Cinayətkar cəzasız qalanda azğınlaşar...

Avqustun 7-də Ermənistan  silahlı qüvvələri tərəfindən Tovuzun Qaralar kəndinin atəşə tutulması nəticəsində  13 yaşlı Ramin Yusifovun qəlpə yaraları alması ermənilərin növbəti vəhşiliyi, Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətinin nəticəsidir. 

Düşmənin bu azğınlığı onu  göstərir ki, Ermənistan rəhbərliyinin vəhşi hərəkətlərinin indiyədək cavabsız qalması, beynəlxalq ictimaiyyətin susması  səbəbindən mülki insanlar və obyektlər hədəfə alınmaqda davam edir. Halbuki bütün beynəlxalq qanunlarda, konvensiyalarda dinc əhaliyə qarşı hərbi təcavüz qadağan olunur. Dinc əhali arasında qırğın törətmək ən böyük cinayət sayılır.

Hazırda dünyanın tanınmış ictimai-siyasi xadimləri Ermənistan--Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi barədə danışarkən, respublikamızın suveren ərazisinin 20 faizinin bədnam qonşularımız tərəfindən işğal edilməsini və etnik təmizləməyə məruz qoyulmasını qəbul edirlər. Amma  təəssüf  ki, Ermənistanın təcavüzkar siyasətinə və terrorçularına qarşı qətiyyətli mübarizə aparılmır.

Mənim doğma rayonumun sakinləri də  atəş səsləri altında yatıb-oyanmağa adət ediblər, bu səslər onları qorxutmur.  Gədəbəylilər artıq neçə illərdir ki, erməni işğalçıları ilə üz-üzə dayanıb. Rayonla hər gün əlaqə saxlayır, olaylardan xəbər tuturuq.  Avqustun 7-də olan bu hadisəni bir gün sonra eşitdim.  Öz həyətində atılan mərminin partlaması nəticəsində çoxlu zədələr alan 13 yaşlı Raminlə bağlı bu həyəcanlı xəbər mənə təqribən bir ay əvvəl  Alxanlıda balaca  balamız  Zəhranın günahsızcasına öldürülməsi hadisəsinə sosial şəbəkədə paylaşdığım statusumu xatırlatdı: “Bu körpənin günahı nəydi? Axı Zəhra bir mələkdir--günahsızdır.  Şeytan, iblis olan isə düşmənimiz ermənilərdir. Ermənilər bizim torpaqlardan rədd olub getməlidirlər. Hamımız bir nəfər kimi torpaq uğrunda, Vətən uğrunda ölməyə hazırıq. Bəsdir artıq günahsız körpələrimiz acı çəkdi, analar fəryad etdi, gənclərimiz dərddən yaşlandılar, ahıllarımızın beli büküldü. Kimsə öz həyətində gəzə, istirahət edə bilmir, çünki erməni terrorçuları ayıq-sayıq dayanıb mülki əhalini--dinc sakinlərimizi güdür.  ...Biz bu məsələnin ədalətli həllini tapacağına inanırıq. Allah xalqımızı və cənab Prezidentimiz İlham Əliyevi qorusun. İnanırıq ki, bu vəhşilərin törətdikləri azğınlıqlar cavabsız qalmayacaq, torpaqlarımız geri qaytarılacaq”.

İndi isə, yeni bir cinayət...Təbii ki, caninin cinayəti cəzasız qalanda, daha da azğınlaşaraq canavar xislətini açığa çıxarır.

Son hadisə–cəbhə xəttinə yaxın ərazidə yaşayan daha bir günahsız uşağımızın  düşmən tərəfdən atılan mərminin qəlpələri ilə yaralanması çox ağırdır, ağrılıdır... Bu hadisədə daha  bir  ailə qəlpə zədələri alan balasına  görə  fəryad etsə, ağlayıb sızlasa da, bu səslər yenə də əks tərəfə çatmadı.  Çünki qarşı tərəfə bu səsi eşitmək sərf etmir, axı onlar öz cinayətkar əməllərinə son qoymaq istəmirlər.

Münaqişə zonalarında uşaqların hüquqlarının qorunması ilə bağlı bir sıra beynəlxalq qanunlar qəbul edilib. 1949-cu ildə BMT-nin qəbul etdiyi Cenevrə Konvensiyasının "Müharibə zamanı mülki fərdlərin müdafiəsi" ilə bağlı bir sıra maddələri uşaqların hüquqlarının qorunmasını özündə ehtiva edir. Eyni zamanda, 1989-cu il noyabrın 20-də qəbul edilmiş Uşaq Hüquqları üzrə Konvensiyaya görə  dünyadakı uşaqların hüquqları qorunur, uşaqlara qarşı hər hansı zorakılıq və işgəncə halları, habelə uşaqların qətlə yetirilməsi qadağan edilir. Maraqlıdır ki, Uşaq Hüquqları üzrə Konvensiyanı  BMT üzvü olan 196 ölkə, o cümlədən Ermənistan da qəbul edib. Amma qəbul etmək başqa, əməl etmək tam başqadır.  Ermənilər hələ 1992-ci ildə Xocalı soyqırımını törədərkən 63 uşağı qətlə yetirmişdilər.

Kütləvi informasiya vasitələrinin məlumatlarına görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini hər gün 130 – 140 dəfə pozurlar. Bir ay bundan əvvəl iki yaşlı Zəhranın öldürülməsi, indi isə 13 yaşlı Ramin Yusifovun ağır yaralanması, hələ bunlardan da əvvəl neçə körpəmizin qətlə yetirilməsi ermənilərin vəhşi xislətindən xəbər verir. Son zamanlar onlar bir qayda olaraq silahsız, dinc insanları hədəfə alırlar. Artıq neçənci dəfədir ki, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini atəşə tutmaqla dinc əhalinin, uşaqların ölümünə səbəb olurlar. Bütün bunlar isə sübut edir ki,  Azərbaycan baş verənlərə sakit yanaşa bilməz və Ermənistan son əməllərinə görə  ciddi cavab verməli olacaq.

Xalqımız Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün tövsiyələrini, o cümlədən münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində atılan addımlarını dəstəkləyir. Ancaq Ermənistan tərəfi bunu bilməlidir ki, Azərbaycan vətəndaşları cənab Ali Baş Komandanın torpaqlarımızın hərb yolu ilə işğaldan azad  edilməsi barədə göstərişini  daha çox gözləyir.  Mən də bir həkim kimi torpaqlarımızın işğaldan azad edilməsi yolunda atılan hər bir addımın yanındayam. İşimlə, əməlimlə, canım-qanım bahasına bu yolda əsgər-zabit heyəti ilə ön cəbhədə irəliləməyə hazıram. Təki bizim soydaşlarımızın qanı yerdə qalmasın.

Yazgül Abdıyeva,
“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında