əmanətlərini yerli valyutada yerləşdirdikdə əldə etdikləri gəlir əmanətlərini xarici valyutada yerləşdirənlərlə müqayisədə az olmayacaq. Bu gün ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan dollarlaşmanın səviyyəsini aşağı salmaqla nəinki iqtisadiyyat, həmçinin bank sistemi sağlamlaşdırılacaq. Buna görə, bank sistemində restrukturizasiya davam etdirilməli, yeni qanunlar və normativ hüquqi aktlar baxımından qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin və onlar fəaliyyətlərinə davam etsinlər".

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında