Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunub

Sentyabrın 12-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2017-ci ilin payız sessiyası dövründə ilk iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik etdi və işlərində müvəffəqiyyətlər dilədi.

Ziyafət Əsgərov diqqətə çatdırdı ki, 2017-ci ilin yaz sessiyası dövründə komitə üzvlərinin məhsuldar fəaliyyəti nəticəsində komitənin təqdim etdiyi 15 qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.

Komitə sədri gündəlikdəki məsələləri təqdim edərək bildirdi ki, bir sıra qanunlara redaktə xarakterli və uyğunlaşma məqsədilə düzəlişlər edilib. Belə ki, “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlara və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə  təklif olunan dəyişikliklər “Elm haqqında” Qanunun qəbulu ilə bağlıdır. Adıçəkilən sənədlərin müvafiq maddələrində “elmi tədqiqat təşkilatları”, “elmi tədqiqat idarələri”, “elmi tədqiqat müəssisələri” sözləri “elmi müəssisə və təşkilatları” ifadəsi ilə əvəz edilir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 92-ci maddəsində və 3 saylı əlavəsində “rütbə” sözü “ad” sözü ilə əvəzlənir.

Qeyd olundu ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni 4.4-cü maddə əlavə olunur. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Qanunun 28.6-cı maddəsinə edilən əlavədə isə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir.

Bildirildi ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna təklif olunan dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi ilə əlaqədardır. Həmin dəyişikliyə əsasən “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları” sözlərindən sonra “publik hüquqi şəxslər” sözləri əlavə edilir.

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun 12-ci maddəsinin üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının” sözləri əlavə edilir. Bu dəyişiklik “Sərhəd qoşunları haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.

Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücum/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə” sənədlərlə bağlı məlumat verdi.

Komitə üzvləri iclasda təqdim olunan qanun layihələrini məqbul saydılar və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında