Gəncə: yaxşı adətlərimizi yaşadaq...

Danılmaz faktdır ki, bu qədim şəhərin siması tanınmaz dərəcədə dəyişib. Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində son 6 ildə Gəncə böyük inkişaf yoluna qədəm qoyub. Bir-birinin ardınca həyata vəsiqə alan möhtəşəm tikililər, muzeylər, parklar, geniş küçə və prospektlər, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən saysız-hesabsız binalar, gecə işıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim, həmişəcavan şəhərin ən yeni tarixinə atılan uğurlu “imza”lardır. Bax, Gəncə beləcə illəri qabaqlaya bilib.

Əlbəttə, tikmək, qurmaq, abadlaşdırmaq hələ işin hamısı deyil. Onları qoruyub saxlamaq hər bir sakindən daha böyük diqqət, qayğı,doğma şəhərə məhəbbət hissi tələb edir.

Ötən gün YAP Gəncə şəhər təşkilatının binasında şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda məhz bu məsələ ətrafında geniş söhbət aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verdikdən sonra onların gözəllik və abadlıqları ilə fəxr etdiyimiz kimi, qorunmasının da vətəndaşlıq borcu olduğunu diqqətə çatdırıb.

 Məsələ ətrafında çıxış edənlər abad və yaraşıqlı küçələrimizin, park və xiyabanlarımızın bəzi sakinlər tərəfindən səliqəsiz vəziyyətə gətirilməsindən danışmış, bu halların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyindən söhbət açmışlar. İcra hakimiyyətinin başçısı məsələ ilə bağlı müvafiq təşkilatlara tapşırıqlar vermişdir.

 Toplantıda şəhər ərazisində mal-qaranın saxlanması ilə bağlı məsələyə də toxunulub. Elmar Vəliyev qüvvədə olan qanuna əsasən, şəhər ərazisində mal-qaranın saxlanmasının qadağan olunduğunu bildirmiş və bu kimi halların yolverilməzliyini qeyd etmişdir.

Toplantıda daha bir vacib mövzu ətrafında geniş müzakirə aparılmışdır ki, bu da  bütün şəhər əhalisinin haqlı narazılığına səbəb olan yas mərasimlərindəki israfçılıqla əlaqədardır. İradlar dinlənildikdən sonra icra hakimiyyətinin başçısı Gəncədə həmin işin nizama salınması üçün din xadimlərinə, eləcə də müvafiq təşkilatlara öz tövsiyələrini verib:

– Öz doğma adamını itirməkdən ağır nə ola bilər?! Deməli, ev sahibi ilk növbədə böyük mənəvi sarsıntı ilə üzləşir. Daha sonra fiziki sarsıntı, yəni günlərlə ayaq üstdə dayanmaq, yas yerinə gələnləri qarşılamaq, yola salmaq... Bunlar da azmış kimi, maddi sarsıntı keçirmək. Ona başsağlığı verməyə gələn insanlara ehsan süfrəsi açmaq, süfrə üzərinə növbənöv təamlar düzmək. Borca- xərcə baxan ev sahibi görün nə vəziyyətə gəlib düşür. Gəlin hamılıqla bunun qarşısını alaq. Axı bu nə adətdir?! Nə dinimiz buna yol verir, nə insanlıq, nə də ki, bir-birimizə münasibətimiz. Biz yaxşı adətlərimizi yaşatmalı, pislərini isə unutmalıyıq. Yəqin ki, tezliklə bu qədim şəhərdə belə hallar aradan qaldırılacaqdır...

Şəhər icra hakimiyyəti başçısının bu sözləri zalda əyləşənlər tərəfindən alqışlarla qarşılanıb. Ziyalılardan professor İbrahim Cəfərov, Nizami Əhmədov və başqaları çıxış edərək ictimaiyyəti bu işlərdə daha fəal olmağa çağırıb, ilk növbədə, şəhər fəallarının nümunə göstərmələrini diqqətə çatdırıblar. Din xadimləri də çıxış edərək əhali arasında izahat- təbliğat işinin onlar tərəfindən aparılmasının zəruriliyini qeyd etdiblər.

Hamlet Qasımov, 
“Xalq qəzeti”nin
 bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında