Dünya qadınları Azərbaycanın mövqeyini bəyənirlər

Yaponiyanın paytaxtı Tokioda Ümumdünya Qadın Sammiti keçirilib. Dünyanın 50-dən artıq ölkəsindən 1000 nəfərdən çox qadının qatıldığı sammitdə müxtəlif dövlətləri təmsil edən vitse-prezident, nazir, ictimai-siyasi xadim, millət vəkili, böyük şirkətlərin sahibi, qeyri-hökumət təşkilatlarının rəhbərləri olan qadınlar iştirak ediblər. Onlar ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə, iqtisadiyyatda, biznesdə qadınların rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər.

Milli Məclisin deputatı Qənirə Paşayeva müzakirələr zamanı maraqlı təkliflərlə çıxış edib və sammit çərçivəsində ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Vyetnam, Kamerundan gəlmiş nümayəndə heyətləri ilə görüşüb. Azərbaycan, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdəki rolu barədə danışarkən, Ermənistan—Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı da geniş məlumat verib. O, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlardan, əsir və girov götürülmüş azərbaycanlılardan söz açaraq vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur. Yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirin iştirakçısı olan yüksək səviyyəli və nüfuzlu, aktiv qadınların bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönməsi üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyir.

Q. Paşayeva Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva başda olmaqla Azərbaycan qadınların cəmiyyətdə rolundan söz açıb, iqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını, onların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayıb və gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr və onların uğurlu nəticələri barədə də məlumatlar verib və tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları da Azərbaycana dəvət edib. ABŞ, Fransa, Almaniya, İslandiya, Qazaxıstan, Meksika, Hindistan, Malayziya, Çin, Cənubi Koreya, Yaponiya, Filippin, Polşa, Sloveniya, Slovakiya, Vyetnam, Afrika, Kamerundan olan fəal xanımlar Azərbaycan haqqında məlumatlı olduqlarını və böyük məmnuniyyətlə bu ölkəyə səfər etmək və daha yaxından tanımaq istədiklərini bildiriblər.

Tədbirdə Yaponiyanın Baş naziri Shinzo Abe, xarici işlər naziri Fumio Kishida və bir sıra yüksək səviyyəli rəsmi şəxslər çıxış edərək, qadınların cəmiyyətin və dövlətin idarə olunmasında, iqtisadiyyatda, biznesdə rolunun daha da genişləndirilməsinin vacibliyi, həllini gözləyən problemlər, görülən və görülməsi vacib işlər barədə təkliflərlə, layihələrlə çıxış ediblər.

Sammitdə “Sağlamlığın qorunması” İB-nin sədri Yazgül Abdiyeva, “İşgüzar Qadınlar” İctimai Birliyinin sədri Sürəyya İsmayılova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova, Kəmalə Paşayeva, Arzu və Lalə Bağırovalar, Tehran Nağıyeva iştirak ediblər.

Zərifə  BƏŞİRQIZI,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında