Abadlıq-quruculuq işləri Binəqədi rayonunun simasını dəyişir

Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, dahi rəhbərin zəngin irsinin layiqli davamçısı Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən daxili və xarici siyasəti respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunacaq ölkəyə çevrilməsinə imkan yaradıb.

Müstəqil Azərbaycanın bölgədə və dünyada layiqli yerini tutması, regional liderliyini təmin etməsi, iqtisadi sahədə keçid dövrünü uğurla başa vurması da məhz dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilən uzaqgörən siyasətin nəticəsidir.

Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Binəqədinin  simasında da aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşdırılan irimiqyaslı layihələr Binəqədinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir. Təbii ki, abadlıq-quruculuq işləri sakinlər tərəfindən də böyük rəğbətlə qarşılanır. İnsanlar anlayırlar ki, görülən işlər, ilk növbədə, məhz onların rahatlığı, maddi-mənəvi rifahının daha da yaxşılaşdırılması üçündür.

Rayonda sosial-iqtisadi və abadlıq-quruculuq sahəsində son illər ərzində bir sıra nailiyyətlər əldə olunub, qəbul edilən dövlət proqramlarının icrası ilə bağlı xeyli iş görülüb. Həmin tədbirlər nəticəsində vətəndaşların həm kommunal sahədə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz müsbət həllini tapıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşdırılan sosial layihələr çərçivəsində mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları istifadəyə verilib, binaların qarşısında sakinlərin istirahəti üçün oturacaqlar quraşdırılıb, küçə və məhəllədaxili yollara asfalt örtüyü döşənib. Məhəllədaxili parklarda infrastrukturun yenilənməsi məqsədilə fəvvarə və fontanlar təmir edilib, avadanlıq və ehtiyat hissələri dəyişdirilib.

Bütün bunlar barədə Binəqədi rayonunda ötən ilin yekunlarına həsr olunan hesabat yığıncağında ətraflı danışılıb. Rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov 2016-cı ildə təkcə rayon mərkəzində deyil, digər yerlərdə – Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən, Sulutəpə və 28 May qəsəbələrində də genişmiqyaslı abadlıq işlərinin görülməsini, xeyli sayda park və xiyaban salınmasını diqqətə çatdırıb. Bildirib ki, “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Binəqədi rayonunda görülən işlər uğurlu nəticəsini verməkdədir.

Getdikcə paytaxtın ən inkişaf etmiş yaşayış sahəsinə çevrilən rayonda sakinlərlə icra hakimiyyətinin sıx təmasda olması, mütəmadi qaydada təşkil edilən səyyar görüşlər mövcud problemlərin uğurlu həllinə rəvac verir.

Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində qəsəbələrarası və məhəllədaxili yollarda, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb, bu istiqamətdə işlər bu gün də davam etdirilməkdədir. Rayonda ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların firavan yaşayışı üçün zəruri infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmətlərin göstərilməsinə nail olunub.

Aparılan ardıcıl quruculuq işlərinin nəticəsidir ki, bu gün rayonun ən böyük prospekti hesab olunan Azadlıq prospektinin yenidən qurulması və yolun genişləndirilməsi işləri həyata keçirilib. Yenidənqurma və yolun genişləndirilməsi zamanı 4030 metr mərmər səki daşları düzülüb, əraziyə 45200 kvadratmetr yeni asfalt örtüyü salınıb. Azadlıq və Ziya Bünyadov prospektləri boyunca yerləşən çoxmənzilli yaşayış binalarının əksəriyyəti tamamilə yeni görkəm alıb. Rayon ərazisində görülən abadlıq-quruculuq işlərinin davamı olaraq,  Azadlıq prospektində yaşıllıq zolaqları salınıb, gül və dekorativ kollar əkilib, milli ornamentlərə uyğun mənzərələr yaradılıb, işıqlandırma sistemi yenidən qurulub. Ərazidə yerləşən binaların qarşısında istirahət guşələri, uşaqlar üçün oyun- əyləncə qurğuları quraşdırılıb. Sakinlərin məmnunluğunun, rahatlığının təmin edilməsi məqsədilə “Abad məhəllə” çərçivəsində yenidənqurma işləri həyata keçirilib.

Ötən il ərzində əldə edilən sosial-iqtisadi uğurlardan danışan X.İsgəndərov daha sonra xatırladıb ki, hesabat dövründə sənaye sahəsində 210 milyon 420 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Sənaye müəssisələrində 6567 nəfər işləyib, bu sektorda çalışanların orta aylıq əmək haqqı  458,5 manat olub.  Tikinti sahəsində bütün maliyyə mənbələri hesabına 29 milyon 972 min manatlıq əsas fondlar istifadəyə verilib.

İl ərzində rayonun iqtisadi və sosial sahələrinin inkişafına  maliyyə mənbələrindən 57 milyon 898 min manat məbləğində investisiya yönəldilib ki, onun da  52 milyon 469 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 205 milyon 907 min manat olub. Tikintidə işçilərin orta siyahı sayı 3404 nəfərə çatıb. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı isə 406,8 manat təşkil edib.  

Hesabat dövründə yaşayış binalarının zirzəmilərində 1456 metr kanalizasiya, 1184 metr su xətti cari təmir edilib. Eyni zamanda,  285 çoxmənzilli binanın zirzəmilərində təmizlik və dezinfeksiya işləri aparılıb. S.S.Axundov küçəsi, 1v saylı və S.S.Axundov küçəsi, 4 saylı yaşayış binalarının yaxınlığında ümümilikdə 1505 kvadratmetr asfaltlanıb. Bununla yanaşı, Azadlıq prospektində 45200 kvadratmetr, rayon ərazisində məhəllədaxili yollarda 28120 kvadratmetr, Binəqədi qəsəbəsində 78000 kvadratmetr, M.Ə.Rəsulzadə qəsəbəsində 2400 kvadratmetr, Biləcəri qəsəbəsində 20896 kvadratmetr asfalt örtüyü salınmışdır. Ümumilikdə hesabat dövründə rayonda 176121 kvadratmetr sahə asfaltlanıb.   

Mənzil fondunun yaxşılaşdırılması məqsədilə binalarda tüstü və baca kanalları tutulmuş mənzillərin siyahıları dəqiqləşdirilərək, müvafiq işlərin həyata keçirilməsi istiqamətində 15210 mənzilin tüstü və ventelyasiya kanallarına baxış keçirilib, 2355 mənzildə tutulmuş tüstü kanalları təmizlənib.  

Ötən dövr ərzində 827 ədəd liftin işlək vəziyyətdə saxlanılması təmin edilib və 62 lift cari təmir olunub. Ümumilikdə son 3 il ərzində 138 yeni lift quraşdırılıb, 208 lift əsaslı, 260 lift isə cari təmir edilib. Mövsüm ərzində liftlərin fasiləsiz işləməsi üçün lift maşın şöbələrinin üzərinə sakinlər tərəfindən qanunsuz yerləşdirilmiş 121 ədəd su çəni götürülüb,   32 ədəd su çəni isə sistemdən ayrılıb.  

Hesabat dövrü ərzində məişət tullantıları konteynerləri  təmir olunaraq bərpa edilib. Bərk məişət tullantılarının müvəqqəti toplanması üçün yaşayış massivlərində 565 konteyneraltı meydança və 2249 ədəd konteynerdən istifadə olunub. Tullantılar ümumilikdə 82 ədəd xüsusi təyinatlı maşın və mexanizmlərdən istifadə olunmaqla daşınıb.   

X.İsgəndərov sonda diqqətə çatdırıb ki, tərəqqi və inkişafa təkan verən dövlət proqramlarının çevik, mütərəqqi idarəçilik üslubunda ardıcıl və sistemli şəkildə reallaşdırılması nəticəsində Binəqədi rayonunda tikinti-quruculuq, abadlıq işləri daha ünvanlı, konkret, məqsədyönlü xarakter alıb. Dövlət başçısının davamlı diqqət və qayğısı nəticəsində daxili resurslar tam səfərbər edilib, çevik, müasir tələblərə cavab verən innovativ idarəetmə sistemi formalaşdırılıb, illərdən bəri yığılıb qalan problemlərin aradan qaldırılmasına xidmət edən mühüm layihələr həyata keçirilib. Xüsusilə qeyd etmək lazımdır ki, ­Prezident İlham Əliyevin bu layihələrin reallaşdırılmasına yaxından dəstək göstərməsi qısa müddətdə görülən işlərin səmərəli nəticələr verməsinə, hər bir rayon sakininin həyatında daha qabarıq hiss olunmasına imkan yaradıb.

Hesabat yığıncağında Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Milli Məclisin deputatı Kəmaləddin Qafarov və başqaları çıxış etmişlər.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında