Kuba jurnalı ümummilli lider Heydər Əliyev haqqında: Xalqın xilaskarı

Kubanın nüfuzlu və Latın Amerikasının ən qədim nəşri olan “Bohemia” jurnalında böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar “Xalqın xilaskarı” adlı geniş məqalə dərc edilib.

Məqalədə bildirilir ki, müasir Azərbaycanın bütün sahələrdə, siyasi, iqtisadi və mədəni həyatda nail olduğu inkişaf Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

Yazıda Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı bəhs edilir. Bildirilir ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməsəydi, bu ölkənin bugünkü taleyini təsəvvür etmək belə çətin olardı. 

Müəllif 1990-cı il yanvarın 20-də sovet qoşunları tərəfindən Azərbaycan xalqının dinc nümayişçilərinə qarşı faciəvi hadisələrin törədildiyini xatırladır. Vurğulanır ki, görkəmli dövlət xadimi Heydər Əliyev o dövrdə baş verənlərlə bağlı öz etiraz səsini qəti şəkildə ucaldıb.

1990-cı illərin əvvəllərində Azərbaycanın dərin siyasi və iqtisadi böhran içində olması barədə məlumat verən müəllif ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycanın Prezidenti seçilməsindən bəhs edir. Bildirilir ki, məhz Heydər Əliyevin rəhbərliyə gəlməsi ilə ölkənin dərin xaosdan xilas edilməsi, Azərbaycan ordusunun möhkəmləndirilməsi, iqtisadiyyatın bərpa olunması, bütün sahələrdə islahatların həyata keçirilməsi, enerji sektorunun inkişaf etdirilməsi mümkün olub. Məqalədə 1994-cü ildə dünyanın ən böyük neft şirkətləri ilə Azərbaycan arasında imzalanmış “Əsrin müqaviləsi” haqda məlumat verilir, ulu öndər Heydər Əliyevin enerji strategiyasının ölkədə iqtisadi islahatlara və siyasi sabitliyə nail olunmasında əhəmiyyəti qeyd edilir.

Məqalədə Ermənistanın Azərbaycana qarşı davam edən işğalçılıq siyasətinə xüsusi diqqət yetirilir. Bildirilir ki, ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycanın digər ərazilərini də kənar qüvvələrin dəstəyi ilə vaxtaşırı öz ərazilərinə birləşdirməyə nail olublar. Bu xüsusda diqqətə çatdırılır ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın kiçik hissələrə bölünməsini və suverenliyinin məhv olmasına çalışan Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və bu həqiqətlər dəfələrlə beynəlxalq təşkilatlar tərəfindən pislənilib.

Məqalədə müəllif, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin tarixi haqda məlumat verir, 2016-cı ilin aprel ayında dörd gün ərzində münaqişənin yenidən gərginləşdiyini qeyd edir. 

Eyni zamanda, bir daha xatırladılır ki, ərazilərinin 20 faizi işğal altında olan Azərbaycan siyasi iradə nümayiş etdirərək münaqişənin tezliklə beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyir. Vurğulanır ki, bu siyasət də Azərbaycanın tarixi şəxsiyyəti, xalqın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi yoldan xəbər verir.  

Məqalədə, həmçinin Böyük Vətən müharibəsində Qələbə gününün Azərbaycan xalqı tərəfindən ehtiramla yad edildiyi bildirilir. Qeyd edilir ki, İkinci dünya müharibəsində qələbənin əldə edilməsi yolunda 600 mindən çox azərbaycanlı öz canından keçib, habelə SSRİ-nin bütün hərbi texnologiyaları və ərzaq sənayesinin çalışması üçün zəruri olan neftin 80 faizi məhz Azərbaycan tərəfindən təmin edilib. Bu tarixi irsin yaşadılması yolunda misilsiz xidmətlər göstərmiş bir insan var - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev.     

Yusif  Babanlı,
AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında