Qiymətlərin optimallaşdırılması iqtisadi inkişafa əlavə stimul yaradır

“Aİ-92” markalı benzinin qiymətinin tənzimlənməsi yanacağın müxtəlif yollarla qonşu ölkələrə daşınmasının qarşısını alacaq

Azərbaycan dövlətinin iqtisadi siyasətinin mahiyyətində davamlı inkişafı təmin etmək istəyinin dayanması hamıya məlumdur.

Son illər dünyada müşahidə edilən geosiyasi təlatümlər, qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi kimi mənfi faktorlar fonunda rəsmi Bakı əlverişli  sosial mühitin qorunmasına yönəlmiş siyasətini davam etdirir, iqtisadiyyatın tarazlı inkişafına təkan verən layihələrin icrasına xüsusi diqqət ayırır. Xüsusilə də kommunal və energetika-yanacaq sahələrinin daha da inkişafına istiqamətlənmiş dövlət siyasətinin uğurlu davamı ölkədə iqtisadi mühitin güclənməsinə münbit şərait yaratmışdır. Bu mənada Tarif (qiymət) Şurası iqtisadi və ekoloji faktorları nəzərə alaraq, “Aİ-92” markalı benzinin qiymətinin tənzimlənməsi barədə qərar qəbul etmişdir.

Ümumiyyətlə, Tarif Şurasının qərarları, ilk növbədə, sosial ədalət prinsiplərinə əsaslanır və burada əsas məqsədlərdən biri ölkənin enerji təhlükəsizliyinin təmin olunmasıdır. Təsadüfi deyil ki, uzun illər ərzində vətəndaşların gündəlik istifadə etdiyi kommunal xidmətlərin xərcləri artırılmırdı və bu, ədalət prinsiplərinə əməl olunması kimi qiymətləndirilirdi. Mütəxəssislər də bildirirlər ki, son illərdə dövlətin həyata keçirdiyi siyasət vətəndaşların sosial durumu ilə tam uzlaşdırılır və hazırda bu prinsip qorunur, vətəndaşın gündəlik həyatına mənfi təsir göstərə biləcək halların qarşısı alınır. Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın iqtisadi uğurlarından bəhrələnməklə ilk növbədə xalqın həyat səviyyəsini yüksəltməyə,  onun güzəranını yaxşılaşdırmağa mühüm önəm  verir, sosial məsələlərin həllinə böyük diqqət yetirir.

Sosial ədalət prinsiplərinin reallaşdırılması iqtisadiyyatın müxtəlif sahələrində məhsulun qiymətinin optimallaşdırılmasını tələb edir.

Tarif Şurası ictimaiyyətə açıqladığı məlumatda “Aİ-92” markalı benzinin qiymətində dəyişikliyin baş verməsini real iqtisadi və ekoloji faktorlarla əlaqələndirir. Şura Azərbaycanda istehsal edilən mühərrik yanacaqlarının keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması və artan ölkədaxili tələbatın etibarlı təmin edilməsi məqsədilə investisiya imkanlarının genişləndirilməsi, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin həyata keçirilməsinin zəruriliyi, eləcə də ötən illər ərzində manatın məzənnəsində baş verən dəyişikliklər, artan daxili tələbatın SOCAR-ın ixrac imkanlarını məhdudlaşdırması və xarici valyuta gəlirlərinin azalması nəzərə alınaraq, "Aİ-92" markalı avtomobil benzini üzrə tarif tənzimlənməsi aparıldığını açıqlamışdır. Göründüyü kimi, qiymət tənzimlənməsi sırf iqtisadi faktorlara söykənilərək həyata keçirilmişdir.

Ümumiyyətlə, dünyanın bir sıra dövlətlərində benzin və digər enerji daşıyıcılarının qiymətində artımların baş verdiyi tez-tez müşahidə olunur. Məsələn, ABŞ-da son 12 ayda Kolorado ştatının paytaxtında enerji daşıyıcılarının qiymətinin 11, 9 faiz, benzinin qiymətinin isə 16 faiz artdığı bildirilir. Bundan başqa, Havayda il ərzində enerji daşıyıcıların qiyməti 15, 4 faiz artmışdır, qazın qiymətində isə artım 16 faiz təşkil etmişdir. Bu həftə Amerikanın Corciya ştatında da benzinin qiymətində artım müşahidə olunmuşdur. Belə ki, 1 litr benzinin qiyməti 2,12 dollara qədər artmışdır. Rusiyada da benzinin qiymətində artım qeydə alınmışdır. Qiymət artımı ötən həftə Filippində də baş vermişdir. Bu ölkədə benzin, kerosin və dizelin qiymətlərində xeyli artım müşahidə edilmişdir. Böyük neft ölkəsi olan Nigeriyada da  yanacağın qiyməti artıb. Misirdə isə yanacağın qiymətində 50 faiz artım olub. Göründüyü kimi, enerji resursları ilə zəngin ölkələrdə də yanacaq qiymətlərində artım baş vermişdir.

Bununla belə qeyd edilməlidir ki, "Aİ-92" markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişin daşımasına hər hansı bir təsiri olmayacaq. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Həmçinin, dəniz nəqliyyatı ilə yük və sərnişin daşımalarında da dizel yanacağından istifadə edilir. Hava nəqliyyatına gəlincə isə, bu sahədə də "Aİ-92" markalı avtomobil benzinindən deyil, reaktiv mühərrik yanacağından istifadə olunur. Göründüyü kimi, tarif dəyişikliyinin dizel yanacağına, aviabenzinə, maye və sıxılmış qaza aidiyyəti olmadığı üçün yük və sərnişindaşıma baxımından əlavə xərc yaratmır. Bundan başqa, taksi fəaliyyəti ilə məşğul olan şəxsin nəqliyyat vasitəsi dizel ilə deyil, benzin ilə işləyən avtomobildirsə və hər 100 kilometr məsafə üçün 10 litr benzin sərf edirsə, bu halda xərc hər kilometr üçün 2 qəpik artır, yəni 10 kilometr məsafə üçün gediş xərci 20 qəpik dəyişir. Bu sahədə kifayət qədər rəqabət olduğu üçün hansısa şirkət yersiz qiymət artımına gedərsə, bu, onun müştəri itirməsi ilə nəticələnəcək.

Mütəxəssislər də Azərbaycanda “Aİ-92” markalı benzinin qiymətinin artırılmasının əhalinin sosial vəziyyətinə mənfi təsir göstərməyəcəyini düşünürlər. Analitiklər “Aİ-92” markalı benzinin qiymətinin tənzimlənməsinin bir neçə səbəblərini açıqlayırlar. Səbəblər arasında xarici amillər, daha dəqiq desək, dünya maliyyə-iqtisadi böhranı nəticəsində bir sıra ölkələrin, o cümlədən Azərbaycanın milli valyutasının dəyərdən düşməsi və dolların məzənnəsinin yüksəlməsi kimi amilləri göstərirlər. ABŞ valyutasının məzənnəsinin yüksəlməsi, əlbəttə ki, neft sahəsinə də təsirsiz ötüşmür.

Neft və qaz ölkəsi olan Azərbaycanın xarici bazarlara daha keyfiyyətli neft məhsulları çıxartmasına zərurət var, eyni zamanda, avrostandartlara qoşulduğumuza görə istehsal edilən, o cümlədən daxildə istehlak etdiyimiz benzinin keyfiyyətinin həmin tələblərə uyğun olmasına lüzum yaranmışdır. Neft emalı sənayemizi modernləşdirmədən bu tələblərə cavab vermək çətindir. Davamlı iqtisadi inkişafın təməlində rentabellik prinsipi dayanır və Dövlət Neft Şirkətinin rentabelli işləməsi üçün qiymət tənzimlənməsinə ehtiyac yaranmışdır.

Bundan başqa, benzinin qiymətinin tənzimlənməsi nəticəsində əldə olunan vəsaitin bir sıra məsələlərin həllinə yönləndirilməsi planlaşdırılır. Bu vəsaitin bir hissəsi ekoloji problemlərin həllinə xərclənəcək. Həmçinin neft emalı sahəsinin inkişafına və modernləşdirilməsinə vəsait ayırmaq mümkün olacaq. İqtisadçıların sözlərinə görə, hökumət bu addımı ekoloji, texnoloji və investisiya problemlərini vaxtında həll etmək imkanına malik olmaq üçün atır. Bu tədbirlər digər ölkələrdə də həyata keçirilir. Təbii ki, istənilən qiymət artımı müəyyən dövrdə insanlar üçün psixoloji gərginlik yarada bilər. Lakin əhalinin sosial müdafiəsi Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Hamıya məlumdur ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur və ölkənin iqtisadiyyatı inkişaf etdikcə, gücləndikcə, insanların rifahı dövlətin prioritet məsələsi olaraq qalacaqdır.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında