Xətai rayonu yenə öndədir

Ali məktəblərə qəbul olunmuş 1715 məzundan 60-ı 650-dən yuxarı bal toplamışdır

Xətai Rayon İcra Hakimiyyətinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayıb tələbə adını qazanmış rayonun orta ümumtəhsil məktəblərinin məzunları ilə görüşü, müstəsna xidmətləri ilə gənclərə böyük imkanlar açmış müstəqil Azərbaycanın qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başladı.

Geniş iclas salonunda davam edən görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov qazanılan uğurlardan danışmazdan əvvəl qeyd etdi ki, Azərbaycanın qazandığı bütün uğurların təməlində ümummilli lider Heydər Əliyevin uzun illərə hesablanmış inkişaf və tərəqqi strategiyası dayanır. Son 14 ildə Prezident İlham Əliyevin müasir dövrə uyğunlaşdırdığı və həyata keçirdiyi bu strategiya sayəsində Azərbaycan regionda lider dövlətə çevrilmiş və beynəlxalq siyasi müstəvidə söz sahibi olan ölkə olmuşdur.

R.Məmmədov qeyd etdi ki, tərəqqi və inkişaf strategiyasının prioritetlərindən biri və bəlkə də ən vacibi məhz təhsil sahəsi olmuşdur. Azərbaycanda qısa zaman çərçivəsində 3 mindən çox ən yeni və müasir məktəb binası tikilmiş, köhnə məktəblər əsaslı şəkildə yenidən təmir edilmiş və təhsilin maddi texniki bazası tarixdə olmayan bir şəkildə yenidən qurularaq, dünya standartları səviyyəsinə çatdırılmışdır. Şübhəsiz, “Yeni Azərbaycana yeni məktəb” layihəsi ilə dövlət strategiyasına dəstək olan Heydər Əliyev Fondunun, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini də xüsusi qeyd etmək lazımdır.

İcra başçısı bildirdi ki, bütün bu deyilənlərə nümunə kimi Xətai rayonu və bu rayonda təhsilin maddi-texniki bazasının qurulması üçün həyata keçirilən işləri nümunə göstərmək kifayətdir. Ancaq miqyas son dərəcə böyükdür və bəlkə də bu gün dünyanın ən güclü dövlətləri belə təhsil sahəsində Azərbaycanda olan miqyasda iş görə bilməmişlər. Nəticə isə özünü çox da gözlətmədi. Mən respublika üzrə olan nəticələrə toxunmadan, sadəcə öz rayonumuzda məktəblərimizin qazandığı uğurları sadalamaq istəyirəm.

R.Məmmədov rayonun orta məktəb məzunlarının qazandığı nailiyyətləri dilə gətirərək bildirdi ki, Xətai rayonundan ali məktəblərə bu il sənəd verən 2321 məzundan 1715-i tələbə adını qazanmışdır. Keçən il isə 158 məzunumuz xarici ölkələrin universitetlərinə qəbul olmuşdur. 8 məzunumuz məktəbi qızıl medalla bitirmiş, 60 məzunumuz 650 –dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuşdur. Bir məzunumuz - 287 saylı “Zəkalar” liseyinin məzunu Nemət Kamran oğlu Yusifov isə 700 bal toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuşdur. Hesab edirəm ki, keçən il olduğu kimi bu il də rayonumuz ali məktəblərə qəbul faizinə görə respublika üzrə ön sıralarda qərarlaşacaq.

Çıxışının sonunda R.Məmmədov bu uğurların qazanılmasında müəllimlərin də çox böyük əməyi olduğunu vurğulayaraq bildirdi ki, müəllimlərimiz adlarının şərəfini misilsiz əməkləri ilə bir daha doğrultdular və mən onların hamısına öz dərin təşəkkürümü bildirirəm. Onlar dövlət siyasətinə, Prezidentin strateji xəttinə töhfələrini öz zəhmətləri sayəsində qazandıqları məhz belə böyük nailiyyətləri ilə verirlər.

Toplantıda Azərbaycan Respublikası Milli Məclisinin deputatları YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, şöbə müdiri Pənah İmanov, 287 saylı
Zəkalar liseyinin direktoru,
YAP Xətai rayon qadınlar şurasının sədri Aygün Əhmədli, Heydər Əliyev adına Liseyin direktoru Sevinc Orucova və başqaları çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və dövlətimizin bu sahəyə xüsusi qayğısı öz nəticələrini verməkdədir. Təkcə bir faktı göstərmək kifayətdir ki, Xətai rayonunda fəaliyyət göstərən 37 məktəbin hər biri tam təmir olunaraq yenidən qurulmuşdur. Bu il avqustun 23-də isə Prezidenti İlham Əliyev rayondakı 257 saylı tam orta məktəbin yeni istifadəyə verilmiş korpusunda olmuş və burada yaradılan şəraitlə tanış olmuşdur. Təkcə məktəblər deyil, uşaq bağçaları da əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunurlar.

Çıxış edənlər tələbə adı qazanmış bütün məzunları, onların valideynlərini, qəbulda yüksək nəticə göstərmiş orta məktəblərin rəhbərlərini təbrik edib onlara yeni tədris ilində uğurlar arzuladılar.

Toplantıda səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş rayonun baş memarı Vadim Surxayevin dövlət mükafatı icra hakimiyyətinin başçısı Razim Məmmədov tərəfindən sahibinə təqdim edildi.

Sonda qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq tələbə adı qazanmış 61 orta məktəb məzununa Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim edildi. 700 bal toplamış 287 saylı “Zəkalar” liseyinin məzunu Nemət Yusifov isə ən yüksək nəticə göstərdiyinə görə noutbukla mükafatlandırıldı.

İlqar RÜSTƏMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında