Azərbaycan – Qazaxıstan – iki qardaş ölkə

Almatıda nəşr olunan “Altın körpü” jurnalı iki dövlət arasında diplomatik əlaqələrin 25 illiyinə xüsusi nömrə buraxıb

Azərbaycanın Qazaxıstandakı səfirliyinin təşəbbüsü ilə “Altın körpü” jurnalının “Azərbaycan-Qazaxıstan – iki qardaş ölkə” başlığı ilə diplomatik əlaqələrimizin yaradılmasının 25 illiyinə həsr olunmuş xüsusi buraxılışı çapdan çıxmışdır. Jurnalın üz qabığında Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin şəkilləri, son qabıqda isə iki ölkənin bayraqları verilmişdir. Jurnalda yazılar Azərbaycan və Qazaxıstan prezidentlərinin bir-biri haqqında xoş, səmimi sözləri və ölkələrimizə dair fikirləri ilə davam etdirilir.

Prezident İlham Əliyev tərəfindən qazaxıstanlı həmkarına Azərbaycanın ən yüksək mükafatı olan “Heydər Əliyev” Ordeninin təqdimolunma mərasimindən materiallar və şəkillər jurnalın  bu nömrəsində geniş yer tutmuşdur. Bu nömrədə, həmçinin Qazaxıstanın dövlət başçısının cari  il aprelin 2-də Azərbaycana rəsmi səfəri bölümündən sonra “Astana EXPO-2017” bölməsinə də yer ayrılıb. Burada Azərbaycanın da 400 kvadratmetrlik bir pavilyonla iştirakı barədə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov və şərhçilər məlumat verir, bunun böyük əhəmiyyətə malik olduğundan söz açırlar.

Səfirin “Qazaxıstanla Azərbaycan qonşu, tərəfdaş və dost ölkədir” başlıqlı məqaləsində iki ölkənin 25 ildə keçdiyi diplomatik, siyasi-iqtisadi, mədəni əməkdaşlığının geniş imkanlar yaratdığına toxunulur. Qazaxıstanın Qərb bölgəsi – Manqistau vilayəti ilə Azərbaycan arasında hərtərəfli əlaqələr barədə Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun rəhbəri Elxan Zeynalovun geniş müsahibəsində bəhs olunur. Eyni zamanda, Manqistau vilayətinin akimi Y.Tuqjanovun və Atırau vilayətinin akimi N.Nuqayevin məqalələrində də Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa daha çox yer verilib.

Sonra Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Qazaxıstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Adil Əliyevlə, Qazaxıstan  parlamentinin deputatı, əslən azərbaycanlı Məhərrəm Məhərrəmovun iki qardaş ölkənin diplomatik əlaqələrinin 25 illiyi barədə fikirləri oxuculara çatdırılır. Jurnalda siyasətşünas, fəlsəfə doktoru Füzuli Məcidlinin qazax dilində məqaləsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs olunur.

Sənaye, kənd təsərrüfatı və turizm bölümündə dövlət başçısı İlham Əliyevin Azərbaycanda kənd təsərrüfatı, heyvandarlıq və sitrus meyvələrinin inkişafı ilə bağlı bilavasitə bölgələrdə keçirdiyi müşavirələr, görüşlər haqqında məlumat verilir. Bakport və Qazaxıstanın Kürık limanlarının imkanları barədə bu qurumun rəhbərləri açıqlama verirlər. Azərbaycan Turizm Assosiasiyası rəhbərinin müşaviri Müzəffər Ağakərimovun turizmlə məşğul olanlara məsləhəti də jurnalda geniş maraq doğurur. Azərbaycanın xarici bazarlarda özünəməxsus dərəcədə marka olaraq tanınan Fireland Vineyards (Odlar Yurdu) və “Aqro-Azərinvest” şirkətlərinin çeşid-çeşid şərab, konyak məhsulları da maraq kəsb edir.

124 səhifədən ibarət olan “Altın körpü” jurnalının son bölümündə Azərbaycan və Qazaxıstanın milli musiqi alətləri, geyimləri, mətbəxi geniş oxucu kütləsinə tanıdılır. Rus, türk və qazax dillərində çap olunan “Azərbaycan-Qazaxıstan – iki qardaş ölkə” adlı layihənin rəhbərləri Türkel medi-qrupun prezidenti, TÜRKSOY Beynəlxalq təşkilatının mükafatçısı Hökümə Xəlilova və baş redaktoru, filologiya elmləri namizədi, TÜRKSOY Beynəlxalq təşkilatının mükafatçısı Ramiz Məşədihəsənlidir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında