Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə Suraxanıda tədbir keçirilib

Müasir və müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin siyasi rəhbərliyə gəlməsinin 48-ci ildönümü münasibətilə Suraxanı Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə tədbir keçirib.

Mərasim Yeni Suraxanı qəsəbəsinin “14 İyul” küçəsində ümummilli liderin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm edən Xatirə kompleksinə baxış keçirməklə başlayıb. Rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvlərinin, ictimaiyyət nümayəndələrinin hər ilin bu günündə Xatirə kompleksini ziyarət etmələri bir ənənə halını alıb. 

Sonra tədbir iştirakçıları Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsini ziyarət edib, Heydər Əliyev Mərkəzi ilə tanış olub və mərkəzin sifarişi ilə hazırlanan “Əyilməz iradə” filminə baxıblar.

Heydər Əliyev Mərkəzində ulu öndərin siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə keçirilən konfrans dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla ümummilli liderin əziz xatirəsini yad ediblər.

Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, 14 iyul tarixi xalqımızın taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq. Belə ki, 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilən Heydər Əliyev keçmiş SSRİ-nin geridə qalmış respublikalarından olan Azərbaycanı çox keçmədən ön sıralardan birinə çıxardı. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra isə siyasi rəhbərliyə qayıdışı ilə ölkəmizi siyasi və iqtisadi böhrandan, vətəndaş müharibəsindən xilas etdi. Məhz onun müdrik siyasəti sayəsində müstəqilliyimiz qorunub saxlandı və möhkəmləndi, ölkəmiz beynəlxalq arenada tanınmağa başladı. Bu gün Azərbaycan dünyada söz və nüfuz sahibidir.

Ulu öndərin siyasi hakimiy-yətə gəlişinin ildönümündə tariximizin həmin parlaq səhifələri yenidən vərəqlənir, dahi şəxsiyyətin Vətəni və xalqı qarşısında misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanır.

Konfransda çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, Sevinc Fətəliyeva, Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva qeyd ediblər ki, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə, 1993-2003-cü illərdə müstəqil Azərbaycana rəhbərlik edən ulu öndər istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində Vətəninə, xalqına sədaqətlə xidmət göstərib. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründən başlayır. Ümummilli lider respublikaya rəhbərliyinin ilk illərindən qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirib. Fitri istedadı, yüksək təşkilatçılıq məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olub. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin edib.

Müstəqil Azərbaycan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında bu gün ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla uğurla irəliləyir. Azərbaycan xalqı və onun yaratdığı dövlət durduqca ulu öndər Heydər Əliyevin ideyaları da yaşayacaq.

İ.Abbasov qeyd edib ki, bu gün Azərbaycan möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında intibah dövrünü yaşayır. Bütün sahələrdə özünü dünyaya qüdrətli ölkə kimi tanıdan Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib.

İlqar Abbasov, eyni zamanda, vurğulayıb ki, ulu öndərin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində müstəsna xidmətləri olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd etmək lazımdır. 

Ulu öndər Heydər Əliyev Yaradanın sevimlisi, yaranmışların şərəflisi olub və olaraq qalır.

Konfransda Milli Məclisin deputatı Ağacan Əbiyev iştirak edib.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında