Çionq Txi May: Vyetnam Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlıdır

Sentyabrın 12-də Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Bahar Muradova Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü, Vyetnam KP MK-nın xalq kütlələri ilə iş şöbəsinin müdiri xanım Çionq Txi Mayın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bahar Muradova belə görüşlərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini söyləyib. Milli Məclis sədrinin müavini vurğuladı ki, diplomatik əlaqələrin qurulduğu 25 il ərzində Azərbaycan-Vyetnam münasibətləri yüksələn xətt üzrə inkişaf edib. Vyetnam Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında əməkdaşlıq da uğurla inkişaf edir.

Azərbaycanın müstəqillik dövründə qazandığı nailiyyətlərə toxunan vitse-spiker bütün ölkələrlə siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu bildirdi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək dəyərləndirdi. Bahar Muradova münasibətlərin inkişafında Azərbaycanın və Vyetnamın dövlət başçılarının, parlament və hökumət rəhbərlərinin qarşılıqlı səfərlərinin rolunu xüsusi qeyd etdi. Ölkələrimiz arasında rəsmi diplomatiya ilə yanaşı, parlament diplomatiyasının da mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Vitse-spiker bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, gələn il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, o cümlədən Azərbaycan parlamentinin 100 yaşı qeyd olunacaq. Yarandığı gündən ölkənin tərəqqisində mühüm rol oynayan parlamentdə dostluq qruplarının fəaliyyəti də təqdirəlayiqdir. Qonaqlara Milli Məclisin tərkibi, komitələri və beynəlxalq əlaqələri barədə məlumat verən Bahar Muradova iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının ölkənin tərəqqisində mühüm rol oynadığını, parlamentdə 71 deputatla təmsil olunduğunu nümayəndə heyətinin nəzərinə çatdırdı. Dağlıq Qarabağ probleminə toxunan vitse-spiker Vyetnamın iqtidar partiyasını bu münaqişənin həllinə töhfə verməyə çağırdı.

Görüşdə Vyetnam nümayəndə heyətinin başçısı xanım Çionq Txi May Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə əməl olunmaqla həllinə tərəfdar olduqlarını bildirdi. Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşən qonaq ölkələrimiz və xalqlarımız arasında mövcud olan ənənəvi dostluq münasibətlərindən söz açdı, Azərbaycanın müxtəlif dövrlərdə Vyetnama verdiyi dəstəyə görə minnətdarlığını ifadə etdi. O, münasibətlərin inkişafında Vyetnam xalqının lideri Xo Şi Minin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mühüm rolu olduğunu qeyd etdi. Çionq Txi May YAP ilə əməkdaşlığın yaxşı məcrada inkişaf etdiyini söylədi. Vyetnamın iqtisadi potensialından, ticarət imkanlarından söz açan qonaq Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişafında maraqlı olduqlarını vurğuladı. Qeyd etdi ki, Azərbaycan Cənub-Şərqi Asiyada Vyetnamı özünün etibarlı tərəfdaşı hesab edə bilər.

Söhbət zamanı xanım Çionq Txi May Milli Məclisdəki həmkarlarına Vyetnam parlamenti və təmsil etdiyi siyasi partiya barədə məlumat verdi. Bildirdi ki, ölkəsində qadınların ictimai-siyasi fəaliyyətə cəlb olunmasına xüsusi önəm verilir, Vyetnam parlamentində qadın deputatlar 27 faiz təşkil edir.

Səmərəli fikir mübadiləsi aparılan görüşdə Milli Məclisin Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Məsimli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP-ın nümayəndələri, Vyetnam KİV-lərinin təmsilçiləri iştirak ediblər.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında