Qarabağ Regional Bilik evinin açılışı

Aprelin 18-də Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, icra hakimiyyətinin, fondun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər.

Sonra Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Tədbirdə Qarabağ Regional Bilik evinin gələcək fəaliyyətinin istiqamətləri müzakirəyə çıxarılıb, yerli sakinlərin təklifləri dinlənilib.

İcra başçısı M.Məmmədov Qarabağ Regional Bilik evinin məhz Tərtər rayonunda və aprel döyüşlərinin ildönümündə açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirərək deyib ki, Bilik evinin fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu imkanlardan istifadə edərək, Qarabağ bölgəsində geniş maarifləndirmə işləri həyata keçiriləcək.

Tərtər rayonunun cəbhə  bölgəsində yerləşdiyini xatırladan M.Məmmədov düşmən üzərində tam qələbənin təkcə silahlı mübarizədən deyil, həm də elmdən keçdiyini diqqətə çatdırıb. Əlavə edib ki, Tərtər ziyalıları və məktəbliləri Bilik Fondunun bir sıra layihələrində həvəslə iştirak edirlər. M.Məmmədov bundan sonra da fondun mütəmadi olaraq bu bölgədə intellektual layihələrə imza atacağına əminliyini ifadə edib.

Bilik Fondunun icraçı direktoru O.Səmədov Qarabağ Regional Bilik evinin belə gözəl binada fəaliyyətə başlamasından məmnunluğunu dilə gətirərək, icra başçısına bu diqqət və qayğıya görə təşəkkürünü bildirib. Fondun təşkilatçılığı ilə müxtəlif bölgələrdə Bilik evlərinin fəaliyyət göstərdiyini xatırladan icraçı direktor əhalinin maarifləndirilməsində bu evlərin böyük rol oynadığını deyib. O.Səmədov bildirib ki, Qarabağ Regional Bilik evi fəaliyyətini məhz əhalinin təklifləri üzərində quracaq və layihələrində bölgənin spesifikası xüsusi ilə nəzərə alınacaq.

 “Dəyirmi masa”da çıxış edən Tərtər Rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev Bilik Fondunun maarifçilik istiqamətində fəaliyyətini yüksək dəyərləndirərək Bilik evlərinin həm də əhalidə mütaliə mədəniyyətinin inkişafına istiqamət verəcəyini diqqətə çatdırıb.

Bilik Fondunun İnformasiya təminatı sektorundan bildiriblər ki, proqrama uyğun olaraq, Tərtər rayonundakı Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə mərkəz arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanıb. Fondun icraçı direktoru Oktay Səmədov və mərkəzin direktoru Səlimə Usubovanın imzaladıqları niyyət protokolunda bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, ümummilli lider Heydər Əliyevin irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili nəzərdə tutulur.

Sonra Bilik Fondunun təmsilçiləri Tərtər Cümə məscidində olublar. Yerli möminlərlə görüşdə məscidə kitablar hədiyyə olunub. Axund Sadiq Cəfərov fondun həyata keçirdiyi “Məscid kitabxanası” layihəsini yüksək qiymətləndirərək, insanların bütün sahələrdə maariflənməsinin ümumi inkişafa böyük töhfə verdiyini vurğulayıb.

Bilik Fondunun nümayəndələri həmin gün Tərtər rayonundakı N saylı hərbi hissədə də olublar. Əsgərlərlə birgə şam yeməyindən sonra “Qardaşlaşmış məktəblər” layihəsi iştirakçılarının ünvanladıqları məktublar əsgərlərə çatdırılıb, onlar da öz növbəsində məktublara cavab yazıblar. Bununla yanaşı, Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində əsgərlərə kitablar da hədiyyə olunub.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında