Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu keçirilir

Aprelin 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti və Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda Qafqazşünasların Birinci Beynəlxalq Forumu işə başlayıb.

İki günlük forumda Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, İsrail, İran, Qazaxıstan, Özbəkistan, Ukrayna və Gürcüstandan 175 alim və tədqiqatçı iştirak edir.

Forumun açılış mərasimində əvvəlcə Azərbaycanın dövlət himni səsləndirildi.

Sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxudu.

(Məktubun mətni qəzetin ­bugünkü nömrəsində dərc olunur).

AMEA-nın prezidenti Akif Əlizadə tədbirdə çıxış edərək tarixdə ilk dəfə keçirilən bu forumun əhəmiyyətindən danışdı. Bildirdi ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Qafqaz regionuna olan marağı bu cür ifadə edib: “Qafqaz dünyanın böyük dövlətlərinin diqqət mərkəzindədir, dünyanın diqqətini cəlb edir”. Məlum olduğu kimi, Qafqaz regionunda bir çox mürəkkəb və həllini tapa bilməyən problemlərin mövcudluğu, işğalın və münaqişələrin davam etməsi daha çox bəzi ölkələrin, əsasən böyük dövlətlərin maraqlarının burada toqquşması ilə bağlıdır. Belə bir şəraitdə aşağıdakı bir çox suallara dərin elmi əsaslandırılmış cavabların verilməsinə ehtiyac var. Həmin maraqlar nədən ibarətdir? Ayrı-ayrı dövlətlərin regionda yürütdükləri siyasətin məqsədləri nədir? Həmin məqsədləri reallaşdırmaq üçün hansı üsullardan istifadə edilir? Onların ortaq maraqlarını uzlaşdırmaq mümkündürmü? Region ölkələrinin daxilində hansı ictimai-siyasi, iqtisadi və digər proseslər gedir və onların nəticələri necə ola bilər? Regiondakı problemləri tənzimləmək üçün hansı elmi əsaslandırılmış proqnozlar irəli sürmək olar? Hesab edirəm ki, bu və ya digər çoxlu suallara əhatəli elmi cavabı qafqazşünas alimlər apardıqları elmi-tədqiqat işləri ilə verə bilərlər.

Qeyd edilib ki, Ermənistanın beynəlxalq hüququn bütün normalarını kobudcasına pozaraq Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində ərazimizin 20 faizi işğal olunub, bir milyondan çox azərbaycanlı daimi yaşayış yerlərindən didərgin salınıb. Bu gün Qafqaz regionunda mövcud olan bir çox problemlərin başlıca səbəbi Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti ilə bağlıdır. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, işğala son qoyulmasında və digər problemlərin həllində alimlərin tədqiqatları mühüm rol oynaya bilər.

Bildirilib ki, Qafqaz regionu, eyni zamanda, terror hadisələri ilə, risklər və təhdidlərlə doludur. Bu problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsinə də ehtiyac var. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz dünyada, bölgədə gedən prosesləri izləyərək çalışmalıyıq ki, ölkəmiz üçün riskləri nə qədər mümkünsə minimum səviyyəyə endirək”.

Dövlətimizin başçısının bu fikirləri qafqazşünas alimlərin – regionşünasların, siyasətşünasların, siyasi tarix, beynəlxalq hüquq problemləri ilə məşğul olanların və digərlərinin üzərinə böyük vəzifələr qoyur. Həmin çağırışlardan irəli gələrək alimlərimizin yaşadığımız Qafqaz regionunun geosiyasətinə, region dövlətlərində cərəyan edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə, bu ölkələrin qarşılıqlı münasibətlərinə, böyük dövlətlərin və digər ölkələrin regiona dair siyasətlərinə, münaqişələrə, terrorizmə dair dərin elmi-tədqiqatlar aparmaları və dəyərli əsərlər ortaya qoymalarına indi daha çox ehtiyac var. Həmin əsərlərin təkcə elmi-nəzəri deyil, eyni zamanda, praktik əhəmiyyət daşıyacağı, diplomatlar, siyasətçilər üçün faydalı olacağı və müvafiq qurumlar tərəfindən istifadə ediləcəyi də şübhəsizdir.

Biz bütün bunları əsas götürərək Qafqazşünasların Birinci Beynəlxalq Forumunu keçirməklə dünyanın müxtəlif ölkələrindən olan qafqazşünas alimləri çoxtərəfli formatda bir araya gətirmək, forum çərçivəsində onların ikitərəfli əməkdaşlığının əsasını qoymaq və perspektiv məsələlərə dair elmi müzakirələr aparmağı lazım bilmişik. Qafqaz problemlərinə dair elmi-tədqiqat işləri aparan alimlərin bir-birini daha da yaxından tanımalarına, səylərini əlaqələndirmələrinə, çoxtərəfli və ikitərəfli formatlarda əməkdaşlıq etmələrinə ciddi ehtiyac var. Ənənəvi olaraq keçirilməsi nəzərdə tutulan bu forum həmin istiqamətdə atılan ciddi addımlardan biridir. Müxtəlif ölkələrin qafqazşünas alimlərinin belə geniş əməkdaşlığı ümumi işimizə yalnız fayda verəcək.

Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzinin rəhbəri, akademik Gennadi Matişov bildirdi ki, Azərbaycan ilə Rusiya arasında yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün Rusiya bazarlarına daxil olarkən Azərbaycanın kənd təsərrüfatı məhsullarına rast gəlirik. Bu da onu göstərir ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir.

“Biz çalışmalıyıq ki, xalqlarımız arasındakı əlaqələr daha da möhkəmlənsin” deyən akademik Azərbaycanın çoxmillətli, multikultural ölkə olduğunu bildirib, Bakının gözəlliyinə, buradakı yaraşıqlı binalara heyran qaldığını diqqətə çatdırdı.

Bu gün forumda müzakirə ediləcək məsələlərin çox aktual olduğunu qeyd edən alim bildirib ki, birgə səylərlə problemlərin həlli yollarını tapmağa çalışmalıyıq. Tarixi mənbələr təhlil edilməlidir. Biz tarixin düzgün yazılmasına çalışmalıyıq. Əks halda, biz ümumi rəyə gələ bilməyəcəyik.

Türk Tarix Qurumunun sədri, professor Refik Turan xalqların yaşadıqları ərazilərin onların şüurlarına, davranışlarına təsir etdiyini bildirib. O, Qafqaz regionundakı xalqların da özünəməxsus xüsusiyyətlərə malik olduğunu qeyd edib. Vurğulayıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən biri böyük tarixə malik olması və müxtəlif vaxtlarda insanların buraya köçləridir.

Qafqaz regionunun zənginləşməsində türk xalqlarının önəmindən danışan türkiyəli professor türklərin müxtəlif vaxtlarda bölgədəki əhəmiyyətli rollarından söhbət açıb.

Refik Turan Qafqazın bu gün dünyada insan, enerji və coğrafiya amillərinə görə böyük potensialının olduğunu vurğuladı. O dedi ki, strateji coğrafiya bölgəmizin dünya dövlətləri üçün önəmini daha da artırır. Qafqaz həm də fərqli toplumların, mədəniyyətlərin zənginliyi ilə seçilir. Araşdırmalar göstərir ki, Qafqaz bölgəsi dünya nizamın formalaşmasındakı rolunu gələcəkdə də davam etdirmək iqtidarındadır. Çünki bu bölgə hər zaman dünya dövlətlərinin diqqət mərkəzindədir.

Qeyd edildi ki, Qafqaz regionunda olan enerji resursları da bölgənin əhəmiyyətini artırır. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri region ölkələri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlardandır.

Forumun yüksək səviyyədə təşkilinə görə AMEA-ya təşəkkürünü bildirən Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli dedi ki, region tarixçilərinin, xüsusən də qafqazşünasların bölgədəki vəziyyətin, qloballaşmanın öyrənilməsində rolları böyükdür. Qafqazşünaslar dövlətlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi yollarının araşdırılması istiqamətində xeyli işlər görüblər. Bu forum bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi möhkəmləndirmək baxımından böyük üstünlüklər verəcək.

Forumun əhəmiyyətini yüksək qiymətləndirən Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti akademik Şaxrudin Qapurov Azərbaycanda ilk dəfə olduğunu, Bakının gözəlliyinə, təmizliyinə heyran qaldığını bildirdi. O dedi ki, Bakı qədimliyini qorumaqla müasir bir şəhərə çevrilib. Burada qədim binalar müasir tikililərlə vəhdət təşkil edir.

Azərbaycan Milli Elmlər Akademiyasının dünyada elmi nailiyyətləri ilə şöhrət qazandığını vurğulayan Ş.Qapurov bu forumun alimləri elmi əməkdaşlığa cəlb etdiyini, əlaqələrin daha da genişlənməsi üçün imkanlar açdığını söylədi.

Rusiya-Azərbaycan əlaqələrinə toxunan qonaq qeyd edib ki, Rusiyada yaşayan azərbaycanlılarla çeçenlər arasında da çox yaxın münasibətlər mövcuddur.

Böyük Britaniya Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü, professor Mixail Basxanov Qafqazşünasların Birinci Beynəlxalq Forumunun unikal bir platforma olacağına əminliyini bildirdi. Qeyd etdi ki, Qafqaz bölgəsi öz mədəniyyəti, tarixi, geostrateji mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır. Əbəs deyil ki, Qafqazı hər zaman dünyanın mədəniyyət guşəsi adlandırıblar. Qafqaz tarixboyu özünün nadir keyfiyyətlərini dünyaya nümayiş etdirib. Bildirilib ki, Qafqaz həm də dünyanın strateji xəritəsində önəmli rola malikdir. Region dünyada balanslaşdırmanın qorunmasında əhəmiyyətli rol oynayır. Həmçinin bölgədə bir sıra problemlər var ki, bunlar da müxtəlif tarixi amillərlə bağlıdır. Forumun məqsədi məhz bu problemlərin öyrənilməsinə və birgə yolların axtarılmasına, Qafqaz xalqları arasında dialoqun daha yaxşı qurulmasına xidmət edir.

Koastal Karolina Universitetinin professoru Kristofer Qann bildirdi ki, Qafqaz böyük tarixə malik və dünyaya örnək olacaq bir regiondur. O, dünyada Qafqaz regionuna xüsusi diqqət yetirilməsinin vacibliyini bildirərək deyib: “Multikulturalizm nöqteyi-nəzərindən bu region dünyaya örnəkdir. Biz bu forumda Qafqaz regionundakı vəziyyəti nəzərdən keçirəcəyik. Əminəm ki, bu forumun nəticələri elmimizə, sülhə töhfələr verəcək”.

K.Qann bu forumda iştirak etməyin onun üçün şərəf olduğunu dedi. “Bu forum bizi ümumi işimizə töhfə vermək üçün daha da yaxınlaşdıracaq, regionda sülhün, sabitliyin yaranmasına xidmət edəcək”, - deyə o əlavə etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli bildirdi ki, böyük tarixə, zənginliklərə malik Qafqaz tarixboyu daha çox iqtisadi, siyasi və hərbi amillərə görə dünyanın maraq dairəsində olub. Regionumuz ağır hərbi əməliyyatlara şahidlik etmiş bir məkandır. AMEA-nın bu forumu keçirməkdə əsas məqsədi dünyanın diqqətini Qafqazdakı elmi münasibətlərə yönəltməkdir. Demək olar ki, dünyanın bütün qitələrində qafqazşünaslıq elmi ilə məşğul olurlar. Çünki Qafqaz qədim tarixə malikdir.

Qeyd edildi ki, Qafqaz həm də demoqrafiq cəhətdən unikal bir regiondur. Statistikaya görə, Qafqazda 70-ə yaxın müxtəlif xalq, millət, etnik qrup fəaliyyət göstərir. Müxtəlif dinlərin nümayəndələrinin yanaşı yaşaması baxımından da Qafqazın böyük təcrübəsi var. Qafqaz, həmçinin dinlərarası dialoqu öyrənmək üçün zəngin bir mənbədir. Burada müxtəlif xalqlar yaşadığı üçün regionumuzda zəngin mədəniyyət mövcuddur. Ona görə də çoxmillətli cəmiyyəti, multikultural dəyərləri öyrənmək baxımından da Qafqazın verdiyi imkanlar daha böyükdür. Qafqaz həm də böyük ədəbiyyatın ilham qaynaqlarından biridir.

İsa Həbibbəyli vurğuladı ki, müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin, multikulturalizmin bərqərar olması üçün ciddi addımlar atır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə araya-ərsəyə gətirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri iqtisadi əhəmiyyəti ilə yanaşı, Qafqaz xalqları arasında münasibətlərin formalaşmasına da mühüm töhfələr verməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi də bu düşünülmüş siyasətin daha da dərinləşməsinə xidmət edir.

Sonra AMEA-nın yubiley medallarının təqdim edilməsi mərasimi oldu.

Akademik Akif Əlizadə AMEA-nın yubiley medalını Türk Tarix Qurumunun sədri, professor Refik Turana, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin sədri, akademik Gennadi Matişova, Gürcüstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveliyə və Rusiya Federasiyası Çeçenistan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Şaxrudin Qapurova təqdim etdi.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Cənub Elm Mərkəzi arasında ikitərəfli elmi əməkdaşlığa dair niyyət memorandumu imzalandı.

Sənədi Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı və Cənub Elm Mərkəzinin sədri Gennadi Matişov imzaladılar.

Bundan başqa, AMEA-nın Qafqazşünaslıq İnstitutu ilə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutu arasında əməkdaşlığa dair niyyət memorandumu imzalandı.

Memorandumu Musa Qasımlı və Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək imzaladılar.

Daha sonra AMEA-nın “Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası”nın və AMEA Qafqazşünaslıq İnstitutunun nəşri olan “Soyqırımı həqiqətləri” kitabının təqdimatı oldu.

Nəşr haqqında məlumat verən akademik İsa Həbibbəyli bildirdi ki, qafqazşünas alimlərin əsas vəzifələrindən biri də Ermənistan tərəfindən uydurulan qondarma “soyqırımı”nın araşdırılmasıdır. Bu kitab dünyanın informasiya məkanında mövcud olan boşluğu, ermənilərin süni antiazərbaycan təbliğatını, heç bir reallığa əsaslanmayan iddialarını nəzərə alaraq nəşr edilib. Kitabda Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ-da, Rusiyada, Türkiyədə və digər dövlətlərdə yaşayan, obyektiv sənədlər əsasında əsərlər yazmış alimlərin məqalələri toplanılıb. Bu kitabın məqalələrində əsas mənbə kimi sənədlər, tarix, reallıqlar dayanır. Məqsəd ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımlarının, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır.

Qafqazın Geosiyasəti və Geotarixi Mərkəzinin prezidenti Quram Marxuliya, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək, AMEA-nın ictimai elmlər bölməsinin akademik-katibi Nərgiz Axundova, Taras Şevçenko adına Kiyev Milli Universitetinin dosenti Oleq Kupçik, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışdılar. Kitab Prezident İlham Əliyevin “hücum diplomatiyası” taktikasının alimlər qarşısında qoyduğu vəzifələrin yerinə yetirilməsinə AMEA-nın töhfəsi kimi qiymətləndirildi.

Forum işini bölmə iclasları ilə davam etdirdi.

AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının sədrliyi ilə keçirilən bölmə iclasında Qafqaz regionunda cərəyan edən proseslər, ermənilərin geosiyasi iddiaları və digər məsələlər barədə müzakirələr aparılıb.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Qafqazda həlli yolu tapılmayan münaqişələrdən bəhs edib. Bildirilib ki, region üçün prioritet məsələ bu münaqişələrin sülh yolu ilə həllidir. Ermənistan-Azərbaycan münaqişəsi təkcə azərbaycanlıların ağrısı deyil, bu, həm də bütün Qafqazın problemidir.

Böyük Britaniya Mərkəzi Asiya və Şərq Kral Cəmiyyətinin həqiqi üzvü, professor Mixail Basxanov, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin Tarix İnstitutunun direktoru Kamal Çiçək, Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Beynəlxalq Mərkəzinin prezidenti Quram Marxuliya, ABŞ-ın Koastal Karolina Universitetinin professoru Kristofer Qann tarixi sənədlərə əsaslanaraq ermənilərin təcavüzkar siyasətindən danışıb, bölgənin hərtərəfli tərəqqisi üçün bu təcavüzə lazımi münasibət göstərməyin vacibliyini vurğulayıblar.

Forumun ikinci bölməsində Azərbaycan iqtisadiyyatında köklü islahatların aparılması, ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemindəki rolu ətrafında müzakirələr aparılıb. Milli iqtisadiyyatın inkişafı ilə bağlı təkliflər səsləndirilib. Bildirilib ki, Azərbaycan Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” sərəncamına əsasən ölkə iqtisadiyyatının 2020-ci ilədək iqtisadi inkişaf strategiyasının və tədbirlər planının, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışın və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışın hazırlanması barədə müvafiq tapşırıqlar verilib. Bu tapşırıqlara əsasən 8 əsas və 3 yardımçı olmaqla 11 sektor üzrə Strateji Yol Xəritəsi hazırlanıb.

Daha sonra “Çoxtərəfli əməkdaşlıq prizmasından Türkiyənin Cənubi Qafqaz siyasəti”, “Polşanın Cənubi Qafqaz siyasəti”, “Rumıniyanın Cənubi Qafqaz strategiyasında əsas prioritetlər” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, professor Hikmət Məmmədovun sədrliyi ilə keçirilən bölmədə isə erməni yalanlarından, azərbaycanlılara qarşı törədilən soyqırımlarından bəhs olunub.

Qafqazşünasların Birinci Beynəlxalq Forumunun əhəmiyyətindən danışan H.Məmmədov Qafqazın geostrateji baxımdan hər zaman dünyanın diqqət mərkəzində olduğunu söyləyib: “Hazırda dünyada beynəlxalq münasibətlərdə çox ciddi hadisələr baş verir. Bu hadisələr təkcə bizim regionun deyil, dünyanın gələcəyini müəyyən edəcək. Ona görə də hər bir xalq öz siyasi taleyinə sahib çıxmalı, xalqının milli siyasi iradəsini təmsil edərək gələcəkdə beynəlxalq münasibətlər sistemini milli aktor kimi bəzəməlidir. Biz keçmişimizi öyrənməliyik ki, gələcəyimizi düzgün müəyyən edək”.

İclasda “Erməni yalanlarının azərbaycanlıların soyqırımı ilə yekunlaşan nəticələri”, “Türküstan və Azərbaycan tarixində daşnak terrorizmi”, “Ermənilərin 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törətdiyi soyqırımı”, “Xocalı soyqırımı dünya mətbuatında”, “Xocalı soyqırımı Böyük Britaniya mətbuatında” və digər mövzularda məruzələr dinlənilib.

Professor Şirxan Səlimovun sədrliyi ilə keçən dördüncü bölmədə XIX əsrin sonları və XX əsrin əvvəllərində Qafqazdakı mövcud gərgin siyasi şəraitdən bəhs edilib. İclasda “Çar hökuməti və Qafqaz cəbhəsi qaçqınları (1914-1917, fevral)”, “İngiltərənin Qafqaz siyasətində “erməni məsələsi”nin yeri (1917-1920. Böyük Britaniya arxiv materialları əsasında)”, “Ermənistan-Azərbaycan münaqişəsində Zəngəzur məsələsi (1918-1929-cu illər)” və digər mövzularda məruzələr dinlənilib. Çıxışlarda bu dövrdəki gərgin siyasi şəraitlə bağlı fikirlər səsləndirilib.

Professor Yevgeni Krinkonun sədrliyi ilə keçirilən beşinci bölmədə “Ukrayna, Azərbaycan və Qafqaz Avropa enerji daşıyıcıları ticarətində”, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Rusiya-Azərbaycan əməkdaşlığına nümunə kimi”, “Şərq tərəfdaşlığı” proqramı və Cənubi Qafqaz ölkələri: problemlər və zəmanəmizin çağırışları” və digər mövzularda məruzələr dinlənilib. Çıxışlarda region ölkələrinin əməkdaşlığından, o cümlədən Azərbaycan-Rusiya münasibətlərindən, ölkəmizin regionun inkişafındakı rolundan, əldə etdiyi iqtisadi nailiyyətlərdən bəhs olunub.

İclasın altıncı bölməsində erməni terrorundan, Cənubi Qafqazdakı mövcud geosiyasi vəziyyətdən, Qafqaz regionundakı enerji mənbələrinin əhəmiyyətindən söhbət açılıb.

Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov “Azərbaycan Respublikası Ermənistanın dövlət terrorizmi siyasətinin hədəfində: səbəblər, motivlər, nəticələr”, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov “Cənubi Qafqazda mövcud geostrateji vəziyyət müasir beynəlxalq siyasi proseslər kontekstində” mövzularında çıxış ediblər. Çıxışlarda Ermənistanın dövlət terrorizmi siyasətindən danışılıb. Bu ölkənin xarici havadarlarının köməyi ilə xalqımıza qarşı mütəşəkkil formada soyqırımı siyasəti həyata keçirdiyi bildirilib. Digər xalqların torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış edən, işğalçılıq siyasəti həyata keçirən Ermənistan bütün Qafqaz regionu üçün son dərəcə təhlükəli dövlət kimi dəyərləndirilib.

Bu bölmədə, həmçinin “Dağlıq Qarabağ məsələsi Cənubi Qafqazın təhlükəsizlik problemi kimi”, “Ermənistanın Azərbaycana təcavüzü, I Qarabağ müharibəsi”, “Türkdilli dövlətlərin inteqrasiyasında Qafqazın geosiyasi rolu və əhəmiyyəti” və digər mövzularda çıxışlar dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədovun sədrliyi ilə davam edən bölmə iclasında isə Şimali Qafqazdakı etnik münaqişələr, Cənubi Qafqazın geostrategiyası, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə müzakirələr aparılıb.

Elçin Əhmədov bildirib ki, forum Qafqazda mövcud münaqişələrin həlli istiqamətində azərbaycanlı və xarici alimlərin səmərəli müzakirələr aparmaları baxımından önəmlidir. Bu cür tədbirlərdə alimlər arasında aparılan fikir mübadiləsi münaqişələrin həlli yollarının aşkarlanmasına töhfə verə bilər. Geosiyasi baxımdan həssas region olan Qafqazla bağla nəşrlərin çapdan çıxması da əhəmiyyətlidir.

İclasda digər çıxış edənlər mövzunun aktuallığını nəzərə alaraq bu kimi tədbirlərin Qafqaz regionuna sülh və inkişaf bəxş edəcəyinə ümidvar olduqlarını bildiriblər.

Forumun səkkizinci bölməsində “Qlobal və regional aktorların Cənubi Qafqazda maraqları”, “Region dövlətlərinin Cənubi Qafqaz siyasəti” və digər mövzularda çıxışlar dinlənilib. Çıxışlarda region dövlətlərinin əməkdaşlığından, onlar arasında baş verən qarşıdurmalardan, Türkiyə-Rusiya, Türkiyə-İran münasibətlərindən bəhs edilib.

Forum işini aprelin 18-də başa çatdıracaq.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında