Şabran: ənənəvi sahələrin inkişafı diqqət mərkəzindədir

Şabran Rayon İcra Hakimiyyətində bu il avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasına həsr edilən toplantı keçirilmişdir.

Rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov fermerlərin, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusilə meyvəçiliklə məşğul olan sahibkarların və qabaqcıl fərdi təsərrüfat rəhbərlərinin iştirakı ilə reallaşan tədbirdə diqqəti dövlət başçımızın müşavirədəki nitqinə yönəldərək Azərbaycanın ümumi iqtisadi inkişaf perspektivlərindən ətraflı danışıb. N. Novruzov ötən ilin sonlarında dövlət başçısının 2017-ci ilin ölkəmizin iqtisadiyyatında dönüş ili olacağına dair verdiyi proqnozların artıq öz təsdiqini tapdığını bildirib. Başçı, eyni zamanda, ölkə iqtisadiyyatının yeni, sürətli inkişaf mərhələsini xarakterizə edən göstəricilərini xatırlatmaqla yanaşı, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının ixracyönümlü məhsullarının istehsalının da sürətlə artdığını xüsusi vurğulayıb.

Rayon icra hakimiyyətinin başçısı qeyd edib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq və tütünçülük həmişə ənənəvi gəlirli sahələr olub və istehsal edilən məhsullar dünya bazarında rəqabətqabiliyyətliyi ilə seçilib. Azərbaycan Prezidenti sözügedən müşavirədə bu sahələrin ölkəmizdə inkişaf perspektivlərindən söhbət açıb, pambıqçılıq, baramaçılıq, fındıqçılıq və tütünçülüyün dirçəldilməsi üçün zəngin ənənələrin, məhsuldar torpağın, münasib iqlimin, coğrafi şəraitin, xarici bazarlara geniş çıxış imkanlarının olduğunu diqqətə çatdırıb.

Natiq Şabran rayonunda da ənənəvi sahələrdən sayılan findıqçılığın ölkədə inkişafı ilə bağlı əldə edilən nəticələrə toxunaraq vurğulayıb ki, 2000-ci ildə Azərbaycanda fındıq bağlarının sahəsi 18 min hektar olmuşdursa, 2013-cü ildə 30 min hektara, 2015-ci ildə 32 min 700 hektara çatdırılıb. Dövlət başçısının müvafiq tövsiyə və tapşırıqlarından sonra isə fındıq bağlarının sahəsi 55 min hektarı ötüb. Bu da onu göstərir ki, 23 min hektarda yeni fındıq bağları salınıb. Bunun da nəticəsində ötən il 14 min 800 ton fındıq ixrac edilib. 

Lakin Prezident bu rəqəmlərin son hədəf olmadığını qeyd edərək, tezliklə əkin sahələrinin daha da genişləndirilməsini, fermerlərin, bu sahəyə maraq göstərən insanların işə cəlb olunmasını, fındıq bağlarının sahəsinin 80 min hektara çatdırılmasını qarşıya mühüm bir vəzifə kimi qoyub.

N. Novruzov cari ilin 6 ayında rayonun sosial-iqtisadi inkişaf dinamikasını və əldə edilən nailiyyətləri diqqətə çatdıraraq bildirib ki, birinci yarımildə Şabranın iqtisadiyyatının bütün sahələrində müsbət irəliləyişlər nəzərə çarpıb. Hesabat dövründə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz artaraq 96,5 milyon manat, sənaye məhsulu istehsalı 10,8 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 46 milyon manat təşkil edib.

Kənd təsərrüfatının inkişaf dinamikasından söz açan başçı daha sonra xatırladıb ki, hazırda rayonda kənd təsərrüfatı bitkilərinin ümumi əkin sahəsi 16 min 343 hektardır. Bu isə rayonun əkinə yararlı torpaqlarının 74 faizinin istifadə olunmasını göstərir.

Çıxışda, həmçinin qeyd edilib ki, dövlət başçısı ölkəmizdə kənd təsərrüfatının sürətli inkişafında müstəsna rol oynayacaq aqroparkların yaradılmasına xüsusi önəm verir. Artıq rayonda da “Şabran” və “Çıraqqala” aqroparkları yaradılıb. Bu aqroparkların fəaliyyətinin təmin edilməsi üçün ümumilikdə 4,9 min hektar torpaq sahəsi ayrılıb.

Natiq məruzəsində rayonda fındıqçılığın vəziyyəti və inkişafını faktlarla geniş təhlil edərək bildirib ki, texniki bitkilərin əkini, xüsusilə fındıq bağlarının salınması, fındıqçılığın inkişafı sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun ciddi tədbirlər görülüb.  Hazırda Şabran rayonunda 375,3 hektar fındıq bağı vardır. Bunun 137 hektarı həyətyanı torpaq sahələrində, 238 hektarı isə fermerlər tərəfindən pay və ya bələdiyyə torpaqlarında salınan bağlardır. Rayonun 68 yaşayış məntəqəsindən 50-də 264 fermer fındıqçılıqla məşğul olur. Bu isə onu göstərir ki, artıq Şabranda fındıqçılıq ənənəvi kənd təsərrüfatı sahələrindən birinə çevrilməkdədir. Dinamikaya diqqət yetirsək görərik ki,
2015-ci ilədək rayonda 144,6 hektar fındıq bağı olub. Keçən il 204,7 hektar yeni fındıq bağı salınıb. Cari ilin əvvəllərində isə buna daha 26 hektar əlavə edilib. Bu da onu göstərir ki, bir ildə 230,7 hektar yeni fındıq bağı salınıb.

İcra hakimiyyətinin başçısı bildirib ki, ötən mövsümdə Şabran fermerləri tərəfindən 386 ton məhsul istehsal edilib və 1 milyon 930 min manat gəlir əldə olunub. Rayon üzrə fındıq bağlarının hər hektarında məhsuldarlıq 23,7 sentnerə çatıb. Bu isə o deməkdir ki, 1 hektar fındıq sahəsi fermerə orta hesabla 11 min 850 manat gəlir gətirib.

Toplantıda bu sahədə qarşıda duran vəzifələrdən danışılaraq qeyd edilib ki, cari mövsümdə rayon ərazisində 800 hektardan çox fındıq bağı salınmalıdır. Artıq bununla bağlı müvafiq tədbirlər planı da hazırlanıb. Bələdiyyələr, fermerlər bu işdə xüsusilə fəallıq nümayiş etdirməlidirlər.

Həmçinin o da bildirilib ki, rayonun ümumtəhsil müəssisələrinin ümumilikdə 5 hektara yaxın təcrübə əkin sahələri vardır və onlar da fındıqçılığın inkişafına öz töhfələrini verməlidirlər.

Sonda bütün mümkün vasitələrdən istifadə edilərək fındıq bağlarının salınması ilə bağlı bu mövsümdə qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyi xüsusi əminliklə vurğulanıb.

Toplantıda fermerləri, fərdi sahibkarlıqla məşğul olan bağ sahiblərini maraqlandıran bir çox suallara aydınlıq gətirilib.

İlqar RÜSTƏMOV,
Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında