Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan yazı müsabiqəsinə start verilib

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri,  görkəmli siyasi xadimi Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin keçirilməsinə start verilib.

Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan tələbələrin müsabiqədə fəal iştirakını təmin etmək məqsədilə ali təhsil müəssisəsində tədbir keçirilib. ATMU-nun mətbuat xidmətinin məlumatında bildirilir ki, xidmət mühəndisliyi fakültəsinin dekan müavini, Yeni Azərbaycan Partiyasının universitet üzrə yerli təşkilatının sədri Anar Fərmayılov diqqətə çatdırıb ki, Azərbaycan qadını tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyət həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. O deyib: ”XX əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik edən ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi qayğı göstərib. “Qadın böyük qüvvədir” deyən ulu öndərin onlara xüsusi hörmət və münasibəti qadın siyasətində konkret əksini tapıb. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququ təsbit olunub və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazası yaradılıb. Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ümummilli lideri Heydər Əliyevin qadın siyasətinin sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir. “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”- deyən möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətinin həyatında qadınların rolunun yüksəldilməsi üçün böyük imkanlar yaradılır”.

Milli Məclisin deputatı Q.Paşayeva “bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz” deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş və maraqlı fikirlərini söyləyib: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. Millət vəkili gəncləri Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. O, gəncləri tariximizi dərindən öyrənməyə çağıraraq tələbələri maraqlandıran sualları da cavablandırıb.

Sonra Nərimanov rayon Qadınlar Şurasının sədri, Respublika Qadınlar Şurasının sədr müavini Məhəbbət İbrahimova, YAP Mərkəzi Aparatının əməkdaşı, Suraxanı Rayon Qadınlar Şurasının sədri Zəkiyyə Musayeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gender şöbəsinin baş məsləhətçisi Sevinc Əlizadənin fikirləri dinlənilib. Onlar ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qayğısı sayəsində qadın hərəkatının daha da gücləndiyini, Azərbaycan xanımlarının yeni layihələrdə böyük  fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırıblar.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında