Azərbaycanın uğurlarını gözü götürməyənlər Əfqan Muxtarlı kimilərini bəhanə gətirərək qarayaxmaya başlayıblar

Son illər həmişə belə olub. Xalqımızın, ordumuzun, dövlətimizin hansısa uğurunu qeyd etdiyimiz ərəfədə mütləq kimsə qan qaraldan bir bəyanatla ortaya çıxır. Həmişə də xalqımızın mütəşəkkilliyi və dövlətimizin qətiyyəti nəticəsində həmin qüvvələrin hamısı tutarlı qınaqlarla peşman edilərək,  geriyə oturdulur.

Yenə də belə oldu. İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasının başa çatması, Azərbaycan Prezidenti İlham Əliyevin həmin kəndə gedərək, yeni tikilmiş məktəb və məscidlə, salınmış müasir  yollarla tanış olması, eləcə də 20 il yağı düşmənin təzyiq və təhdidləri qarşısında dirəniş göstərərək, Vətən sevgisini canından əziz tutan Oqtay  Həziyev kimi qeyrətli vətəndaşa şəxsən orden təqdim etməsi xalqımızda həqiqi bayram əhval-ruhiyyəsi yaradıb. İnsanlar bu möhtəşəm qayıdış münasibətilə bir-birini təbrik edirlər. Hətta Dağlıq Qarabağa və işğal edilmiş rayonlara dəxli olmayan bölgələrin sakinləri də bu qayıdışı özlərinin sevinci, iftixarı kimi qəbul edirlər. Xalqın bu sevincini görən bədxahlarımız isə qətiyyən sakit otura bilməzdilər. Oturmadılar da…

Avropa Parlamentindəki bəzi deputatlar, xüsusən, erməni lobbisinin və bizim bədxahlarımızın dəstəyi ilə fəaliyyət göstərən qüvvələr “qaşınmayan yerdən qan çıxartmaq” xəstəliyindən əl çəkməyərək, iyunun 15-də, növbəti dəfə antiazərbaycan məzmunlu qətnamə qəbul edilməsinə nail olublar. Adıçəkilən qurumda  Azərbaycana qarşı belə bir qərəzli addımın  atılmasından milyonlarla soydaşımız kimi, mən də təəssüf hissi keçirirəm. Sənədin  mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu qətnamə  yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanıb. Ölkəmizə qarşı atılan bu qərəzli addım sübut edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini çox ciddi şəkildə narahat edir.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun mətbuata verdiyi müsahibədə deyildiyi kimi, bu qüvvələrin təsiri və təzyiqi altında Avropa Parlamenti kimi ciddi qurum tərəfindən belə bir hərəkətə yol verilməsi Azərbaycanda anlaşılmazlıq doğurur: “2016-cı ilin sentyabr ayından Azərbaycanın “Avronest”də fəaliyyətinin bərpa olunduğu və Azərbaycan Milli Məclisi ilə Avropa Parlamenti arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi bir dövrdə bu cür qətnamənin qəbul edilməsi ikitərəfli münasibətlərə xələl gətirməyə bilməz. Bunu da qeyd etməyi lazım bilirəm ki, Azərbaycan Avropa İttifaqının üzvü deyil və onun qarşısında heç bir öhdəlik daşımır. Avropa Parlamentinin qətnaməsi Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Ümid edirəm ki, Avropa İttifaqında və Avropa Parlamentində olan sağlam qüvvələr Azərbaycana qarşı yönələn bu cür qərəzli və bədxah hərəkətlərin qarşısını alacaqlar”.

Xatırladaq ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Avropa Parlamentinin Əfqan Muxtarlı ilə bağlı qəbul etdiyi qərəzli qətnaməyə  münasibət bildirərkən maraqlı fikirlər səsləndirib. Ümumiyyətlə, mən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin beynəlxalq aləmdə bizə qarşı atılan qərəzli addımlara münasibət bildirərkən nümayiş etdirdiyi qətiyyəti və emosiyadan uzaq olan mövqeyi çox görmüşəm və həmişə də məmnun olmuşam. XİN təmsilçisinin dilə gətirdiyi bütün mülahizələr dövlətimizin adına və xalqımızın qüruruna, mənəviyyatına xas münasibət olub. İndiki münasibətdə isə gənc diplomatımız Avropa Parlamentindəki mövcud vəziyyətin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir:  “ Avropa Parlamenti tərəfindən Əfqan Muxtarlı ilə bağlı cəmi 20 dəqiqəyə yaxın davam edən müzakirələr nəticəsində qəbul edilmiş bu qərəzli və uydurma xarakterli sənəd heç bir hüquqi qüvvəyə malik deyil və hər hansı hüquqi və digər nəticə doğurmur. Eyni zamanda, qətnamənin qəbul edilməsinin təxirə salınması ilə bağlı keçirilmiş səsvermədə səslər arasındakı fərqin az olması Avropa Parlamentində Azərbaycanla əlaqələrə əhəmiyyət verən kifayət qədər deputatın olduğunu göstərir. Belə ki, sözügedən sənədin təxirə salınması təklifinə 272 deputat dəstək verib və 27 nəfər bitərəf qalıb”.

Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan müxalifətini təmsil edən Əfqan Muxtarlı Gürcüstandan Azərbaycan ərazisinə sərhəd-keçid məntəqəsi olmayan zonadan, deməli, sərhəd pozuculuğu yolu ilə keçərkən sərhədçilərimiz tərəfindən saxlanılıb və hüquq-mühafizə orqanları onun haqqında müvafiq qərar qəbul edib. Üstəlik, o, saxlanılarkən üzərində külli miqdarda valyuta olub. İndi Avropadakı bəzi dəllallar Əfqan Muxtarlıdan siyasi məhbus yaratmaq istəyirlər. Amma alınmayacaq. Çünki indi zaman başqadır və kimin hansı əməllə məşğul olduğunu heç kəsdən gizlətmək olmur. Əminəm ki, Avropada da bunu bilməmiş deyillər. Sadəcə, adıçəkilən qətnamənin qəbuluna səs verən deputatlar öz maddi maraqları üçün çalışıblar. Vəssalam!

 

Qulamrza Səbri TƏBRİZİ,
Dünya Azərbaycanlıları Konqresinin fəxri sədri,
Edinburq Universitetinin professoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında