“Zəhra balamızın ölümü erməni qəddarlığının təsdiqidir”

Bu sözləri Azərbaycan Turizm və Menecment Universiteti turizm və qonaqpərvərlik fakültəsi dekanının müavini, iqtisad üzrə fəlsəfə doktoru Flora Ələsgərova  son günlər hər kəsi sarsıdan Alxanlı hadisəsi, iki yaşlı Zəhranın faciəli ölümü ilə bağlı dedi. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin tarixinə toxunan Flora xanım bildirdi:

– Məlum olduğu kimi, 200 ildən çoxdur ki, ermənilərin əli ilə azərbaycanlılara qarşı soyqırımı siyasəti aparılır. Bunun nəticəsində minlərlə azərbaycanlı amansız işgəncələrlə qətlə yetirilib, yaşayış məntəqələri yerlə-yeksan edilib, etnik təmizləmə və erməni təcavüzü nəticəsində yüz minlərlə soydaşımız öz doğma yurdlarından didərgin salınıbdır.

Acınacaqlı haldır ki, cəzasız qalan erməni faşistləri “Böyük Ermənistan” xülyası ilə bu gün də öz mənfur niyyətlərindən əl çəkmir, insanlığa sığışmayan vəhşiliklər törədirlər. Bu mənada iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin ermənilər tərəfindən minaatan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində günahsız körpə Zəhra Quliyevanın və nənəsinin həlak olması, bir nəfərin isə ağır xəsarət alması Xocalıda, Qaradağlıda, Malıbəylidə, Meşəlidə törədilmiş erməni qəddarlığının davamıdır.

Doğrudur,  Silahlı Qüvvələrimiz tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən yenə də susdurulub, az sonra isə Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə qarşı dəqiq atəş zərbələri endirilib. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrini cavab zərbələri ilə susdurmaq üçün qoşunlarımız hazır vəziyyətə gətirilib, amma ağrımız o qədər çoxdur ki, düşmənə verilən cavab, sarsıdıcı zərbə bizi ovutmur.

Bizi daha çox ağrıdan odur ki,  müharibədən əziyyət çəkən, əsasən, dinc əhali, xüsusilə də gələcəyimiz olan uşaqlardır. Qarabağ müharibəsinin yenidən şiddətləndiyi 90-cı illərdən başlayaraq, bu günə kimi 225 nəfərdən çox uşaq erməni vandalizminin qurbanı olub. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, konvensiyaların, bəyannamələrin kobud şəkildə pozulmasıdır. Onlar dinc əhalini hədəfə almaqla Azərbaycanı yenidən müharibəyə təhrik etmək, sülh səylərimizi pozmaq məqsədi güdürlər. Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdikləri bu hərbi cinayətlərə görə gec-tez beynəlxalq birlik qarşısında cavab verəcək, öz layiqli cəzalarını alacaqlar.

Onu da deyək ki, ölkə rəhbərliyinin apardığı uğurlu xarici siyasət, Müdafiə, Xarici işlər nazirliklərinin birgə fəaliyyəti, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin, sosial şəbəkələrin və ictimaiyyətin fəallığı sayəsində Alxanlı faciəsi beynəlxalq qurumları artıq hərəkətə gətirib. Beynəlxalq təşkilatlar, nəhayət, dünya erməni vəhşiliyini, vandalizmini pisləyir və onları bu təxribatlardan əl çəkməyə çağırır.

ATƏT-in Minsk qrupunun həmsədrləri faktiki olaraq qeyd edirlər ki, Ermənistan silahlı qüvvələrinin son təxribatı danışıqlar prosesinin və həmsədrlərinin səylərinin pozulmasına hesablanıb.    

Beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünə və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə dəstək ifadə edib. Artıq dünyanın aparıcı beynəlxalq təşkilatları, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, Avronest, həmçinin ABŞ Dövlət Departamenti bəyanatlarla çıxış edərək əsas günahkarın məhz Ermənistan olduğunu qəbul ediblər.

Bəyanatda münaqişənin tez bir zamanda siyasi yolla, beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmasına çağırışlar edilib. Həmçinin, bəyanatda Avropa Parlamentinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin səylərinə və təkliflərinə tam dəstək ifadə olunub.   

ATƏT PA-nın Minskdə keçirilən 26-cı sessiyasında ermənilərin Alxanlıda törətdikləri təxribat barədə ətraflı məlumat verilib. “Ermənistan birdəfəlik dərk etməlidir ki, cari status-kvoya güvəndikcə öz müstəqilliyini, gələcəyini təhlükə altında qoyur və regionda siyasi oyunların yenə də alətinə çevrilir. Onlar öz murdar niyyətlərindən nə qədər tez əl çəksələr, işğal olunmuş əzəli Azərbaycan torpaqlarını boşaltsalar, erməni xalqı üçün bir o qədər önəmli olacaq”.

İşimizlə əlaqədar xarici ölkə vətəndaşları ilə tez-tez təmasda oluruq. Ya universitetimizə qonaq qismində dəvət olunurlar, ya da biz onların görüşlərinə--təmsil etdikləri ölkəyə, konfranslara, simpoziumlara gedirik. Belə görüşlərdə çalışırıq ki, apardığımız bukletlər, broşurlar vasitəsilə bacardığımız qədər erməni faşistlərinin iç üzünü, işğalçılıq siyasətini və erməni xislətini açaq, onları olduğu kimi tanıdaq. İnanırıq ki, beynəlxalq təşkilatların təzyiqinə məruz qalan Ermənistan çox tezliklə mənfur siyasətinə son qoyacaq, torpaqlarımız işğaldan azad ediləcək. 

 Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında