Neft və qaz sahəsində təhsil üzrə Rusiya-Azərbaycan əməkdaşlığından danışılıb

İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetində “Neft-qaz sahəsində təhsil, elm və sənaye üzrə Rusiya-Azərbaycan əməkdaşlığının ənənələri. Tarix və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilib.

Böyük sovet dövlət xadimi, əslən bakılı Nikolay Baybakovun ad gününə həsr edilmiş konfransın təşkilatçıları Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) və İ.M.Qubkin adına Neft və Qaz Universitetidir.

Elmi konfransda ÜAK-ın üzvləri, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndələri, Rusiya ilə Azərbaycanın görkəmli alimləri, ictimai və siyasi xadimləri, Moskva ali məktəblərinin tələbələri iştirak ediblər.

Tədbirdə Rusiya Dövlət Duması, Moskva Hökuməti, Rusiya Elmlər Akademiyası (REA), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rusiya Təbiət Elmləri Akademiyası (RTEA) və Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqı (RNQSİ) adından konfrans iştirakçılarına təbrik məktubları oxunub.

Əvvəlcə “Neft sənayesinin böyük adları” videomaterialı nümayiş etdirilib.

İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru, professor Viktor Martınov bildirib ki, Bakı neft və qaz sənayesinin tarixi vətənidir. İlk quyular, ilk boru kəməri, ilk neft anbarları – bütün bunlar məhz Bakıda olub. Belə güclü başlanğıc neft-qaz sənayesinin inkişafının möhkəm təməlini qoyub. V.Martınov Rusiya ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlığın uğurlu olduğunu qeyd edib.

ÜAK-ın prezidenti, professor Fazil Qurbanov konfrans iştirakçılarına təbrik sözü ilə müraciət edərək, tədbirin işinə maraq göstərdiklərinə və burada iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirib. O, elm-təhsil sahəsinin Rusiya ilə Azərbaycanı birləşdirən başlıca körpü olduğunu diqqətə çatdıraraq deyib: “Rusiya ilə Azərbaycanın elm və maarif sahəsində əməkdaşlığının çoxəsrlik tarixi var. Rus mədəni birliyinin təsiri sayəsində artıq XIX əsrdə Azərbaycanda dramaturgiya, teatr və opera sənəti, klassik musiqi intensiv inkişaf etməyə başlayıb. Bir faktı qeyd etmək istəyirəm: Rusiya İmperiyası dağılandan sonra müxtəlif dövlətlər yaranıb. 1918-ci ildə xəritədə müsəlman Şərqində ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti yaranıb. Bu dövlətin əksəriyyəti Qərb təhsili almış qurucuları 1919-cu ildə Bakı Universitetini yaradanda Rusiyadan alimlər dəvət ediblər”.

Professor F.Qurbanovun sözlərinə görə, sovet hakimiyyətinin ilk illərində elm və təhsilə, demək olar, bütün istiqamətlərdə güclü dəstək göstərilməsi savadsızlığı çox qısa müddətdə ləğv etməyə, bir çox ixtisaslar üzrə milli kadrlar hazırlamağa imkan verdi. O deyib:  “Böyük işlər görüldü. Nəticədə Azərbaycanın milli kadrlarla zənginləşdirilmiş təhsil mərkəzləri ayrı-ayrı istiqamətlərdə bütün Sovet İttifaqı üçün kadrların ocağına çevrildi”.

RNQSİ-nin prezidenti Gennadi Şmal “Neft sənayesinin inkişaf mərhələləri. N.K.Baybakovun dövrü” mövzusunda məruzə ilə çıxış edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev Azərbaycan alimlərinin Rusiya elminə töhfəsindən danışıb.

Konfrans iştirakçıları REA-nın Neft və Qaz Problemləri İnstitutunun elmi rəhbəri, akademik Anatoli Dmitriyevskinin “Dünya neft sənayesinin inkişafında Rusiya ilə Azərbaycan elmi birliyinin rolu”, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının “Dünyanın neft kadrları ocağı”, İ.M.Qubkin adına Universitetin kafedra müdiri, professor Vaqif Kərimovun “Neft-qaz axtarışı və kəşfiyyatının nəzəri əsasları” mövzularında məruzələrini dinləyiblər.

Konfrans çərçivəsində ÜAK-ın prezidenti, professor Fazil Qurbanovun və İ.M.Qubkin adına Neft və Qaz Universitetinin rektoru Viktor Martınovun Rusiya Təbiət Elmləri Akademiyasının “Akademik Azad Mirzəcanzadə beynəlxalq gümüş medalı” ilə mükafatlandırılması mərasimi keçirilib. Medalları RTEA-nın vitse-prezidenti Əzizağa Şahverdiyev təqdim edib.

AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev ÜAK-ın prezidenti Fazil Qurbanova “Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyi” yubiley medalını təqdim edib.

Tədbirdə İ.M.Qubkin adına Neft və Qaz Universitetinin tələbələrinin, konfrans iştirakçılarının məruzələri  dinlənilib.

Fəridə Abdullayeva, 
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında