Vladimir Putin: Ukraynada böhran vətəndaşların səbri tükənənə qədər davam edəcək

Rusiya Prezidenti Vladimir Putin hesab edir ki, Ukraynada böhran ukraynalıların səbri tükənənə qədər davam edəcək. Bu barədə o, ölkə metallurqları ilə görüşdə bəyan edib. Məlumatı TASS verib.

Əvvəlcə metallurqlardan biri Putinə Ukrayna böhranı ilə bağlı sual ünvanlayıb. Prezidentin suala cavabı ritorik olub: “Bizim xalq dözümlüdür. Bu, əslində, bir çox cəhətdən eyni xalq olan ruslara da, ukraynalılara da aiddir. Bu vəziyyət nə qədər davam edəcək, bilmirəm. Bu, Ukraynada yaşayan insanlardan asılıdır ki, onlar bu vəziyyətə nə qədər dözəcəklər”.

Putin daha sonra əlavə edib: “Hesab edirəm ki, səbr nə vaxtsa tükənəcək, amma arzu edirəm ki, Allah eləsin, bu dəfə qansız-qadasız, demokratik proseslər yolu ilə tükənsin”.

RF Prezidentinin fikrincə, Ukraynada vəziyyət get-gedə daha da pisləşir: ümumdaxili məhsul son bir neçə ildə üç dəfə azalıb, o cümlədən gəlirlər də. Məsələn, Xarkovda yaşayanların gəlirləri Belqorodda yaşayanlardan iki dəfə azdır.

Bununla belə, dövlət başçısı ümid etdiyini bildirib ki, Moskva və Kiyev arasında iqtisadi əlaqələr bərpa ediləcək. Onun sözlərinə görə, bu əlaqələrin qırılmasından Ukrayna daha çox əziyyət çəkir. Xüsusən, maşınqayırma sənayesi sahəsində. İndi Ukrayna sənayesi bilmir ki, “Mi” sinfinə aid olan təyyarə mühərriklərini kimə satsın.

Putin xatırladıb ki, Rusiya hərbi gəmilər üçün mühərrikləri indi Ukrayna əvəzinə yerli müəssisələrdən alır. Bir vaxt o, özü Hərbi Dəniz Qüvvələrinin modernləşdirilməsini donanma üçün yerli mühərriklərin istehsalı bərpa olunana qədər təxirə salmaq barədə qərar qəbul edib. Bundan başqa, Ukrayna müəssisələrinin əksər əməkdaşları işləmək və yaşamaq üçün Rusiyaya köçüblər. “Biz istəyərdik ki, kooperasiyanı bütövlükdə bərpa edək, orada hələ hər şey itirilməyib. Bu, hər iki ölkənin xeyrinə olardı”.

RF Prezidenti onu da xatırladıb ki, Ukrayna Avropa İttifaqı ilə assosiasiya sazişi imzalayandan sonra bu ölkənin istər Rusiya, istərsə də Avropa İttifaqı ilə ticarət dövriyyəsi aşağı düşüb. “Artıq Ukraynada kənd təsərrüfatından başqa elə bir sahə qalmayıb ki, effektiv işləsin”. O, eyni zamanda, xəbərdarlıq edib ki, bu ölkədə geni dəyişdirilmiş məhsullar peyda olandan sonra bu sahə də tənəzzülə uğraya bilər.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında