Gəncədə Qurtuluş Günü təntənə ilə qeyd edildi

Əvvəlcə Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin açılışı olub. Açılış mərasimində şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, idarə, müəssisə və təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərkəzin direktoru Şahin Məmmədov bildirib ki, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin birinci korpusu 1939-cu ildə inşa olunub. İstifadəyə verildiyi vaxtdan bu günə kimi əsaslı təmir işləri aparılmayan binanın texniki bazasına  ikimərtəbəli inzibati bina – tədris korpusu, dördmərtəbəli 150 yerlik şagird yataqxanası, 4 istehsalat təlimi emalatxanası və 6 xüsusi fənn kabineti daxildir. Hazırda məktəbdə tədris 9 ixtisas üzrə aparılır. Həmin ixtisaslar üzrə 336 şagird peşə öyrənir. Ümumilikdə, 18 istehsalat təlimi ustası, 24 nəfər pedaqoji və yardımçı heyət fəaliyyət göstərir. Əsaslı təmir nəticəsində bina müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb və 150 nəfərlik yataqxana əsaslı  təmir edilib. Burada yeni tipli mini stadion inşa edilərək şagirdlərin istifadəsinə verilib. Mərkəzin həyətində idman qurğuları, tennis və müxtəlif idman stolları quraşdırılıb. 400 kvadratmetrlik məktəbyanı sahə, 100 yerlik yeməkxana, oxu zalı olan kitabxana, akt zalı təmir edilib. Bundan başqa, emalatxanalar lazımi avadanlıqla təchiz edilərək şagirdlərin istifadəsinə verilib. Binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 150-dən çox ağac və bəzək kolları əkilib.

Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzinin istehsalat təlimi ustası Sevil Nuriyeva, şagirdlərdən Günel Ələsgərova və Elcan Musayev mərkəzdə yaradılan şəraitə görə Prezident İlham Əliyevə, vitse-prezident Mehriban Əliyevaya, Gəncə şəhər rəhbərliyinə və təmir–tikinti işlərinin həyata keçirilməsində əməyi olan insanlara öz minnətdarlıqlarını bildiriblər.

Tədbirdə çıxış edən Gəncə ŞİH başçısı Elmar Vəliyev 15 İyun – Milli Qurtuluş Günü və mərkəzin açılışı münasibəti ilə kollektivi təbrik edib, onlara peşə tədrisi sahəsində müvəffəqiyyətlər arzulayaraq, öz tapşırıq və tövsiyələrini verib. O, Prezident İlham Əliyevə Gəncəyə göstərdiyi diqqət və qayğıya görə xüsusi minnətdarlığını bildirərək xatırladıb ki, əvvəllər şəhərdə mövcud olan 3 peşə məktəbi və 3 peşə liseyi hazırda iki baza ətrafında birləşib. Onlardan biri Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzi, digəri isə Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsili Mərkəzidir.

Şəhər rəhbəri qeyd edib ki, yaxın zamanlarda daha bir peşə məktəbinin açılışı olacaq və bununla da Gəncədəki  bütün peşə məktəbləri və liseylərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində lazımi işlər başa çatdırılacaq.

Tədbirin sonunda qonaqlar binada şagirdlər üçün yaradılan şəraitlə, sinif otaqları, laboratoriyalar, zal, kitabxana və yataqxana ilə tanış olmuşlar. 

Bayram tədbiri Gəncə Şəhər Heydər Əliyev Park-Kompleksindəki amfiteatrda təşkil olunub. Təntənəli ümumşəhər tədbirində bildirilib ki, Azərbaycan xalqının ən əlamətdar bayramlarından olan 15 İyun – Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.

Mərasimdə çıxış edən Elmar Vəliyev 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə gəncəliləri və “Son zəng” münasibəti ilə məzunları təbrik edib. Məzunlara müstəqil həyatlarında uğurlar,  ali təhsil ocaqlarına daxil olaraq valideynlərini və müəllimlərini sevindirmələrini arzu edib.

E.Vəliyev deyib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi görkəmli ictimai-siyasi xadim, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilib. Onun həyat və fəaliyyəti doğma xalqa, torpağa məhəbbət, sədaqət meyarı olub. Ümummilli liderin “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” – fikirləri onun xalqına, Vətəninə necə bağlı olduğunu açıq-aşkar bəyan edib. E.Vəliyev vurğulayıb ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi, sözün əsl mənasında, siyasi qayıdış idi. Onun xilaskar missiya ilə gəlişi dövlətçilik tariximizin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı və beləliklə, 15 iyun tarixə Milli Qurtuluş Günü kimi daxil oldu.

Daha sonra şəhər icra hakimiyyətinin başçısı 2016/2017-ci tədris ilində ən yüksək nəticələr əldə etmiş şagird və məzunlara mükafat və hədiyyələr təqdim edib.

Bayram tədbiri F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Gəncə şəhər tam orta məktəbləri məzunlarının konsert proqramı ilə yekunlaşıb.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında