Abşeronda təhsil konfransı

Abşeron rayonunun məktəbləri 2016-2017-ci tədris ilini yüksək nəticələrlə başa vurmuşdur. Bu münasibətlə Xırdalandakı Heydər Əliyev Mərkəzində Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə 2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad etmişlər.

Konfransda Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycanda gedən sosial-iqtisadi və mədəni inkişaf prosesi təhsil sistemində də özünü göstərir. Respublikada uğurla həyata keçirilən təhsil islahatları pedaqoji kollektivlər qarşısında mühüm vəzifələr qoymuşdur və şəhərin bütün pedaqoji kollektivləri bu vəzifələrin yerinə yetirilməsində fəal iştirak edirlər. O, təhsil sahəsindəki nailiyyətlərdən danışarkən qeyd etmişdir ki, bütün müsbət dəyişikliklər məktəblərdə müəllimlər, şagirdlər və valideynlər arasında qarşılıqlı münasibətlərdə yaranmış sağlam atmosfer fonunda baş vermişdir.

Nazilə Məmmədova yeni dərs ilinə hazırlıq barədə məlumat verərək bildirib ki, təhsil müəssisələrinin fəaliyyətinin yeni keyfiyyət göstəriciləri baxımından qurulmasına xüsusi diqqət yetiriləcək. Bu məqsədlə müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) daha səmərəli istifadə olunması qarşıya vəzifə kimi qoyulub.

Konfransda iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətlərini vurğulayaraq bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələr təhsil sahəsinin inkişafında mühüm rol oynayır.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbirdə çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin milli təhsilin inkişafına böyük qayğı göstərdiyini vurğulamışdır. İcra hakimiyyətinin başçısı təhsil sahəsində qazanılan uğurlar münasibətilə müəllimləri və tələbələri təbrik etmişdir. Bildirmişdir ki, rayonun təhsil işçiləri dövlətimizin təhsilin və elmin inkişafına daimi qayğısından ruhlanaraq bundan sonra da fədakarcasına çalışacaqlar. İ. Gülməmmədova sonra qeyd etdi ki, Abşeron rayonunda 38 tam orta və 1 ümumi orta təhsil müəssisəsi fəaliyyət göstərir. Heydər Əliyev Fondunun hesabına Masazır və Mehdiabad qəsəbələri üçün 1200 şagird yerlik məktəb binası tikilib və bu günlərdə istifadəyə veriləcək. Bu sahələrin tərəqqisi isə ölkəmizin sürətli inkişafına töhfəsini verməkdədir.

Tədbirdə qeyd edildi ki, rayon üzrə ötən tədris ilində 109 hazırlıq qrupu açılıb, 2017-2018-ci tədris ilində isə 2 min 463 şagird üçün 121 sinfin açılması proqnozlaşdırılır. Bildirildi ki, 2016-2017-ci tədris ilində rayon məzunlarının müvəffəqiyyəti IX siniflər üzrə 73,5 faiz, XI siniflər üzrə 74,3 faiz təşkil edib. Doqquzuncu sinfi bitirənlərdən 23-ü, XI sinif məzunlarından isə 20-si müvafiq təlimdə yüksək nəticələr göstərərək fərqlənmə attestatı almış, 3 nəfər isə təhsildə xüsusi fərqləndiyinə görə qızıl medala layiq görülmüşdür.

2016-2017-ci dərs ili məzunlarının ali məktəblərə qəbul göstəricisi ötən illərə nisbətən daha yüksək olub. Belə ki, rayonun ümumtəhsil məktəblərinin 2 min 74 məzunundan 1523-ü ali məktəblərə sənəd vermiş, onlardan 956-sı respublikanın ali məktəblərinin, 51-i isə xarici ölkələrin universitetlərinin tələbəsi adını qazanmışdır. İmtahanların nəticələrinə əsasən, 65 məzun 600-dən çox bal toplamışdır. Mehdiabad qəsəbəsi 3-saylı orta məktəbi xüsusi ilə vurğulamaq lazımdır. Belə ki, adı çəkilən orta məktəbin məzunları builki imtahan zamanı ürəkaçan nəticələr göstərmişlər. Bu da təhsilin yüksək peşəkarlıqla tədris olunmasının bariz nümunəsidir.

Rayonda ardıcıl üç ildir ki, ali məktəblərə qəbul zamanı maksimum nəticə – 700 bal qeydə alınır. Ötən dərs ilində olduğu kimi bu il də Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Məmmədova Jalə Müşfiq qızı ənənəni davam etdirərək 700 bal toplamışdır.

Tədbirdə rayonun bir qrup qabaqcıl müəlliminə fəxri fərmanlar təqdim edilmiş, ali məktəblərə yüksək balla qəbul olunan tələbələr isə mükafatlandırılmışdır. Sonda müəllimlərin ənənəvi sentyabr konfransında ötən dərs ilinə yekun vurulmuş və yeni tədris ili üçün prioritet vəzifələr müəyyənləşdirilmişdir.

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında