Müstəqil Azərbaycan dövlətinin milli inkişaf strategiyası barədə tədqiqat

Bugünlərdə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin formalaşdırdığı milli inkişaf strategiyasının mahiyyətini və məramını açıqlayan, ulu öndərin ideya və əməllərinin sadiq davamçısı Prezident İlham Əliyevin dünyada “Azərbaycan modeli” kimi tanınan bu konseptual nəzəriyyənin müddəalarını uğurla gerçəkləşdirməsindən bəhs edən daha bir nəşr oxuculara təqdim olunmuşdur.

Ulu öndər Heydər Əliyevin zəngin siyasi-nəzəri irsinin çağdaş oxuculara çatdırılması ilə bağlı səmərəli araşdırmalarını davam etdirən politoloq və iqtisadçı-ekspert Məhərrəm Məmmədov bundan əvvəl “Elm” nəşriyyatında Azərbaycan dilində nəşr olunmuş “III Respublika: milli inkişafın model və strategiyası” kitabına xarici oxucuların marağını nəzərə alaraq onun rus dilində variantını hazırlayıb nəfis şəkildə çap etdirmişdir. Yeni nəşrdə ulu öndərin dünya miqyasında maraq doğuran və yüksək dəyərləndirilən milli inkişaf modelinin praktik uğurlarının son mənzərəsi də əksini tapmışdır.

Xatırladaq ki, bu dəyərli əsərin yüksək elmi-nəzəri mənbə kimi ərsəyə gəlməsində elmi redaktorlar – mərhum professor, Əməkdar elm xadimi Seyfəddin Qəndilov və Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, filologiya üzrə fəlsəfə doktoru Novruz Məmmədov üzərlərinə düşən yükü və məsuliyyəti yüksək peşəkarlıqla yerinə yetirmişlər. Milli Məclisin deputatları Aydın Mirzəzadə və Musa Quliyev də elmi məsləhətçi və rəyçi kimi müəllifə faydalı köməklərini göstərmişlər. Kitab-albomun buraxılışına məsul olan Prezident Administrasiyasının bölmə müdiri  Qafar Əliyev və tarix üzrə fəlsəfə doktoru Lətifə Əliyeva da nəşrin ən yüksək səviyyədə işıq üzü görməsini təmin etmişlər. Əsər rus dilinə “Bakinski raboçi” qəzetində Rəhim Babayev tərəfindən tərcümə olunmuşdur.

Ölkəmizin milli inkişaf strategiyası barədə aktual tədqiqatına ulu öndər Heydər Əliyevin “Bu gün Azərbaycan müstəqil dövlət kimi yaşayır və inkişaf edir” və Prezident İlham Əliyevin “Azərbaycan siyasi və iqtisadi baxımdan güclü ölkə olmalıdır” deyimlərini epiqraf seçmiş müəllif tarixə Şərqdə ilk demokratik dövlət kimi daxil olmuş AXC-nin dirçəltdiyi çoxəsrlik dövlətçilik ənənəsinin yeni şəraitdə davam etdirilməsi və zənginləşdirilməsi ilə bağlı ümummilli liderin işləyib hazırladığı milli inkişaf modelinin qarşıya qoyduğu  təxirəsalınmaz vəzifələrin və dövlət başçısının son 14 ildə nail olduğu möhtəşəm qələbələrin geniş mənzərəsini elmi dövriyyəyə gətirmiş və sistemləşdirmişdir.

Giriş sözündə Məhərrəm Məmmədov  mürəkkəb tarixi şəraitdə milli inkişaf kimi taleyüklü məsələdə nəinki yerli özünəməxsusluğun nəzərə alınması, hətta orijinal bir modelin yaradılmasında ümummilli lider Heydər Əliyevin misilsiz rolunun onun öz xalqının maraqlarına dərindən bağlı olan həqiqi milli lider, qlobal miqyasda düşünməyi bacaran fenomenal siyasətçi  olmasından qaynaqlandığını söyləyir. Müəllif dünyada analoqu olmayan belə bir mükəmməl strategiyanın düzgünlüyünün həyatda ardıcıl təsdiqini tapmasını isə Prezident İlham Əliyevin ulu öndərin irsinə və idarəetmə məktəbinə mükəmməl yiyələnməsi ilə əlaqələndirir.

Politoloq və iqtisadçı-ekspert irəli sürdüyü bu iki tezisini kitabın sonrakı bölmələrində Azərbaycanın çağdaş milli inkişafının əsas tendensiya və nəticələrindən alınmış arqumentlərlə sübuta yetirir. “Tərəqiyə doğru inkişaf: tarixi düşüncənin təcrübəsi” adlı birinci fəsildə müəllif müstəqil dövlətin milli inkişaf modelinin hazırlanmasında Azərbaycan dövlətçilik yaddaşının çar Rusiyası və sovet imperiyası dövründə yaşadılması və dirçəldilməsi təcrübəsinin lazımi səviyyədə nəzərə alındığı qənaətinə gəlir.

“Azərbaycan özünəməxsusluğunun saxlanması problemi” başlıqlı ikinci fəsildə ulu öndərin yaratdığı milli inkişaf modelində bu amilin də tam nəzərə alındığı sübuta yetirilir. “İqtisadi tərəqqi və islahat strategiyası” adlı sonuncu fəsildə isə  ümummilli liderin öz modelini quruculuq müstəvisinə çıxarmaq üçün işləyib hazırladığı radikal islahatlar və sistemli icra proqramlarının mahiyyəti açıqlanır, irəli sürülən mülahizələr sonrakı dövrün uğurlu göstəriciləri ilə isbata yetirilir.

Yekunda Məhərrəm Məmmədov ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının əsas parametrləri və yönləri barədə qənaətlərini ümumiləşdirir, bu modelin Azərbaycanın dövlət müstəqilliyinin nəzəri təminatı olduğunu bildirir,  ölkəmizi hərtərəfli inkişaf və əhatəli yeniləşmə yolu ilə irəli apardığını təsdiq edir.

Kitabda müəllifin elmi-nəzəri açıqlamaları milli inkişaf strategiyasının uğurla gerçəkləşdirilməsi prosesinin illüstrativ görüntüləri kimi yaxın tariximizə daxil olmuş fotolarla müşayiət olunmuşdur.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında