Cocuq Mərcanlıda həyata keçirilən bərpa işləri İspaniya və Kolumbiya mətbuatının diqqətində

Azərbaycanda akkreditə olunmuş xarici KİV nümayəndələrinin Xarici İşlər Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Cocuq Mərcanlı kəndinə təşkil olunan səfərindən sonra İspaniyanın EFE agentliyi “Qarabağ cəbhəsində bir kəndə həyat qayıdır” adlı məqalə hazırlayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məqalə İspaniyanın “Lavanguardia”, “ElConfidencial”, Kolumbiyanın “Wradio” və digər çoxsaylı ispandilli mətbuat orqanlarında dərc olunub.

Məqalədə deyilir ki, iyirmi ildən çoxdur cəbhə bölgəsində ailəsi ilə birgə yaşayan Azərbaycan kəndlisi Oqtay Həziyev doğma kəndində bərpa işləri başlandıqdan sonra həmvətənlərinin qayıdışını səbirsizliklə gözləyir. “Əsgərlərimiz kəndi erməni işğalçılarından azad edən kimi geri qayıdıb evimizi yenidən tikmişdik. Həmin vaxtdan etibarən artıq iyirmi ildən çoxdur ki, burada tək yaşayırıq”, – deyə 49 yaşlı O.Həziyev bildirib.

Yazıda qeyd edilir ki, erməni işğalından sonra xarabalığa çevrilmiş Cocuq Mərcanlı kəndi 1994-cü ildə Azərbaycan Ordusu tərəfindən azad ediləndə vaxtilə orada yaşayan 280-dən çox ailədən yalnız Həziyevlər ailəsi kəndə qayıdıb. Digər sakinlərin narahatlığı isə kifayət qədər əsaslı idi. Belə ki, onlar Cocuq Mərcanlıdan çıxandan sonra erməni hərbi qüvvələri yaxınlıqdakı Lələtəpə yüksəkliyində möhkəmlənmişdilər. Ötən ilin aprel ayında isə ermənilər oradan çıxarılıblar. Bu ayın əvvəlində başlanmış və kəndin yenidən canlanmasına şərait yaradan minadan təmizləmə işlərinə görə ümidləri artan kənd sakini indi vəziyyətin daha sakit olduğunu qeyd edib. Həziyevlər ailəsinin köhnə qonşularından bəziləri işlərin gedişinə baxmaq üçün artıq Cocuq Mərcanlıya gəlməyə başlayıblar. 

“İmkan yaranan kimi qayıdacağıq. Bizim evimiz tamamilə dağılmışdı”, - deyə müharibə nəticəsində məcburi köçkün düşmüş və hazırda qonşu Füzuli şəhərində yaşayan Məhəmməd Mirzəliyev EFE-yə bildirib. Füzulidə dünyaya gəlmiş 14 yaşlı oğlu Azadxan da onunla birlikdə kəndə gəlib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) bildirdiyinə görə, Cocuq Mərcanlıda aparılan işlərin birinci mərhələsi 100 min kvadratmetr ərazinin minalardan təmizlənməsini və orada 50 evin inşasını nəzərdə tutur. ANAMA-nın mütəxəssisləri artıq əkin sahələri də daxil olmaqla 3 kvadratkilometrlik ərazinin minalardan təmizlənməsi üçün plan hazırlayıblar.

“Cocuq Mərcanlının bərpası layihəsi məcburi köçkünlərin doğma yurdlarına qayıdışı prosesində bir pilot layihə olacaq”, - deyə Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev EFE-yə bildirib. Onun sözlərinə görə, bu təşəbbüs bir sıra beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu günə qədər həyata keçirilmiş dövlət proqramları sayəsində 95 qəsəbə salınıb. Hazırda erməni işğalı altında olan ərazilərdən və qoşunların təmas xəttinə yaxın ərazilərdən didərgin düşmüş 250 min qaçqın və məcburi köçkün evlə təmin edilib.

Komitənin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, Cocuq Mərcanlının bərpası Böyük Qayıdış konsepsiyasına şübhə ilə yanaşanlara ən tutarlı cavabdır.

O deyib: “Bəzi beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərin uzun illərdən və dövlətin onlara göstərdiyi qayğıdan sonra doğma torpaqlarına qayıdacaqlarına şübhə ilə yanaşırdılar. Lakin artıq 200-dən çox ailə Cocuq Mərcanlıya qayıtmaq üçün ölkə rəhbərliyinə müraciət edib”.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında